Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XXXIII fəsil

TAPILMIŞ XƏZİNƏ 


Bir neçə dəqiqədən sonra bu xəbər şəhərin hər tərəfinə yayıldı, onlarca adamlarla dolu qayıq Mak-Duqla mağarasına tərəf yollandı. Onların ardınca da sərnişinlərlə dolu kiçik gəmi yola düşdü. Tom Soyyer hakim Tetçer ilə bir qayıqda oturmuşdu.

 

Mağaranın qapısı açılan kimi alaqaranlıqda hamının gözü qarşısında kədərli bir mənzərə canlandı. Hindi Co üzünü qapının deşiyinə söykəyərək cansız halda yerdə uzanmışdı, sanki ömrünün son dəqiqəsinə qədər öz kədərli baxışlarını işıqlı dünyadan, asudə həyatdan ayıra bilməmişdi. Tom bu bədbəxtin nələr çəkmiş olduğunu öz şəxsi təcrübəsindən bildiyindən tutuldu. Ona yazığı gəldi, bununla belə qəlbində böyük yüngüllük hiss edirdi, elə bil ki, üstündən ağır daş götürülmüşdü. O yalnız indi başa düşdü ki, cəsarət edib məhkəmədə hindi Conun əleyhinə danışdığı gündən bəri qorxudan nə qədər əzab çəkmişdir. 

 

Hindi Conun ov bıçağı ortadan iki bölünmüş, onun yanında yerə düşmüşdü. Qapının aşağısındakı ağır tir bıçaqla parça-parça kəsilmiş və didilmişdi. Co bununçün az zəhmət sərf etməmişdi. Lakin bu zəhmət hədər getmişdi, çünki qapının bayır tərəfini ağır bir qaya astana tək tutmuşdu ki, Co heç cürə onu kənar edə bilməzdi. Onun bıçağı sınmış, daha heç bir şey edə bilməmişdi. Lakin bayır tərəfdə daş astana olmasaydı belə, Co heç bir şey edə bilməzdi, ona görə ki, qapının aşağısını kəssəydi də bədəni oradan keçməyəcəkdi, bunu o özü də bilirdi. O tiri yalnız ona görə doğramışdı ki, heç olmasa bir işlə məşğul olub vaxtını keçirsin və əzab çəkən beynini məşğul edə bilsin. 

 

Adətən divarların yarıqlarında turistlər tərəfindən atılmış onlarca şam qırığı olardı, ancaq indi onlardan biri də yox idi. Əsir onların hamısını tapıb yemişdi. Bundan başqa o, bir neçə yarasa da tutub yemişdi. yerdə onların yalnız dırnaqları qalmışdı. 

Bədbəxt acından ölmüşdü. Qapının yaxınlığında yerdən bir stalaqmit yüksəlirdi, bu əsrlər boyu yuxarıdan, stalaktitdən damcılayan su damlalarından əmələ gəlmişdi. Dustaq həmin stalaqmitin təpəsini qoparıb oraya bir daş qoymuşdu; daşın ortasını da oyub dərinlətmişdi ki, hər üç dəqiqədən bir divar saatının cansıxıcı çıqqıltısını xatırladan bir ahənglə düşən qiymətli damcılar oraya yığılsın - beləliklə, iyirmi dord saatın ərzində oraya cəmisi bir qaşıq su toplanırdı. 

 

Bədbəxt hindinin qiymətli su damcılarını toplamaq üçün daşı oyduğu vaxtdan çox-çox illər keçmişdir, lakin o vaxtdan bəri Mak-Duqal mağarasının qəribəliklərinə tamaşa etməyə gələn turistlər hər şeydən artıq bu daşa və ağır-ağır düşən damcılara tamaşa edirlər. Mağaradakı qəribə şeylər siyahısında birinci yerdə hindi Conun piyaləsi durur; hətta "Əlaiddin sarayı" belə onunla müqayisə edilə bilməz. 

 

Hindi Conu mağaranın qapısının yanında basdırdılar. 

 

Dəfn gününün səhərisi Tom Heki xəlvət bir yerə apardı ki, mühüm məsələ haqqında onlarla danışsın. Hek Tomun başına gələnləri artıq dul qadın Duqlasdan və vallislidən eşitmişdi, lakin Tom dedi ki, Hekin eşitdikləri hamısı deyil: onun hələ bir şeydən xəbəri yoxdur ki, həmin o haqda da Hekla danışmaq istəyir. Hekin sifəti tutuldu. O dedi: 

 

- Mən bilirəm nə barədə danışacaqsan. Yəqin ki, ikinci nömrədə olmusan və viskidən başqa heç bir şey tapmamısan. Mənə heç kəs bir söz deməyib, ancaq viski məsələsini eşidəndə o saat başa düşdüm ki, sənsən. Mən bilirdim ki, sən pul tapmamısan, yoxsa başqa bir adama deməsən də birtəhər imkan tapıb mənə xəbər verərdin. Tom, mənim elə əvvəldən ürəyimə dammışdı ki, biz səninlə bu pulun üzünü görməyəcəyik. 

