Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları.XXXII fəsil

XİLAS OLDULAR 
Çərşənbə axşamı idi. Artıq hava yavaş-yavaş qaralırdı. Sent-Pitersburq şəhərciyi hələ də itmiş uşaqlar üçün göz yaşı axıdırdı. Onları tapa bilməmişdilər. Kilsədə hamı onlar üçün dua edirdi. Çoxları, uşaqlar tapılsın deyə evdə də Allaha ürəkdən dua edirdi. Lakin hələ də mağaradan yaxşı bir xəbər yox idi. Şəhər əhlinin çoxu axtarışdan əl çəkərək öz adi işlərinə qayıtmışdı, onların zənnincə, uşaqları axtarmaq artıq əbəsdi. Missis Tetçer bərk xəstə idi, elə hey sayıqlayırdı. Deyilənə görə, o öz qızını neçə çağırdığını, başını balıncdan qaldırıb uzun-uzadı qulaq asdığını, sonra isə yenə də başını yerə qoyub inildədiyini eşitdikdə adamın ürəyi parçalanır. 

 

Polli xala da yasa batmışdı, onun çal saçları tamamilə ağarmışdı. Tək günü axşam şəhər tamamilə ümidsizliyə qapılaraq qüssəli yuxuya daldı. 

 

Gecənin yarısı birdən bərk səs-küy qopdu və zəng səsi ətrafa yayıldı, bir dəqiqənin içində küçə yarıgeyinmiş sevincək adamlarla doldu; hamı bağırırdı: "Çıxın! Çıxın! Tapılıblar! Tapılıblar"Kilsə zəngləri vurulur, mis tavalar döyülür, şeypurlar çalınır, bütün şəhər Tomla Bekkini qarşılamaq üçün çaya tərəf axışırdı, adamlar uşaqları üstü açıq faytonda gətirirdilər. Onları dövrəyə alaraq, arası kəsilməyən “ura” səsləri altında şəhərin mərkəz küçəsi ilə təntənəli surətdə evlərinə ötürürdülər. 

 

Şəhər çil-çıraqban olmuşdu; daha heç kəs yatmaq istəmirdi. Bu, şəhər əhalisinin həyatında ən təntənəli gecə ilə adamlar bir-birinin ardınca hakim Tetçerin evinə girir, xilas olmuş uşaqları bərk-bərk qucaqlayıb öpür, missis Tetçerin əlini sıxır, nə isə bir söz demək istəyir, lakin heç nə deyə bilməyərək gözləri yaşlı çıxıb gedirdilər.

 

Polli xala tamamilə xoşbəxt idi, missis Tetçer də onun kimi. Lakin onun bir şeyi çatışmırdı: ürəyi tələsirdi ki, magaraya göndərilmiş çapar bu şad xəbəri tezliklə onun ərinə çatdırsın. Tom maraqla qulaq asan dinləyicilər tərəfindən əhatə olunmuş halda divanda uzanmışdı; o öz macərasını ən ağlasığmaz əlavələrlə şişirdərək yanındakılara nağıl edirdi. Nəhayət o, Bekkini tək qoyub, yol axtarmağa getdiyini danışmağa başladı; ipdən tuta-tuta iki dəhlizdən keçib, üçüncüsünə burulduğunu, burada ip qurtardığından geri qayıtmaq istərkən qarşıda gündüz işığına bənzəyən bir parıltı göründüyünü nağıl elədi. O, ipi buraxıb sürünə-sürünə oraya gedir, deşikdən başını bayıra çıxartdıqda qarşıda geniş Missisipi çayının axdığını görür! Bu əhvalat gecə olsaydı o, gündüz işığının parıltısını görə bilməz və həmin dəhlizlə irəliləməzdi. O, Bekkinin yanına necə qayıtdığını, bu şad xəbəri ona necə bildirdiyini də nağıl etdi. Bekki inanmır, deyir ki, belə boş-boş şeylərlə ona əzab verməsin, artıq taqəti yoxdur, tezliklə öləcəkdir, elə özü da bunu arzu edir. Tom, qızı nə cür dilə tutduğunu, inandırdığını, mavi gündüz işığı gorünən yerə gəlib çıxdıqda sevincindən onun az qala öləcəyini də nağıl elədi. Sonra özünün həmin deşikdən birtəhər çıxdığını Bekkinin də çıxmasına kömək etdiyini, sahildə oturub sevindiklərindən ağladıqlarını da danışdı. Onlar sahildə oturarkən yaxınlıqdan, içərisində adamlar olan bir qayıq keçirmiş, Tom onları səsləyib, indicə bu saat mağaradan çıxdıqlarını və acından öldüklərini deyir. Əvvəlcə ona inanmırlar, deyirlər ki, mağara buradan beş mil aralıda, çayın yuxarısındadır, sonra isə onları qayığa götürüb bir evə gətirirlər, yedizdirib-içirtdikdən sonar iki- üç saat yatıb dincəlmək üçün onlara yer salırlar, qaranlıq düşdükdə isə evlərinə gəlirirlər. 

