Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XXVI fəsil

YENƏ DƏ HİNDİ CO

Səhərisi gün günortaya yaxın uşaqlar qurumuş ağacın yanına qayıtdılar, onlar gizlətdikləri beli, külüngü götürməli idilər. Tom, özünü cinlər dolaşan xaraba evə tez salmağa tələsirdi. O qədər könlü olmasa da, Hek də oraya can atırdı. O birdən soruşdu: 
- Bura bax, Tom, bu gün nə günüdür? 


Tom o saatca ürəyində həftənin bütün günlərini bir-bir saydı və birdən gözləri kəlləsinə çıxmış halda dedi: 
-Vay! Bu mənim ağlıma gəlməyib, Hek! 
- Heç mənim də. Birdən burada yadıma düşdü ki, bu gün cümədir. 
- Ay səni zəhrimara qalasan! Cümənin günü biz bu işə başlasaydıq işimiz bitmiş olardı. 
- Nə danışırsan, evimiz yıxılardı. Bəlkə də xoşbəxtlik gətirən günlər var, ancaq cümə o günlərdən deyil. 
- Bunu axmaq da bilir. Yoxsa elə bilirsən ki, bunu sən kəşf eləmisən! 
- Mən demirəm ki, kəşf eləmişəm. Cümə günü olmağı hələ bir yana, bu gecə yuxuma çoxlu siçovul girib. 
- Nə danışırsan! Doğrudan, çox pis yuxudur. Dalaşmırdılar ki?.. 
- Yox. 
- Elədə o qədər də qorxusu yoxdur, Hek. 
Əgər dalaşmırdılarsa, bu ele belə yuxudur. Ancaq, hər halda göz-qulaq olmaq lazımdır. Bu gün biz heç yeri qazmayaq, gedək oynayaq. Sən Robin Qud haqqında bir şey eşitmisənmi? 
- Yox. Robin Qud kimdir? 
- Necə yəni kimdir? O, İngiltərənin ən gözəl adamlarından biri olub, özü də hamıdan igid idi. Quldurluq edərdi. 
- Nə qiyamət adam imiş! Kaş mən də quldur olaydım. O kimləri soyurdu? 
- Varlı adamları, kralları, şərifləri, yepiskopları. Amma, yoxsullara heç vaxt dəyməzdi. Onlarla dost idi. Əlinə keçənləri həmişə yoxsullarlayan bölərdi. 
- Görünür çox yaxşı adam imiş! 
- Bəs necə! O, dünyada hamıdan alicənab bir insan idi, Hek. Sənə deyim ki, indi belə adamlar yoxdur. O bir əli ilə İngiltərədə hər kimi istəsəydi döyə bilərdi, o mil yarım məsafədə on sentlik xırda pulu abanosdan düzəldilmiş oxla vura bilirdi. 
- Abanos nədir? 


- Bilmirəm. 
Əgər atdığı oxpulun ortasına deyil, qırağına dəysəymiş, uşaq kimi oturub ağlarmış, öz-özünü söyərmiş. İndi biz də Robin Qud oyununu oynayacağıq, bu ən yaxşı oyundur. Mən səni öyrədərəm. 


- Gəl oynayaq. 
Onlar bütün günü Robin Qud oyunu oynadılar, hərdənbir da kədərlə dönüb içərisində cin-şəyatin dolaşan köhnə evə nəzər salır, sabah orada nə işlər görəcəkləri barədə bir-iki kəlmə danışırdılar. Günəş qərbə tərəf əyilən kimi onlar ağacların saldığı uzun kölgələrdən keçərək evlərinə tərəf üz qoydular və bir azdan Kardif dağındakı meşədə gözdən itdilər. Şənbə günü günortadan bir az sonra uşaqlar yenə də quru ağacın yanına gəldilər. Onlar kölgədə oturub papiros çəkdilər və bir qədər laqqırtı vurduqdan sonra axırıncı çalanı, heç bir şeyə ümidləri olmadan bir az da qazdılar, çünki Tomun dediyinə görə elə hallar məlumdur ki, adamlar qazıblar-qazıblar, xəzinəyə cəmisi bir qarış torpaq qalanda işdən əl götürüblər, başqa birisi isə gəlib oranı azacıq eşərək həmin xəzinəni tapmışdır. Ancaq bu dəfə onların bəxti gətirmədi; beli, külüngü çiyinlərinə alıb getdilər. Onlar gedə-gedə düşünürdülər ki, işlərini elə-belə deyil, əsl xəzinə axtaranlara layiq bir vicdanla başa çatdırdıqdan sonra o yeri tərk edirlər.