 

- Sən nə danışırsan, Hek, mehmanxana sahibini şeytanlayan mən deyiləm! Sən özün də bilirsən ki, hələ şənbə günü biz gəzintiyə getdiyimiz vaxt ora açıq idi. Niyə yadından çıxıb, axı o gecə pusquda durmaq sənin növbən idi? 

- Hə, düz deyirsən. Elə bil ki, o vaxtdan düz bir il keçib. Bu həmin o gecə idi ki, mən Conun dalınca düşüb onu dul qadın Duqlasgilə qədər izlədim. 
- Demək, həmin gecə onu güdüb, cinayətinin üstünü açan sənsən? 
- Hə, ancaq səsini kəs, bir söz danışma. Yəqin ki, Conun yaxın dostları vardır, nə lazım ki, məndən narazı qalsınlar, başıma bir iş açsınlar! Əgər mən olmasaydım, o yəqin ki, indi Texasda idi. Bundan sonra Hek olub-keçən əhvalatın hamısını xəlvəti Toma nağıl elədi. Tom bunların ancaq yarısını vallislidən eşitmişdi. 
- Hə, - deyə Hek yenə də əsas məsələnin üzərinə qayıtdı, - ikinci nömrədən viski çəlləyini kim aparıbsa, pulları da elə o aparıb, hər halda o pullar bizim əlimizdən çıxmışdır, Tom! 
- Hek, o pullar heç ikinci nömrənin üzünü də görməyib! 
- Necə yəni görməyib? 
- Heklberri diqqətlə yoldaşının gözlərinin içinə baxdı.
 - Tom, bəlkə sən yenə də o pulların izinə düşmüsən? 
- Hek, pullar mağaradadır! 

Hekin gözləri işıldadı: 
- Tom, sən nə dedin, onu bir də de! 
- Pullar mağaradadır! 
- Tom, sən Allah, de görüm zarafat edirsən, ya düz deyirsən? 
- Düzünü deyirəm, Hek. Hələ mən ömrümdə heç kəsə belə düz söz deməmişəm. Mənimlə ora gedib pulu çıxarmağa kömək edərsənmi? 
- Bəs eləmərəm! Ancaq gərək nişanə qoya-qoya gedək, yoxsa azıb qalarıq. 
- Hek, bu bizim üçün heç bir çətinlik törətməyəcək! 
- Çox gözəl! Bəs sən haradan bilirsən ki, pullar... 
- Hələ bir səbr elə, qoy gedək yerinə çataq! Əgər tapmasaq mən öz təbilimi, hər nəyim varsa hamısını sənə verərəm! Vallah verərəm! 
- Yaxşı, mən razıyaın. Nə vaxt getmək fikrindəsən? 
- İstəsən lap elə indi. Qüvvən çatarmı? 
- Qapıdan çox uzaqdadır? Mən üç-dörd gündür ki, ayağa durmuşam, yavaşyavaş gəzirəm, ancaq bir mildən artıq yol gedə bilmərəm. 
- Hamı gedən yolla getsək, gərək beş mil gedək, amma mən yaxın yol bilirəm, oranı məndən başqa heç kim bilmir. Hek mən səni qayıqda apararam. Gedəndə də, qayıdanda da özüm avar çəkərəm. Sən heç yerindən də tərpənməyəcəksən. 
- Gəl elə bu saat gedək. 


- Yaxşı. Özümüzlə ət, çörək, papiros, iki-uç kisə, bir yumaq ip, bir də o təzə şeydən, kükürdlü kibritdir-nədir, ondan aparaq. Bilirsənmi yanımda ondan olmadığına nə qədər təəssüf etmişəm? Günortadan sonra uşaqlar özü evdə olmayan bir şəhər adamının qayığını əmanət götürüb yola düşdülər. Onlar mağaranın ağzından bir neçə mil o yana üzdükdən sonra Tom dedi: 
- Bax, o uçurumu görürsənmi? Mağaranın ağzından oraya qədər dümdüzdür: nə bir ev var, nə meşə anbarı, hətta kol-kos da hər yerdə bir-birinin eynidir. Bax, oradakı o ağ ləkəni də görürsənmi? O nişanı mən qoymuşam. İndi bu saatca sahilə yan alacağıq. Onlar sahilə çıxdılar. 

