Mark Tven . Tom Soyyerin Macəraları. I fəsil

- Tom! Cavab gəlmir.
- Tom!
Cavab eşidılmır.
- Çox qəribədir, görəsən bu uşaq harada itib-batıb!.. Tom!
Cavab gəlmir.


Polli xala eynəyini burnunun ucuna endirdi və onun üstündən bütün otağı gözdən keçirtdi; sonra eynəyi alnına qaldırdı, onun altından otağı gözdən keçirtdi. O, uşaq kimi xırda bir şey axtardıqda çox nadir hallarda eynəkdən baxardı, demək olar ki, heç baxmazdı; bu eynək onun bəzəyi və fəxri idi. Onu zəruriyyətdən deyil, yarışıq üçün almışdı, gözünə taxanda heç bir şeyi görə bilmirdi. O, bir dəqiqəliyə özünü itirdi, sonra yavaşcadan - elə yavaşcadan ki, yalnız otağın mebeli onun səsini eşidə bilərdi - dedi;
- Bir dayan, əlbət əlimə keçərsən!..


Sözünü qurtarmamış əyildi, döşəmə şotkası ilə çarpayının altını axtarmağa başladi. Şotkanı hər dəfə çarpayının altına uzatdıqdan sonra dayanıb nəfəsini dərirdi. Orada pişikdən başqa heç bir şey çıxara bilmədi.
- Belə də uşaq olar! Ömrümdə belə nadinc görməmişəm!


O, taybatay açılmış qapıya yanaşaraq kandarda dayandı və öz bostanını - alaq basmış pomidor ləklərini gözdən keçirtdi. Tom orada da görünmürdü. Onda Polli xala uzaqlarda eşidilsin deyə mümkün qədər səsini qaldıraraq qışqırdı:
- To-o-om, haradasan?


Onun arxa tərəfində yüngül bir xışıltı eşidildi, dönüb baxdı, qapıdan çıxıb əkilmək istəyən uşağın lap elə vaxtındaca aşırmasından yapışdı.


- Belədir ki, var! Anbara baxmaq heç ağlıma gəlməyib. De görüm, sən orada nə edirdin?
- Heç bir şey.
- Heç bir şey? Bir əllərinə, ağzına baxsana. Bu nədir belə?
- Bilmirəm, xala.
- Amma mən bilirəm. Bu mürəbbədir, bildinmi, mürəbbədir. Yüz dəfə sənə demişəm ki, mürəbbəyə əl vurma, döyüb öldüirərəm. O çubuğu ver mənə.
 

Çubuq yuxarı qalxdı, deyəsən bu müsibətdən yaxa qurtarmaq mümkün olmayacaqdı.
- Xala, bir ora baxın, o arxa tərəfinizdəki nədir?