 

 Onlar xaraba evin yaxınlığına çatdıqda, qızmar günəş altında dərin sükuta dalmış bu yerlər onlara elə yiyəsiz, elə qəribə və dəhşətli göründü ki, birdən-birə içəri girməyə cəsarət etmədilər. Uşaqlar ayaqlarının ucunda ehtiyatla qapıya yaxınlaşaraq qorxa-qorxa içəri baxdılar. Onlar döşəmə yerində alaq otları bitən, divarlarının suvağı qopub tökülən otağı, kalafa kimi boş pəncərələri, uçubtökülmüş ocaq yerini və uçuq pilləkəni gördülər. Hər yerdən tozlu hörümçək toru sallanırdı. Ürəkləri bərk döyünə-döyünə, pıçıltı ilə danışa-danışa onlar yavaşca içəri girdilər. Qulaqlarını şəkləyərək, gərgin halda ən xırda tıqqıltıya belə fikir verirdilər ki, bir hadisə baş versə o saatca qaçıb canlarını qurtarsınlar. Çox keçmədən onlar içəriyə alışdılar, qorxuları da keçib getdi! Onlar ətrafa maraq və şübhəylə nəzər salır, öz cəsarətlərinə heyran qalır və təəccüb edirdilər. Sonra yuxarıda nələr olduğuna baxmaq fikrinə düşdülər. Bu, təhlükə baş verdikdə qaçıb qurtarmaq imkanını bir qədər çətinləşdirirdi, lakin buna baxmayaraq, onlar bir-birlərinə ürək-dirək verərək, nəhayət, beli, külüngü bir tərəfə atıb pilləkənlə dırmanmağa başladılar. Yuxarıda da vəziyyət aşağıdakı kimi idi. Hər tərəf uçub dağılmışdı. Onlar küncdə, çox əsrarəngiz və cəlbedici görünüşü olan bir anbar tapdılar. Lakin ümidləri boşa çıxdı: anbarda heç bir şey yox idi. İndi onlar tamamilə ürəklənmişdilər, hazırlaşıb aşağı düşmək və işə başlamaq istəyirdilər ki, birdən... 

 

- S-s-s! - deyə Tom əlini ağzına apardı.
 Hek qorxusundan sapsarı saralaraq pıçıltı ilə soruşdu: 
- Nə var? 
- S-s-s! Odur bax! Eşidirsənmi? 
- Hə!.. Aman, tez ol qaçaq! 
- Səssiz! Tərpənmə! Bura gəlirlər, lap qapının ağzındadırlar. Uşaqlar yerə sərələnərək qorxudan donub, taxtaların arasındakı deşikdən aşağı baxmağa başladılar. 


- Dayandılar... Yox, gəlirlər... Budur, gəldilər! Pıçıldama, Hek, səsini kəs. Aman Allah, bircə bu tez qurtaraydı! İki nəfər kişi içəri girdi. Bunlardan biri lal-kar qoca ispaniyalı idi - uşaqlar onu iki dəfə şəhərdə görmüşdülər, ancaq o biri adamı heç vaxt görməmişdilər. "O biri adam" saçları pırtlaşmış, üstü-başı çirkli-paslı, cır-cındırlı bir kişi idi. Çox xoşagəlməz sir-sifəti vardı. İspaniyalı plaşa bürünmüşdü. Onun çallaşmış qalın bakenbardları və yaşıl eynəyi vardı; uzun ağ saçları sombrerosunun altından çiyinlərinə tökülmüşdü. Onlar içəri girdikdə "o biri adam" pıçıltıyla ispaniyalıya nə isə dedi. Hər ikisi üzü qapıya tərəf yerdə oturub divara söykəndilər. "O biri adam" ispaniyalıya elə nə isə deyirdi. O daha ehtiyatla danışmırdı, buna görə də dediyi sözləri uşaqlar açıq-aydın eşidirdilər. 
-Yox, mən bu iş barəsində fikirləşmişəm, xoşuma gəlmir. Çox təhlükəlidir. "Lal-karın": 


- Təhlükəlidir! - dediyini uşaqlar eşitdikdə lap məəttəl qaldılar. 
- Vecsizin biri, vecsiz! Uşaqların bədənini titrətmə tutdu: bu, hindi Conun səsi idi! Aşağıdakı səslər bir müddət kəsildi. Sonra Co dedi:


 - Əsl təhlükəli iş o axırıncı idi, nə oldu, gördün ki, salamat qurtardıq? 
- O başqa məsələ! Çayın xeyli yuxarısında idi, yaxınlığında da heç bir ev-eşik yox idi. Bir halda ki, bir şey çıxmadı, bizim o işdə əlimiz olduğunu heç kəs bilməz. 


