Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XI fəsil

XALQ MƏHKƏMƏSİ 


Günortaya yaxın birdən-birə bütün şəhəri qorxunc bir xəbər bürüdü. O zamanlar heç kəsin təsəvvür etmədiyi teleqrafa belə ehtiyac yox idi; xəbər ağızdan-ağıza, dəstədən-dəstəyə, evdən-evə yayılaraq bütün şəhəri bürüdü. Aydın məsələdir ki, müəllim dərsin yarısında şagirdlərini evə buraxdı; əgər belə etməsəydi, bu, çox qəribə görünə bilərdi. 

 

Öldürülmüş adamın yanında qanlı bir bıçaq tapılmışdı və kim isə onu tanıyaraq demişdi ki, bu, Mef Potterin cib bıçağıdır. Belə danışıq gedirdi ki, guya evinə getmiş şəhər sakinlərindən biri gecə saat ikidə Mef Potterin çayda əl-üzünü yuduğunu görmüşdür. Mef onu görən kimi qaçmışdır. Bu çox şübhəli idi, xüsusən yuyunmağa adət etməmiş olan Mef Potterin gecə əl-üz yuması ağlasığan iş deyildi. Həm də deyirdilər ki, bütün şəhəri alt-üst etmişdilərsə də, qatil (şəhər sakinləri o qədər də sübut dalınca qaçmırdılar, o saatca hökm çıxarırdılar) heç yerdən tapılmamışdır. Bütün istiqamətlərdə yollara atlı polis dəstələri göndərilmişdi, polis rəisi axşam qaranlıq düşənədək qatilin tutulacağına əmin idi. 

 

Bütün şəhər qəbiristana tərəf axışdı. Tom öz dərdini unudaraq camaata qoşuldu, ona görə yox ki, qəbiristana getməyə çox həvəsi var idi (başqa bir yerə ondan min dəfə artıq həvəslə gedərdi), yox, yalnız ona görə ki, Tomu oraya möhkəm və anlaşılmaz bir qvvə cəlb edirdi. Dəhşətli yerə gəlib çıxdıqda, o camaatın arasından irəliyə doğru soxularaq, qorxunc bir mənzərə gördü. Ona elə gəldi ki, burada olduğu müddətdən yüz il keçmişdi. Kim isə onun əlini çimdiklədi, o dönüb baxdıqda gözü Heklberri Finnin gözünə sataşdı. Hər ikisi elə o saatca üzünü yana çevirdi, qorxdular ki, onların baxışması birisinin gözünə dəymiş ola. Lakin adamlar dəhşətli mənzərədən gözlərini çəkmədən danışırdılar. 
– Yazıq! Cavanca oğlan idi! 


- Bundan sonra ölüsoyanlara yaxşıca dərs olar! 
- Mef Potteri tutsalar, asacaqlar! Camaatın içərisində belə danışıqlar gedirdi; keşiş isə dedi: 
- Allahın qəzəbindən heç kəs qurtara bilməz! Bu zaman Tomun gözləri hindi Conun hərəkətsiz sifətinə sataşdı; onun bədəni təpədən-dırnağadək əsdi. Həmin bu dəqiqə adamlar bir-birinə dəydi, itələşmə düşdü, müxtəlif səslər eşidiiməyə başladı. 
- Odur! Gələn odur! Özü buraya gəlir! 
- Kim? Kim? - deyə iyirmi səs birdən soruşdu. 