Xala özünü təhlükədən qorumaq üçün tumanının balağını yığışdıraraq geri döndü. Uşaq isə bir anda uca hasarı aşıb gözdən itirdi.
Polli xala ilk dəqiqədə özünü itirdi, sonra mülayimcəsinə qaqqanaq çəkib güldü:
- Di, bacar görüm onunla, necə bacarırsan! Mən də ki, bircə ağıllanmıram da... Məgər o, başıma az kələk açıb! Mənim yerimə ayrı adam olsaydı, indi ağıllanmışdı. Qocanın axmağı ələ düşməz! Yaxşı deyiblər ki. "qoca köpəyə təzə oyun öyrətmək olmaz". Aman yarəb, axı o hər gün təzə bir kələk düzəldir, mən bunları haradan başa düşə bilərəm! Elə bil ki, məni nə qədər təngə gətirməyi də bilir. Bilir ki, bircə anlığa məni güldürsə və ya diqqətimi yayındırsa qollarım boşalacaq, daha ona bircə kötək də ilişdirə bilməyəcəyəm. Təqsirimi niyə gizlədim! Mən öz borcumu yerinə yetirə bilmirəm. Axı müqəddəs kitablarda yazılıbdır ki, uşağa rəhmi gələn adam onu məhv edir. Bundan heç bir şey çıxmayacaqdır, nahaq yerə günaha batıram. Onun qəlbinə cin-şeytan girib, mən
bunu bilirəm, ancaq nə edə bilərəm, tifil rəhmətlik bacımın balasıdır, ona əl qaldırmağa ürəyim gəlmir! Elədiyi işlərə göz yumuram, vicdanım mənə əzab verir, cəzalandırıram, ürəyim davam gətirmir. Daha nə etrnək olar, müqəddəs kıtablarda da yazılıbdır ki, insanın dərdi çox, ömrü isə qısa olur; məncə elə belə də var. Bu gün tənbəllik edib məktəbə getmir, gərək sabah onu yaxşıca cəzalandıram, bir iş tapşıram ki, evdən bayıra çıxa bilməsin. Bütün uşaqlar bayram etdiyi bir vaxtda onu işləməyə məcbur etmək insafdan deyil, onunçün işləmək hər şeydən ağırdır, ancaq nə edim, mən gərək öz vəzifəmi yerinə yetirəm, yoxsa uşağı bədbəxt edərəm.


Tom məktəbə getmədi, öz vaxtını çox gözəl keçirdi. Axşam yeməyinə qədər, sabah üçün odun mişarlamaq və gözlük qamqalaq qayırmaqda zənci uşaq Cimə kömək etmək üçün ancaq evə qayıda bildi. Hər halda Cim öz işlərinin dörddə üç hissəsini görüb qurtarana qədər Toa macal tapıb sərgüzoştlərini ona nağıl edə bildi. Tomun kiçik, ögey qardaşı Sid, ona tapşırılan işin hamısını görüb qurtarmışdı (o, qamqalağı, odun talaşalarını yığıb evə daşıyırdı). Sid sözəbaxan və dəcəlliklə işi olmayan dinc bir uşaq idi.


Tom axşam yeməyini yediyi və fürsət düşdükcə qənddandan qənd çırpışdırdığı müddətdə Polli xala ona cürbəcür ağıllı və hiyləgər suallar yağdırırdı ki, bəlkə Tom çaşıb, ağzından bir söz qaçıra. Bir çox sadəlövh adamlar kimi o da özünü söhbətdə ən incə və məharətli bir diplomat hesab edir və elə zənn edirdi ki, onun bütün sadə hiylələri - böyük hiyləgərlik və diribaşlıq nümunəsidir. O, Tomdan soruşdu:
- Tom, bu gün məktəbdə sənə çox isti deyildi ki?
- Bəli, xala.
- Bəlkə çox isti idi?
- Bəli, xala.
- Bəs nə yaxşı çimmək həvəsinə düşməmisən, Tom?


Tomun ürəyi qopdu, nə isə pis bir iş baş veracəyini hiss etdi. O, şübhəlişübhəli Polli xalanın üzünə baxdı, lakin elə bir şey görə bilmədi. Ona görə də dedi:
- Yox, xala, o qədər də ürəyim istəmədi.


Polli xala əlini uzadaraq Tomun köynəyini yoxlayıb dedi:
- Hə, Tom, heç tərləməmisən.


Tomun köynəyinin quru olub-olmadığını bəhanə ilə yoxlaya bildiyini və bunun nə məqsədlə edildiyi heç kəsin ağlına gəlməyəcəyini düşünmək ona ləzzət verirdi.
Ancaq Tom küləyin hansı tərəfdən əsdiyini o saatca başa düşüb, tez xalasını qabaqladı:
- Yox, biz orada quyu suyu ilə başımızı islatmışdıq. Başım indi də yaşdır, bir baxın!