 

- Hek, bax, o sən durduğun yerdən mağaranın ağzına qarmaq atsan çatar. İndi hünərin var axtar, tap! Hek hər tərəfi axtardı, ancaq giriş yolunu tapa bilmədi. Tom təşəxxüslə sıx sumaq kollarının arasına girib dedi: 
- Bax, budur! Hek, mağaraya girmək üçün belə bir əlverişli yol heç yerdə tapa bilməzsən. Ancaq sən bu barədə səsini çıxartma. Axı mən çoxdan bəridir ki, quldurluğa hazırlaşıram, amma əlverişli bir yer tapa bilmirdim, axı haradan tapasan! Amma indi ki belə bir yer tapıldı. Co Qarperdən və Ben Rocersdon başqa buranı heç kəsə tanıtdırmarıq. Quldur başının gərək yaxşı dəstəsi olsun, yoxsa bunsuz ne oyun! Tom Soyyerin quldur dəstəsi - bəh-bəh, nə gözəl səslənir! Elə deyilmi, Hek? 
- Hə, Tom, pis səslənmir. Bəs bizim soyduğumuz kimlər olacaqdır? - Nə çoxdur adam! Həmişəki kimi pusquda durarıq, hücuma keçərik.
 - Adam da öldürəcəyik? 
- Yox, həmişə yox. Özləri üçün azadolunma haqqı verənə qədər əsirləri mağarada saxlayacağıq. 
- Azadolunma haqqı nə deməkdir? 
- Puldur. 

 

Onları məcbur edirsən tanış adamlarından borc alıb verirlər, əgər bir ilə qədər verməsələr öldürürsən. Hamı belə edir. Yalnız qadınları öldürmürlər, onları əsirlikdə saxlayırlar. Onlar həmişə çox gözəl və dövlətli olurlar. Saatlarını, hər şeylərini əllərindən alırsan, ancaq ki, nəzakətlə rəftar etmək və danışdıqda şlyapalı çıxarmaq lazımdır. Ümumiyyətlə, dünyada quldurlardan nəzakətli adam tapmazsan, lap hansı kitabı istəyirsən götür bax, orada belə yazılmışdır. Qadınlar o saatca sənə aşiq olacaqlar, bir-iki həftə mağarada qalandan sonra, ora öyrəşəcəklər, daha ağlamayacaqlar, ondan sonra qovsan da getməyəcəklər. Əgər qovsan, yenə də hərlənib-fırlanıb sənin yanına qayıdacaqlar. Bütün kitablarda belədir. 
- Nə qəribədir, Tom! Məncə, bu, dəniz qulduru olmaqdan qat-qat yaxşıdır. 

- Əlbəttə, yaxşıdır: həm evə yaxındır, həm sirkə yaxındır, daha nə istəyirsən! Nəhayət, hər şey hazır oldu, uşaqlar yarığa girdilər. Tom qabaqda sürünürdü. Onlar birtəhər keçidin axırınadək gedib ipi bir yerə bağladılar, sonra isə irəli getməyə başladılar. Bir neçə addım getdikdən sonra bulağın başına çatdılar. Tom bədəninin təpədən-dırnağadək əsdiyini hiss etdi. O, divarın dibində, gil parçasının üstündəki piltə qalığını Hekə göstərib Bekki ilə birlikdə şamın yanıb qurtarmasına tamaşa etdiklərini ona təsvir etdi. Uşaqlar pıçıltı ilə danışmağa başladılar, ona görə ki, mağaradakı sakitlik və zülmət onları sıxırdı. Onlar yavaş-yavaş irəliləyərək ikinci dəhlizə çatdılar. Oradan da "uçuruma" qədər getdilər. Şam işığında məlum oldu ki, orada heç bir uçurum yoxdur, cəmisi iyirmi-otuz fut dərinlikdə bir çuxurdur. Tom pıçıltı ilə dedi

 