- Bura gündüz gəlməyimiz ondan daha qorxuludur, hər kəs bizi görsə o saatca başa düşəcək ki, nə isə bir kələyimiz var.
 - Bunu mən də bilirəm. Ancaq nə edək gizlənmək üçün başqa münasib bir yer tapa bilmədik. Elə mən də buradan çıxıb getmək istəyirəm. Hələ dünən getmək istəyirdim, ancaq bu lənətə gəlmiş uşaqlar dünən bütün günü təpədə olublar, oradan da ki, bu ev açıq-aydın görünür. "Lənətə gəlmiş uşaqlar" bu sözləri eşidən kimi bədənləri qorxudan yenə soyuyub buza döndü, ürəkləri yerindən oynadı. Fikirləşdilər ki, nə yaxşı dünən cümə günü olduğunu xatırlayıb işi bir gün təxirə salmışlar! 

Aşağıdakı iki nəfər bağlamalarından yemək çıxarıb qəlyanaltı etməyə başladılar. Uzun sürən sükutdan sonra hindi Co dedi: 


- Bura bax, dostum, sən çayyuxarı, gəldiyin yerə qayıt. Mən xəbər verənə qədər orada qalıb məni gözlərsən. Mən də, nə olar-olar, şəhəri bir az da dolanım - heç olmasa baxmaq lazımdir, ya yox... Mən hər şeyi ətraflı öyrənib bildikdən və yaxşı-yaxşı fikirləşdikdən sonra həmin o qorxulu işə başlarıq. Sonra isə birbaş - Texasa! Birlikdə əkilərik. Beləcə də qət etdilər. Sonra hər ikisi əsnəməyə başladı, hindi Co dedi: 

 

-Yuxu üçün ölürəm! Sənin növbəndir, gözətçilik elə mən yatım. O, alaqların arasında uzanıb tezliklə xoruldamağa başladı. Yoldaşı iki dəfə onu dümsüklədi, hindi səsini kəsdi. Bir azdan gözətçi də mürgüləməyə başladı. Başı get-gedə əyilib sinəsinə düşdü, çox keçmədi ki, hər ikisi xoruldadı. Uşaqlar dərindən və rahat nəfəs aldılar. Tom pıçıltı ilə dedi:
 - Daha vaxtdır, gedək! Hek dedi: 


- Mən gedə bilmərəm. Əgər onlar ayılsalar mən qorxudan elə buradaca ölüb qalaram. Tom təkid edir, Hek isə yumşalmaq bilmirdi. Nəhayət, Tom ehmalca yerindən qalxıb təkcə yola düzəldi. Lakin bircə addım atan kimi çürük döşəmə taxtası elə dəhşətlə cırıldadı ki, Tom yerə sərildi, qorxusundan az qaldı bağrı çatlaya. İkinci dəfə o belə bir fikrə düşməyə cəsarət etmədi. Uşaqlar uzanıb çox ağır-ağır keçən dəqiqələri sayırdılar, sonra onlara elə gəldi ki, vaxt tamamilə dayandı, əbədiyyət hakim oldu. Lakin bu zaman günəşin qüruba endiyini görüb çox sevindilər. Nəhayət, səfillərdən birinin xorultusu kəsildi. Hindi Co durub oturdu, o tərəfbu tərəfə nəzər saldı, sonra başını sinəsinə əyib yatmış yoldaşına baxaraq istehza ilə gülümsündü və ayağı ilə dümsükləyib onu durğuzdu.
 -Bəli də! Belə gözətçiyə söz ola bilməz! Laxşı ki, heç bir hadisə baş verməmişdir. 


- Ah, mən doğrudanmı yuxuya getmişəm? 
- Deyəsən elə bir şeydir. Yola düşmək vaxtıdır, dostum. Bəs yerdə qalan pullarımızı biz nə edəcəyik? 


- Bilmirəm... Bəlkə həmişəki kimi yenə də burada qoyaq?! Cənuba tərəf yola düşməmiş onları özümüzlə götürməyin mənası yoxdur. Altı yüz əlli dollarlıq gümüş pulu gəzdirmək hər halda zarafat deyil. 

- Zərər yoxdur, bir dəfə də buraya gəlsək bizə heç bir şey olmaz.


 - Ancaq qabaqlardakı kimi gecə gəlmək lazımdır, bu daha yaxşı olar. - Doğrudur, ancaq bilirsənmi nə var, bəlkə o işi yoluna qoymaq hələlik mənə mümkün olmadı. Nə bilmək olar, bəlkə bir əngəl baş verdi. Bura o qədər də yararlı yer deyil, gəl onu çıxardaq, təzədən əməlli-başlı yer qazıb dərinə basdıraq. 