Polli xala belə mühüm bir sübutu nəzərdən qaçırdığına görə çox bikeflədi.
Lakin həmin dəqiqə yenə də ruhlandı:
- Tom, başını islatmaq üçün köynəyinin yaxalığını sökmək lazım gəlmədi, elə deyilmi? Gödəkcənin yaxasını aç görüm!


Tomun sir-sifəti açıldı. O, gödəkcəsinin yaxasını açdı, köynəyinin yaxalığı möhkəm tikilmişdi.
-Ay sənə nə deyim! Dur rədd ol buradan! Düzü, mən elə bilirdim ki, sən dərsdən qaçıb çimməyə getmisən. Yaxşı, bu dəfə səni bağışlayıram. Görünür, mən yanılıram, sən o qədər də pis uşaq deyilsən.


Polli xala fəndgirliyinin bu dəfə baş tutmadığına bikeflədisə də, Tomun heç olmasa təsadüfən özünü yaxşı aparmasına sevindi.
Lakin Sid məsələyə qarışdı:
- Mənə elə gəlir ki, siz onun yaxalığını ağ sapla tikmişdiniz, ancaq indi tikişin sapı qaradır.
- Əlbəttə, mən ağ sapla tikmişdim! Tom!

Lakin Tom söhbətin axırını gözləmədi. Özünü qapıdan bayıra salaraq qışqırdı:
- Yaxşı, Siddi, gör sənin başına nə oyun gətirəcəyəm!


Tom xəlvət bir yerə çəkilib gödəkcəsinin yaxasını qaldırdı, astar tərəfə saplı, iki yoğun iynə sancılmışdı, iynələrin birinin sapı ağ, o birininki isə qara idi.
- Sid olmasaydı, Polli xala heç bir şey başa düşməyəcəkdi. Lənətə gəlmiş!


Xalam da gah ağ sapla tikir, gah da qara. Heç olmasa, həmişə bir cür sapla tiksəydi, adam da çaşbaş düşməzdi, hər dəfə sapı necə yadda saxlayasan. Amma Sidi nə kötəkləyəcəyəm - ömrü boyu yadından çıxmayacaqdır!


Tom şəhərin ən nümunəvi uşaqları deyildi. Bununla belə o, ən nümunəvi uşağı çox yaxşı tanıyir və ondan zəhləsi gedirdi.


İki dəqiqə keçməmiş o özünün bütün bədbəxtliklərini unutdu. Ona görə yox ki, onun bədbəxtliyi yaşlı adamların bədbəxtliyi kimi ağır və kədərləndirici deyildi, xeyr, ona görə ki, yeni və maraqlı bir fikir onun bütün dərd-qəmini bir anlığa qəlbindən sıxışdırıb çıxarmışdı. Yaşlılar da belə olurlar. Onlar yeni bir işə başladıqda öz dərdlərini unudurlar. Bu yeni iş ondan ibarətdir ki, Tom bayaq bir zəncidən xüsusi tərzdə fit çalmağı öyrənmişdi, indi arxayınçılıqda bunu məşq etmək istəyirdi.


Bu tamamilə xüsusi quş cəh-cəhi idi, hərdən civildəyib ucadan cəh-cəh vurmaq lazım idi. Fitdə belə bir cəh-cəh çıxsın deyə dili tez-tez üst damağa vurmaq lazım gəlirdi - əgər oxucu bir vaxt uşaq olmuşsa, bunun necə edildiyi  yəqin ki, yadında qalmış olar. Tom bütün diqqəti və səyi ilə işə girişib tezliklə müəyyən vərdiş əldə etdi və küçədə daha sürətlə addımlamağa başladı. O,  ağzında musiqi çalırdı, qəlbi isə minnətdarlıq hissi ilə dolu idi. O, özünü yeni bir planet kəşf etmiş astronom kimi hiss edirdi, lakin onun bu sevinci astronomun sevincindən daha dərin, qüvvətli və coşqun idi.


Yay axşamları çox uzun olur. Hələ hava qaralmamışdı. Tom birdən fiti kəsdi.