 

Səhərə yaxın hakim Tetçeri və onun köməkçilərini azmamaq üçün ağlamış olduqları ipin köməyi ilə axtarıb tapdılar və şad xəbəri onlara bildirdilər. 

 

Üç gün, üç gecə müddətində mağarada çəkdikləri aclıq və əzab Tomla Bekki üçün hədər getmədi. Onlar bütün çərşənbə və cümə axşamı gününü yataqda keçirtdilər, yorğunluqdan, əzginlikdən ayağa qalxa bilmədilər. Tom cümə axşamı bir neçə saatlığa ayağa qalxdı, cümə günü şəhərə çıxdı, şənbə günü isə, demək olar, tamamilə sağaldı. Bekki isə bazar gününə qədər evdən bayıra çıxmadı, özü də elə hala düşmüşdü ki, elə bil ağır bir xəstəlik keçirmişdi. 

 

Tom Hekin xəstəliyindən xəbər tutan kimi cümə günü ona baş çəkməyə getdi, lakin onu yataq otağına buraxmadılar. Şənbə və bazar günləri də Hekin yanına girə bilmədi. Bundan sonra onu Hekin yanına hər gün buraxmağa başladılar və xəbərdar etdilər ki, öz macərasını nağıl edib dostunu həyəcanlandırmasın. Dul qadın Duqlas özü otaqda qalıb göz olurdu ki, Tom ağzından bir söz qaçırmasın. O, Kardif dağında baş vermiş hadisəni evlərində eşitdi və öyrəndi ki, səfillərdən birinin cəsədini körpünün yanında çaydan çıxardıblar: yəqin o qaçıb canını qurtarmaq istərkən çayda boğulmuşdu. 

 

Tom mağaradan qayıtdıqdan iki həftə sonra yenə də Heklə görüşməyə getdi. O artıq sağalmış və hər cür həyəcanlandırıcı söhbətə qulaq asacaq qədər qüvvə toplaya bilmişdi. Tom elə bilirdi ki, onun deyəcəyi təzə xəbər Hek üçen çox maraqlı olacaqdır. Yolüstü Bekkiyə baş çəkmək üçün hakim Tetçergilə döndü. Hakim və onun tanışları Tomla söhbətə girişdilər, kim isə zarafatla Tomdan xəbər aldı ki, o bir də mağaraya getmək istəyərdimi? Tom cavab verdi ki, bu pis olmazdı. Hakim dedi: 

 

- Tom, mən heç şübhə etmirəm ki, bu cür xasiyyətdə olan təkcə sən deyilsən. Lakin biz lazımi ölçü götürmüşük. Artıq o mağarada heç kəs azmayacaq, ona görə ki, hələ iki həftə bundan qabaq mən oraya dəmir qapı qayırtdırıb üç yerdən də qıfıl vurdurmuşam, açarları da mənim özümdədir. Tomun rəngi kağız kimi ağardı. 
- Sənə nə oldu, əzizim? Tez olun, bir stəkan su gətirin! Su gətirib Tomun üzünə çilədilər.
 - Hə, axır ki, özünə gəldin. Sənə nə oldu, Tom? 
- Mister Tetçer, hindi Co mağaradadır!