-Yaxşı məsləhətdir! - deyə onun yoldaşı otağın o biri başına gedərək ocaq yerindəki yastı daşlardan birini qaldırdı və ordan içərisindən xoş cingilti səsləri gələn bir torba çıxartdı. O, həmin torbadan iyirmi-otuz dollar özü üçün, bir o qədər də hindi Co üçün çıxarıb, torbanı Coya verdi. Bu zaman Co otağın bir küncündə yerə çömbələrək, qatlanan bıçaqla torpağı qazıdı. Uşaqlar bir an içərisində qorxunu unutdular. Onlar odlu nəzərlərlə hindinin hər bir hərəkətinə göz qoyurdular. 


Yamanca bəxtləri gətirmişdi! Belə bir xoşbəxtliyi təsəvvürə belə gətirmək olmazdı! Altı yüz dollar elə böyük məbləğdir ki, bununla on uşaq varlana bilər. Bu da xəzinə! özü də hər şey necə də yerli-yerində oldu, indi daha haranı qazmaq baqqında baş sındırmaq da lazım gəlməyəcəkdir! Onlar dəqiqə başı bir-birlərini dümsükləyirdilər. Bu mənalı və çox anlaşıqlı dürtmələr o deməkdi ki, "hə, indi burada olduğumuza sevinirsənmi?". Hindi Conun bıçağı nəyəsə toxundu. 

 

- Oho! - deyə o təəccübləndi. Yoldaşı soruşdu: 
- Nə var orda? 
- Çürük taxtadır. Yox, deyəsən yeşikdir. Gəl kömək elə, bu saatca nə olduğunu bilərik. Yox, lazım deyil, mən bıçaqla deşik açdım. O əlini yeşiyə saldı, sonra çıxararaq dedi: 
- Bir bax: puldur! Hər ikisi diqqətlə baxdı. Bu qızıl idi. Səfillərlə bərabər yuxarıdakı uşaqlar da həyəcanlanır, onlar da sevinirdilər. Hindi Conun yoldaşı dedi; 


- Biz bu saatca bunu qazıb çıxararıq. Mən küncdə ocağın yanında paslanmış bir külüng gördüm. O, qaçıb beli və külüngü gətirdi. Hindi Co külüngü aldı, şübhəli nəzərlərlə onu gözdən keçirdi, başını buladı və dodaqaltı nə isə mızıldanaraq yeri qazmağa başladı. Bir azdan sandığı çıxartdılar. Bu, o qədər də böyük olmayan, üstünə, yanlarına dəmir çəkilmiş bir sandıq idi. Görünür əvvəllər çox möhkəm imiş, indisə zaman onu çürütmüşdü. Səfillər bir müddət xoşbəxt sükut içərisində sandığa baxdılar. Hindi Co dedi: 
- Dostum, burada min dollarla pul vardır! 
- Deyilənə görə bir yayı buralarda Merrelin quldur dəstəsi dolaşarmış, - deyə o birisi səsləndi. Hindi Co dedi: 


- Bunu mən də eşitmişəm. Görünür bunu elə onlar basdırıblar. 
- İndi sənin o işə girişməyə ehtiyacın yoxdur. Hindi qaşqabağını töküb dedi: 
-Mənə yaxşı bələd deyilsən. Ya da ki, bu iş barəsində təsəvvürün azdır: bu təkcə soyğunçuluq deyil. Burada intiqam məsələsi də var! 


- Conun gözləri qəzəblə parladı. 
- Mənə sənin köməyin lazımdır. Bu iş qurtaran kimi birbaş Texasa gedərik. İndi get evinə, öz Nensinin, uşaqlarının yanına, vaxtında mən sənə xəbər elərəm. 
- Nə deyirəm, sən bilən yaxşıdır. Bəs bunu nə edək? Yenə də basdıraq? 