Qarşısında, özündən azca böyük olan, tanımadığı bir oğlan durmuşdu. SentPitersburq kimi balaca və ucqar bir şəhərdə hər hansı yaşda və cinsdən yeni bir adamın görünməsi çox nadir təsadüf idi. O oğlan həm də yaxşı geyinmişdi, işə bir bax, adi gündə o, yaxşı geyinmişdi! Lap qəri yağına çəkmə geyinmişdi.


Çəkmə, özü də cümə günü! Hətta boynunda al-əlvan lentdən qalstuku da var idi.


Ümumiyyətlə, onda Tomun ən çox zəhləsi gedən bir şəhərli görünüşü var idi.
Tom bu parlaq möcüzəyə baxdıqca şıq geyinmiş oğlanın qarşısında özünü sındırmır, burnunu daha dik tuturdu. Lakin öz yoxsul paltarı ona daha acınacaqlı görünürdü. Uşaqların heç biri dinmirdi. Biri yana bir addım atdıqda, o biri də həmin dairədə yana bir addım atırdı. Onlar bir-birinin gözünün içinə baxaraq uzun müddət üz-üzə durdular. Nəhayət, Tom dedi:
- İstəyirsən səni möhkəmcə əzişdirim?
- Hünərin var, əzişdir! Ancaq bu, sən bacaran iş deyil.
- Dedim əzişdirərəm, bil ki, əzişdirərəm.
- Əzişdirə bilməzsən.
- Bilərəm.
- Yox, bilməzsən!
- Bilərəm.
Ağır bir sükut çökdü. Sonra Tom yenidən düləndi:
- Sənin adın nədir?
- Sənə qalmayıb.
- İstəsəm, mənə qalar.
- Hə, nə oldu, bəs niyə vuruşmursan?
- Bircə kəlmə də danış, gör payını alırsan, ya yox!
- Bah, qorxdum səndən, buyur görüm neynəyəcəksən!
- Özünü çox dartma, istəsəm, səni bircə əlimlə şil-küt edərəm!
- Bəs niyə eləmirsən? Elə dilin var...
- Dilini kəsməsən gör eləyirəm, ya yox!
- Yox əşi, sənin kimiləri çox görmüşük!
- Necə də bazənibdir! Çox böyük adamsan! Bunun bir şlyapasına bax!
- Əgər xoşuna gəlmir, vur başımdan düşsün. Hünərin var buyur, onda görərsən..
- Yalan deyirsən!
- Yalançı sən özünsən!
- Əşi, səndən vuruşan olmaz! Səndə o hünər hanı!
- Deyəsən baş apardın ha!
- Bir də səsin çıxsın, gör kərpiclə vurub başını necə əzirəm!
- Bəs niyə əzmirsən? Əz də!
- Əzərəm, canını da alaram.
- Deyirsən, amma yerindən tərpənmirsən. Dil pəhləvanısan! Bəs niyə vuruşmursan? Qorxursan?
- Yox, qorxmuram.
- Qorxursan!

Yenə sükut çökdü. Onlar bir-birlərinə çəp-çəp baxa-baxa yenə de yerlərində hərləndilər. Nəhayət, çiyin-çiyinə gəldikdə Tom dedi:
- Rədd ol burdan!
- Özün rədd ol!
- Mən rədd olmuram.
- Mən də olmuram.


Onların hər ikisi yerlərini möhkəmlətmək üçün ayağının birini irəli atıb, nifrətlə bir-birlərinə baxa-baxa, var güclərilə çiyin-çiyinə itələşirdilər. Ancaq heç biri ustun gələ bilmədi. Nəhayət, mübarizədən qızışmış və qıpqırmızı qızarmış halda bir-birlərini buraxıb yana çəkildilər. Tom dedi:
- Qorxaq küçük. Dayan, böyük qardaşıma deyərəm, o sənin öhdəndən yaxşı gələr. Səni çeçələ barmağıyla yıxar.


