Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XVII fəsil

DƏNİZ QULDURLARININ DƏFNİ 


Lakin həmin sakit şənbə axşamı kiçicik şəhərdə heç kəsin əhvalı şən deyildi. Polli xalanın ailəsi və bütün Qarperlər qara geyinib ağır dərddən acı göz yaşları axıdırdılar. Şəhərdə qeyri-adi bir sakitlik vardı. Ancaq düzünə qalsa, bu şəhər elə həmişə sakit olardı. Şəhər əhlindən hərə bir növ fikri dağınıq halda öz işi ilə məşğul idi; bir-birlərilə, demək olar ki, danışmırdılar, elə hey ah çəkirdilər. Uşaqlar üçün şənbə günü istirahəti ağır bir yük olmuşdu. Onlar qətiyyən oynamaq və şənlənmək istəmirdilər, yavaş-yavaş bütün oyunlardan, demək olar ki, əl çəkdilər. Günün axırında Bekki Tetçer darıxdığından nə edəcəyini bilməyərək gəlib boşalmış məktəb həyətinə çıxmışdı. O öz-özünə danışırdı: 

- Ah, heç olmasa indi o mis kürəcik məndə olaydı! Onun məndə heç bir yadigarı yoxdur! 


- Qız qəhərlənərək, boğazına dolmuş göz yaşlarını uddu.                                                             

Sonra dayanıb özünə dedi: 
-Bax, o sözləri mən ona həmin bu yerdə dedim. Əgər indi olsaydı,mən elə deməzdim – ölsəm də deməzdim! Ancaq o, indi yoxdur, mən bir daha onu görə bilməyəcəyəm... 


Bu fikirlər Bekkinin əhvalını tamamilə pozdu, o, qaynar göz yaşları axıdaaxıda çıxıb getdi. Sonra Tom və Conun yoldaşları olan bir dəstə oğlan və qız oraya gəldilər. Onlar barının qırağına gəlib həyətə baxaraq həzin bir pıçıltı ilə danışmağa başladılar: uşaqlar Tomu axırıncı dəfə harada görmüş olduqlarını, onun nə etdiyini, Conun necə qəribə sözlər danışdığını xatırlayırdılar. Bu sözlərdə, əlbəttə, elə bir qəribəlik yox idi, lakin uşaqlar indi bunlarda fəlakət vəd edən xüsusi mənalar görürdülər. Həlak olmuş yoldaşlarının o zaman durduqları yerləri uşaqlardan hər biri göstərərək özündən bir neçə bele söz də əlavə edirdi: "...Onda mən lap indi durduğum yerdə durmuşdum, o da lap mənim yanımda, sən duran yerdə dayanmışdı; birdən o beləcə gülümsündü - elə qorxdum ki, bədənimə vicvicə düşdü, onda mən bunun səbəbini, əlbəttə, bilə bilməzdim, indi isə yaxşı başa düşürəm!" 

 

Sonra mübahisəyə başladılar ki, uşaqları sağ ikən axırıncı dəfə kim görmüşdür - bu kədərli üstünlüyü çox adam əldə saxlatmağa can atır, cürbəcür sübutlar göstərirdi, lakin haradansa bir şahid tapılıb onların sübutlarını yoxa çıxarırdı. Həlak olanları axırıncı dəfə kim gördüyü, kim onlarla danışdığı qəti müəyyən edildikdən sonra isə bu səadətə nail olanlar özlərini bərk çəkdilər, təşəxxüslənməyə başladılar, yerdə qalan uşaqlar isə, onlara həsəd aparır, gözlərini onlardan çəkmirdilər. İftixar etməyə başqa bir şey tapmayan bir yazıq da özünü öyüb belə dedi: 
- Amma Tom Soyyer bir dəfə məni yamanca əzişdirdi!

 

Lakin bu şöhrətlənmək iddiasının heç bir müvəffəqiyyəti olmadı. Uşaqların hansından xəbər alsaydın, bunu o da deyə bilərdi, ona görə də belə bir şeylə öyünməyə dəyməzdi. Uşaqlar həlak olmuş qəhrəmanları hörmətlə yad etdikdən sonra dağılışıb getdilər. 

Səhərisi bazargünü məktəbində məşğələlər qurtardıqdan sonra zəng çalındı, lakin onun səsi həmişəki kimi şən deyil, çox tutqun və ahəstə çıxırdı. Bu bazar günü hava çox saki: idi, zəngin kədərli səsi təbiətdəki qüssəli əhvali-ruhiyyəyə uyğun gəlirdi. Şəhər əhli kilsəyə toplaşmağa başladı, onlar bir dəqiqəliyə astanada ayaq saxlayır, bədbəxt hadisə barədə pıçıldaşırdılar. Lakin kilsənin özündə pıçıldaşan yox idi; yalnız öz yerlərinə keçib oturmaq istəyən qadınların matəm libaslarının xışıltısı bu sükutu pozurdu. 