– Hə. (Yuxarıdakıların sevincinin həddi yox idi). Yox, ulu babalarımın ruhuna and olsun ki, yox! (Yuxarıdakılar olduqca kədərləndilər). Az qala yadımdan çıxmışdı - külüngün üstündə təzə torpaq var idi! (Uşaqlar qorxularından az qaldılar ölələr). Bu bel, bu külüng burada nə gəzir! Onların üstündəki təzə torpaq haradandır? Bunları kim gətirib və gətirən adamlar necə olublar? Sən bir şey eşitmədinmi ki? Buralarda adam-zad görmədin ki? Necə yəni pulu burada basdıraq! Gəlib yerin qazılmış olduğunu görsünlər, hə? Boş sözdür! Bunları mənim mağarama aparmaq lazımdır. 
- Lap yaxşı olar! Bu heç mənim ağlıma gəlməyib! Səncə birinci nömrəyəmi aparaq? 
– Yox, ikinci nömrəyə - xaç altına. Birinci yaramaz, adam çox olur.
 - Yaxşı, bir azdan hava qaralacaq, yola düşə bilərik. Co ayağa qalxıb bir-bir pəncərələrin qabağına gedərək ehtiyatla eşiyə nəzər saldı. Sonra dedi: 
- Axı bu beli, külüngü buraya kim gətirə bilər? Necə bilirsən, bəlkə onlar hələ yuxarıdadırlar? Uşaqlar yenə də qorxularından az qaldılar ölələr. Co bıçağını götürdü, bir dəqiqə tərəddüd etdikdən sonra pilləkənə tərəf getdi. Tomla Hekin anbar yadına düşdü, lakin yerlərindən tərpənməyə hünərləri olmadı. 

 

Onlar pilləkənin cırıldadığını eşitdilər. Vəziyyətləri o qədər ümidsiz idi ki, uşaqlar bir anda özlərinə gəlib anbara qaçmaq istədilər, lakin bu vaxt çürümüş taxta şaqqıltıyla sındı, hindi Co qırılan pilləkən taxtaları ilə birlikdə aşağı uçurlandı. O, yerdən qalxaraq söyüş yağdırmağa başladı, yoldaşı isə dedi: 

 

- Axı ora niyə çıxırdın? Əgər yuxarıda oturan varsa qoy otursun, bundan bizə nə! Ürəkləri istəyirsə, qoy yerə hoppanıb qol-qıçlarını qırsınlar, bizim nə borcumuza! On beş dəqiqədən sonra hava tamamilə qaralacaqdır, onda hünərləri var gəlib bizə çatsınlar. Nə deyirik... Məncə bu karastıları bura gətirən adam bizi görübsə də yəqin cin-şəyatin hesab edib. Olsun ki, hələ indi də dalına baxa-baxa qaçır... 

 

Co bir qədər donquldandı, sonra yoldaşının fikri ilə razılaşdı ki, qaranlıq düşməmiş yır-yığış eləyib yola düşmək lazımdır. Onlar tez bir rmiddətdə yığışıb evdən çıxdılar, get-gedə qatılaşmaqda olan qaranlıqda öz qiymətli sandıqlarını çaya tərəf apardılar. Tomla Hek yerlərindən yarımcan halda qalxdılarsa da, indi özlərini çox rahat hiss edirdilər. İrəli gedib divar tirlərinin arasından səfillərin ardınca baxdılar. Onların dalınca qaçsınlarmı? Əlbəttə yox! Sağ-salamat yerə düşüb, qol-qıçlarını sındırmamaq da uşaqlar üçün kifayət idi. Onlar dağı burulub başqa bir yolla şəhərə getdilər. Çox az danışırdılar, bütün yol uzunu ürəklərində öz-özlərini danlayırdılar ki, nə üçün o zəhrimara qalmış bellə külüngü oraya aparırdılar. Əgər aparmasaydılar hindi Co heç bir şeydən şübhələnməzdi və pulları götürüb aparmazdı. "İntiqam" alıncaya qədər qızılı, gümüşü elə oradaca gizlədərdi, bir gün qayıdıb gəldikdə görərdi ki, pullar yoxdur. Axı beli, külüngü oraya aparmaq nəyinə lazım idi. 

 

Uşaqlar belə qərara gəldilər ki, İspaniyalı fürsət tapıb 'intiqam" almaq üçün şəhərdə göründükdə ona göz qoysunlar və harada olursa olsun "ikinci nömrəyə" gedib çıxınca onu güdsünlər. Birdən Tomun ağlına qorxulu bir fikir gəldi. 


- İntiqam? Hek, bəlkə elə o bizdən intiqam almaq istəyir? Hekin qorxudan qıçları əsdi: 
- Oy, sən Allah kəs səsini! Onlar düz şəhərə qədər bu barədə danışdılar və belə qərara gəldilər ki, hindi bəlkə də heç onları yox, başqa birisini nəzərdə tuturmuş, yaxud da təkcə Tomu deyirmiş, çünki məhkəmədə ifadə verən bircə o idi. Təhlükənin təkcə onu gözləməsi Tom üçün olduqca az təsəlli idi. O, öz-özünə düşünürdü: "Çox adam olduqda heç olmasa asan olur".