- Allah vurmuşdu sənin böyük qardaşım! Mənim qardaşım səninkindən də böyükdür. Sənin qardaşını götürüb hasarın o üzünə atar!
Onların heç birisinin qardaşı yox idi.
- Hamısını yalan deyirsən.
- Heç biri yalan deyil. Sənə qalsa çox söz deyərsən!
Tom ayağının baş barmağı ilə tozda cızıq çəkib dedi:
- Hünərin varsa, bu xətdən bircə addım o tərəfə keç, səni o qədər əzişdirərəm ki, adın da yadındın çıxar. Di buyur görək!
Yad uşaq o saatca xətti keçərək dedi:
- Vur görüm, necə vurursan!
- İtələmə, yoxsa bu saatca payım alarsan!
- Görərik, vur də, bəs nəyi gözləyirsən?
- İkicə sent  ver, gör vururam, yoxsa yox!


Yad uşaq cibindən iki qara pul çıxarıb istehza ilə Toma uzatdı. Tom yumruq ilə onun əlindən vurub pulları yerə saldı. Elə o saatca uşaqlar pişik kimi bir-birlərinə sarılaraq torpağın içində eşələmməyə başladılar. Onlar bir-birinin saçını yolur, paltarını cırır, üzgözünü cırmaqlayır, bir-birini yumruqlayırdılar, toza batsalar da şöhrət qazanmağa cəhd edirdilər. Bir azdan qarışıqlıq içərisindən Tomun yad oğlanı altına basıb kötəklədiyi aydınca göründü.


Tom dedi:
- Üzr istə!
Oğlansa dartınır, birtəhər Tomun əlindən çıxmaq istəyirdi. O, ağrının şiddətindən deyil, çoxu acığından ağlayırdı.

- Tez ol, üzr istə, - deyib Tom yumruqlannı yeno də işə saldı.
Nəhayət, yad oğlan boğuq bir səslo Toradan üzr istədi. Tom onu buraxıb dedi:
- Bu sənə dərs olsun. Bundan sonra bil ki, kimə əl qaldırırsan.


Şıq geyinmiş oğlan, paitaraıın tozunu çırpa-çırpa gedir, hıçqırıb burnunu çəkə-çəkə: "Əlbət gələn dəfə əlimə düşərsən, gör sənin başına nə oyun gətirəcəyəm" – deyə Tomu uzaqdan-uzağa hədələyirdi.
Tom ona istehza ilə gülüb, kefi kök, damağı çağ, evlərinə tərəf yollandi.


Lakin Tom üzünü o tərəfə çevirən kimi yad uşaq yerdən bir daş götürüb düz onun kürəyinin arasına ilişdırdi və dağ keçisi kimi qaçıb bir an içərisində gözdən itdi.
Tom düz evlərinə qədər onun dalınca qaçıb harada yaşadığını öyrəndi. O, bir müddət darvazanın yanında keşik çəkərək düşmənini döyüşə çağırdı, lakin yad oğlan ağız-burnunu əyə-əyə pəncərədən ona acıq verərək, evdən bayıra çıxmadı.


Nəhayət, düşməııin anası göründü. Tomu yaramaz, kobud və tərbiyəsiz kiiçə uşağı adlandırarıq, rədd olub getməyi ona əmr etdi. Tom çıxıb getdi və gedərkən oğlanın anasını xəbərdar etdi ki, oğlu bir daha onun gözünə görünməsin, əgər görünsə, əlindən qurtara bilməyəcəkdir.


Tom evlərinə çox gec qayıtdı, yavaşca dırmaşaraq pəncərədən içəri girdikdə Polli xalanın gizlənib onu güddüyünü gördü. Polli xala Tomun kostyumunun nə kökə düşdüyünü gördükdə, şənbə günü onu istirahətdən məhrum edərək ağır bir iş tapşıracağına özünə möhkəm söz verdi.