-Mef Potter! 
- Aha, dayandı! Odur, dönür! Buraxmayın, qaçar! Tomun başı üzərində, ağacda oturan tamaşaçılar xəbər verdilər ki, o heç qaçmaq fikrində deyil, ancaq bərk karıxmış və özünü itirmişdir. Yaxında duranlardan kimsə dedi: 
- Həyasızlığa bir bax! Öz işinə tamaşa eləməyə gəlib! Yəqin bilməyib ki, bura adamlarla doludur! Dəstə ortadan yarıldı, polis rəisi Pollerin əlindən tutaraq təntənə ilə aralıqdan keçdi. Bədbəxtin ovurdları çökəyə düşmüşdü, baxışlarından məlum olurdu ki, qorxusundan özünü itirmişdir. Onu gətirib ölünün qabağında saxladıqda, iflic olmuş adamlar tək bütün bədəni əsdi, əlləri ilə üzünü örtərək hönkürdü. 
- Bunu mən etməmişəm, dostlar! - deyə o, ağlaya-ağlaya and içməyə başladı. 
- Vicdanıma and içirəm ki, mən etməmişəm. Kim isə çığırdı. 
- Kim deyir ki, sən etmisən? Görünür, güllə hədəfə dəymişdi! Potter əlini üzündə çəkib kədərli bir ümidsizliklə ətrafı gözdən keçirdi. O, hindi Conu görüb bağırdı: 
- Ah, Co, axı sən mənə söz vermişdin ki, heç bir vaxt... 
- Bu bıçaq sızinkidirmi? - deyə polis rəisi bıçağı onun qabağına qoydu. Potteri tutub ehmalca yerə oturtmasaydılar, o yıxılacaqdı. Sonra o dedi: 
- Elə bil kim isə mənə deyirdi ki, bura gəlib bıçağı tapmasam... 
- O titrədi, sanki məğlub olduğunu dərk edərək ümidsizliklə əlini yellədi və davam etdi: 


- Co, sən bunlara danış, indi daha susmağın nə mənası var?! Heklə Tomun dəhşətdən gözləri bərələ qalmışdı; onlar köhnə yalançının şahidi olduğu əhvalatı necə sakitcə nağıl etdiyini eşitdilər. Onlar gözləyirdilar ki, indicə bu aydın havada göy guruldayacaq, yalançının təpəsinə ildırım düşəcəkdir, lakin nə göy guruldadı, nə də ildırım çaxdı; uşaqlar lap təəccüb qaldılar. Co sözünü qurtarıb əvvəlki kimi sağ-salamat öz yerində durduqda isə onların andı pozmaq, hindi Conun böhtan atdığı bədbəxtin həyatını xilas etmək meyli bir anda yox olub getdi: onlara aydın oldu ki, bu yaramaz öz qəlbini şeytanlarla satmışdır, şeytan işinə qarışmaq isə məhv olub getmək deməkdir. Kim isə soruşdu: 
- Bəs niyə qaçmadın? Niyə buraya gəldin? 
- Bacarmadım... Heç cürə bacarmadım... - deyə Potter inildədi. 


- Qaçmaq istəyirdim, ancaq ayaqlarım məni buraya gətirib çıxartdı. 


- O yenə ağlamağa başladı. Bir neçə dəqiqədən sonra istintaq zamanı Co and içərək yenə də eləcə arxayınlıqla öz ifadəsini təkrar etdi; uşaqlar isə, hələ də nə göy guruldadığını, nə də ildırım çaxdığını görməyib, lap yəqin etdilər ki, Co qəlbini şeytanlara satmışdır. İndi Co onlar üçün dünyada ən qorxunc və maraqlı bir adam olmuşdu, uşaqlar gözlərini ondan çəkə bilmirdilər. Öz-özlüklərində onlar belə qərara gəldilər ki, gecələr fürsət düşdükdə ona göz qoysunlar ki, bəlkə birtəhər edib onun qorxulu hökmdarı olan şeytanı görə bilələr. Co həkimin meyitini gətirib arabaya qoymağa kömək etdi, bu vaxt adamlardan bəziləri qorxudan əsə-əsə pıçıldaşırdılar ki, guya ölünün yarasında təzə qan göründü. 

 

Uşaqlar düşünməyə başladılar ki, belə bir uğurlu hal şübhələri doğru istiqamətə yönəldəcəkdir, lakin şəhər adamlarından bir neçəsinin: "Yarada qan görünəndə Mef Potter meyitin üç addımlığında idi" -dediyini eşitdikdə onların bütün ümidləri boşa çıxdı, bikeflədilər. Dəhşətli sirr və Tomun çəkdiyi vicdan əzabı onu bu əhvalatdan sonra düz bir həftə yatmağa qoymadı. Bir dəfə səhər yeməyi zamanı Sid dedi: 


- Tom, sən yerində elə burcuxursan və yuxuda öz-özünə o qədər danışırsan ki, məni gecənin yarısına qədər yatmağa qoymursan. Tomun rəngi qaçdı, gözlərini yerə dikdi. Polli xala ciddi bir tövrlə dedi: 

 

