Şeirlər

Nuranə Rafailqızı. Anam nağıl danışır

Biri vardı, biri yox...
Nağılların sayı çox.
Atamın mərd elindən,
Anamın bal dilindən
Dinləyib şirin-şirin,
Çox sevmişəm hər birin.

 

Yatmağa gedən kimi,
Hər axşam dönə-dönə,
Anam başımın üstə
Nağıl danışır mənə.

 

Göyçək Fatmayla Cırtdan,
Cəsur Ağ atlı oğlan,
Turp, Qoğal, Məlikməmməd,
Tıq-tıq xanım və Əhməd,
Divlə, Qırmızıpapaq
Gəlirlər bizə qonaq.

 

Dərə keçir, düz aşır,
Yorulmadan danışır...
Duyğusu, həvəsiylə,
Səsiylə, nəfəsiylə,
Bir az duz qatır ona,
Bit az dad qatır buna
Yetir nağılı sona.

 

Elə ki, son yetişir,
Göydən üç alma düşür.

Anam söyləyir mənə:
-Ay oğul, qurban sənə,
Payını saxlayıram,
Yat, dur sonra yeyərsən!

 

... Sabaha heç nə qalmır.
Almaların hamısın
Anam yeyir, deyəsən?!