Kilsənin adamla bu qədər dolu olduğunu hələ heç kəs görməmişdi. Nəhayət, içərini tam sükut bürüdü, intizar dəqiqələri başlandı, bu vaxt 

 

Polli xala Sid və Meri ilə, onlardan sonra isə Qarperlər ailəsi dərin matəm içərisində daxil oldular. Kilsədəkilərin hamısı, hətta qoca keşişin özü belə ehtiramla ayağa qalxdılar və həlak olmuş uşaqların qohum-əqrəbası birinci cərgələrdə oturana qədər ayaq üstə qaldılar. Yenidən dərin sükut çökdü, yalnız arabir boğuq hıçqırıq səsi eşidilirdi; bundan sonra isə keşiş ayağa qalxıb əllərini irəli açaraq oxumağa başladı. 

 

Keşiş həlak olmuş uşaqların ləyaqətlərini, üstün cəhətlərini və nadir istedadlarını elə gözəl boyalarla təsvir etdi ki, onun sözlərinə qulaq asanlar uşaqların şəklini gözü qarşısında canlandırıb, onlara qarşı həmişə ədalətsiz olduqlarını, yazıq uşaqların yalnız pis cəhətlərini gördüklərini xatırlayaraq vicdan əzabı çəkməyə başladılar. Bundan başqa keşış mərhumların həyatından bir neçə təsirli hadisələr da nağıl etdi ki, bu hadisələr də onların nə qədər nəcib, nə qədər mülayim xasiyyətə malik olduqlarına dəlalət edirdi; kilsədəkilər həmin hərəkətlərin nə qədər ləyaqətli və gözəl olduğunu ancaq indi başa düşdülər və bir zamanlar bunu yalnız möhkəm kötəyə layiq olan nadinclik və dözülməz bir hərəkət saydıqlarını ürək ağrısı ilə xatırlayıb peşman olurdular. Keşiş elə yanıqlı, elə təsirli danışırdı ki, kilsəyə gələnlərin ürəyi lap yumşaldı, get-gedə doluxsundular və özlərini saxlaya bilməyərək, mərhumların ağlaşan qohumlarına qoşulub ağız-ağıza hönkürməyə başladılar. Keşiş özü də dayana bilmədi, onun da gözləri yaşardı. 

 

Kilsənin yuxarı balkonundan nə isə bir səs gəldi, lakin buna fikir verən olmadi; bir dəqiqə keçmiş bayır qapı cırıldadı. Keşiş yaşlı gözlərindən dəsmalı çəkincə sanki quruyub daşa döndü. Əvvəlcə bir cüt göz, sonra isə başqa gözlər dönüb keşişin baxdığı tərəfə baxdı və birdən demək olar ki, kilsəyə gələnlərin hamısı eyni vaxtda yerlərindən qalxıb heyrət içərisində gözlərini içəri girmiş üç mərhuma dikdilər. Tom qabaqda, onun ardınca Co, hamıdan axırda isə üstü-başı cırcındır Hek sıxıla-sıxıla gəlirdi. Onlar boş balkonda gizlənərək özləri haqqında oxunan matəm duasına qulaq asırmışlar! 

 

Polli xala, Meri və bütün Qarperlər ailəsi özlərini xilas olmuş uşaqlarına tərəf ataraq onları dönə-dönə öpməyə və Allaha dua etməyə başladılar. Yazıq Hek isə özünü itirmiş halda bir tərəfdə duraraq karıxdığından bilmirdi nə etsin, ona dikilmiş nifrətli baxışlardan canını necə qurtarsın. O, əkilib getmək üçün tərəddüd içində qapıya tərəf yönəlmək istədikdə, Tom onun əlindən yapışıb dedi: 


-Polli xala, yaxşı iş deyil! Axı gərək Hekin də qayıtmasına sevinən olsun. 


-Bəs necə, əlbəttə. Yazıq yetimin sağ-salamat qayıdıb gəlməsinə mən ürəkdən şadam! Hekin ömründə heç nə Polli xalanın indi yağdırmaqda olduğu nəvazişli sözləri qədər ona pis təsir etməmişdi. Birdən keşiş gur səslə dedi: 

 

-Allahın kərəminə min şükür, o, bizi hər cürə müsibətlərdən hifz edir! Oxuyun, ürəkdən oxuyun! 

 

Kilsəyə toplaşmış camaatın hamısı ucadan oxumağa başladı. Köhnə duanın əzəmətli səsi kilsəni titrədirdi, dəniz qulduru Tom Soyyer isə ona həsəd aparan uşaqlara göz gəzdirərkən hiss edirdi ki, bu, onun həyatının ən yaxşı dəqiqəsidir. "Aldanmış" şəhər əhli dəstə ilə kilsədən çıxarkən bir-birlərinə deyirdilər ki, qədim təşəkkür himninin bu qədər təsirli oxunmasını təkrar eşitmək üçün böyük məmnuniyyətlə razı olardılar ki, onları bir daha aldatsınlar. Həmin gün Polli xalanın kefinin dərəcəsindən asılı olaraq Tom o qədər öpüldü və şapalaq yedi ki, əvvəllər bütün il ərzində nə bu qədər öpülər, nə də döyülərdi. Polli xalanın ona olan məhəbbətinin və Allaha təşəkkürünün daha çox kötəkləmi və ya öpüşləmi izah edildiyini Tom özü də deyə bilməzdi.