- Yaxşı əlamət deyil, sənin ürəyində nə var, Tom? - Heç nə... elə bir şey yoxdur, - Tom cavab verdi. Lakin onun əlləri elə əsirdi ki, qəhvəni yerə tökdü. Sid dedi: 
- Özü də elə səfeh-səfeh sözlər danışırsan ki! Dünən gecə çığırırdın ki, "bu qandır, qandır!" Elə hey təkrar edirdin. Sonra da başladın ki, "mənə əzab verməyin, qoyun hamısını danışım!" Nəyi danışacaqsan? Bu nədir belə sayıqlayırsan? Tomun gözləri qarşısında hər şey fırlanmağa başladı. Bunun nə ilə qurtaracağı məlum deyildi, lakin xoşbəxtlikdən Polli xalanın sifətindəki həyəcan əlaməti silinib getdi, o özü də hiss etmədən Tomun köməyinə çatdı. Polli xala dedi: 

 

- Bəs necə bilirsən! Bu dəhşətli qətl hamını qorxuya salıb. Mən özüm az qala hər gecə onu yuxuda görürəm. Bəzən yuxuda görürəm ki, öldürən mən özüməm. Meri dedi ki, bu əhvalat ona da eyni təsiri bağışlamışdır. Elə bil ki, bu danışıqiar Sidi sakit etdi. Tom çalışdı ki, Sidin əyləşdiyi məclisdən mümkün qədər tez uzaqlaşsın. Bundan sonra düz bir həftə o diş ağrısından şikayətləndi, hətta gecələr yatanda da üzünü sarıyırdı. Daha bilmirdi ki, Sid gecələr yatmayıb onu güdür, bəzən üzündəki sarığı dartıb açır və yerinin içində dirsəklənərək, uzun-uzadı Toma qulaq asır, sonra yenə də sarığı bağlayır. Tom yavaş-yavaş sakit oldu, diş ağrısı onun zəhləsini tökdü, buna görə də ondan imtina etməli oldu. Sid Tomun adda-budda sayıqlamasından bir şey başa düşmüşdüsə də, bunu heç kəsə deməmişdi. 

 

Toma elə gəlirdi ki, onun məktəb yoldaşları ölü pişiklər üzərində istintaq aparmaqdan heç bir zaman əl çəkməyəcəklər, ona əzab verən şeyi unutmağa imkan verməyəcəklər. Sidin nəzərinə çarpdı ki, əvvəllər hər bir təzə oyunda rəhbərlik rolunu öz üzərinə götürən Tom indi müstəntiq olmur. O gördü ki, Tom müstəntiq rolundan imtina edir, bu isə çox qəribə idi. Tomun, ümumiyyətlə, belə istintaqlara ikrah hissilə baxması və mümkün qədər onlarda iştirak elməkdən çəkinməsi də Sidin nəzərindən qaçmadi. Sid təəccüb edir, lakin susurdu. Nəhayət, bu istintaq da köhnəlib dəbdən düşdü və bununla da yavaş-yavaş Tomun vicdan əzabına son qoyuldu. 

 

Bütün bu həyəcanlı müddət ərzində Tom hər gün və ya günəşin fursət tapıb həbsxananın dəmir barmaqlıqlı kiçik pəncərəsi yanına gedir, birtəhər ələ keçirdiyi yeməli şeyləri gizlincə "qatilə" tərəf ötürürdü. Həbsxana şəhərin qırağında, bataqlığın yanında kərpicdən tikilmiş kiçik bir bina idi. Qapısında gözətçi qoyulmurdu, oraya adamların salınması da çox az hallarda olurdu. Tomun gətirdiyi hədiyyələr onun çəkdiyi vicdan əzabını xeyli yüngülləşdirirdi. 

 

Şəhər əhalisi, ölünü qəbirdən çıxartdığı üçün Conu qatrana batırıb toyuq tükündə eşələdikdən sonra əl arabasında küçələrdə gəzdirməyi çox arzu edirdi, lakin ondan elə qorxurdular ki, belə bir işə cəsarət edən tapılmadı, ona görə də bu fikirdən əl çəkdilər. Co olduqca ehtiyatlı hərəkət edərək, hər iki istintaq zamanı ifadə verirkən ancaq vuruşraa əhvalatını danışdı, ölünün qəbirdən çıxarılması barədə isə heç nə demədi. Ona görə də belə qərara alındı ki, hələlik onu məhkəmə məsuliyyətinə almamaq daha münasibdir.