- Hek, indi mən sənə bir şey göstərəcəyəm. O, şamı yuxarı qaldırıb dedi: 
- Əyil tinin o tərəfinə bax. Görürsənmi? Odur, bax, orada, o böyük daşın üstündəki şam hisini deyirəm. 
- O ki, xaçdır! 
- Bəs sənin ikinci nömrən necə oldu? Deməmişdilərmi "xaçın altında?" Əlində şam tutmuş olan hindi Conu da mən elə burada görmüşdüm! Hek uzun müddət sirli işarəyə baxdı, sonra titrək səslə dedi: 
- Tom, yaxşısı budur, buradan çıxıb gedək! 
- Necə yəni gedək! Deyirsən xəzinədən əl çəkək? 
- Hə, lazım deyil. Yəqin ki, hindi Conun ruhu buralarda – yaxında dolaşır. 
- Yox, Hek, burada deyil, heç də burada deyil. Buradan beş mil aralıda, mağaranın qapısının ağzında, hindi Conun öldüyü yerdədir.
 - Elə şey yoxdur! Buralarda pulun ətrafında dolaşır. Ruhların xasiyyətini mən çox yaxşı bilirəm, elə sən özün də bilirsən ki. Tom Hekin bəlkə də haqlı olduğunu fikirləşərək qorxuya düşdü. Nə isə ürəyinə dammış bir şey onu sıxırdı. Lakin birdən ağlına başqa bir fikir gəldi: 


- Bura bax, Hek, amma yamanca axmağıq! Hindi Conun ruhu heç xaça yaxın düşər? Dəlil əsaslı idi; bu, Heki inandırdı. 
- Tom, bu heç mənim ağlıma gəlməyib! Doğru deyirsən - bəxtimiz onda gətirib ki, burada xaç var. Mən bilən indi biz aşağı düşüb sandığı axtara bilərik. Tom birinci düşməyə başladı. O aşağı endikcə gilli enişdə pillələr düzəldirdi. Hek də onun dalınca endi. İçərisində iri bir daş olan kahadan o yan-bu yana dörd qalereya ayrılırdı. Uşaqlar onlardan üçünün içərisini axtardılar, ancaq heç bir şey tapa bilmədilər. Daşın dibinə yaxın olan qalereyada onlar dərin çökək gördülər, oraya adyal sərilmişdi, bundan başqa, yerdə köhnə bir aşırma, donuz dərisi və iki-üç toyuğun möhkəm gəmirilmiş sümüyü var idi. Ancaq sandıq orada deyildi. Onlar axtardılar, axtardılar, heç bir şey tapmadılar. Tom:

- Axı o dedi ki, "xaçın altında"! Xaça hər yerdən yaxın elə buradır. Daşın lap altında ola bilməz, ona görə ki, aşağısı çox dərindədir. Onlar bir də hər tərəfi axtardılar, yorulduqdan sonra oturub dincəldilər. Birdən Tom dedi: 

- Bura bax, Hek, daşın bir tərəfində ayaq izləri var, torpağın üstünə də şamın piyi damcılayıb, o biri tərəflərdə isə heç bir şey yoxdur. Səncə bu nə üçün belədir? Mən elə zənn edirəm ki, pul daşın altındadır. Bu saatca yeri qazımağa başlayacağam. Hek bir qədər hərəkətə gəldi: 

 

- Tom, sən bunu yaxşı fikirləşmisən, - dedi. Tom Barlou firmasından olan "həqiqi" bıçağını işə salıb yeri qazımağa başladı, elə azacıq qazımışdı ki, bıçağın ucu taxtaya toxundu. 
- Hek, eşitdinmi? Hek də yeri qazımağa və ovcu ilə torpağı kənara atmağa başladı. Bir azdan taxtalar göründü, uşaqlar onları çəkib çıxartdılar. Taxtaların altından daşın altına tərəf gedən bir yol açılırdı. Tom oraya girərək əlindəki şamı mümkün qədər özündən irəli uzatdı, lakin yanğın harada qurtardığı görünmürdü. O dedi ki, qabağa keçib içərini yoxlayacaqdı. İkiqat əyilərək daşın altına tərəf irəliləməyə başladı; darısqal keçid maili halda aşağı enirdi. Tom əvvəlcə sağa, sonra isə sola buruldu. Hek də onunla daban-dabana irəliləyirdi. Bir qısa döngə də burulduqdan sonra Tom birdən çığırdı: 

 

- Aman Allah, Hek, bir bura bax! Bu, həmin içərisində pul olan sandıq idi, balaca, xəlvət bir kahada gizlədilmişdi; yanında boş barıt çəlləyi, meşin üzlü iki tüfəng, maral dərisindən iki-üç cüt köhnə çust, qayış kəmər və divardan damcılayan sudan islanmış başqa zir-zibil var idi. 


- Axır ki ələ keçirə bildik! – deyə Hek rəngi tutqunlaşmış pulları eşələdi. - Artıq biz varlıyıq, Tom! - Hek, mən həmişə düşünürdüm ki, bu pullar bizə çatacaqdır. Adam inanmır-, ancaq görürsənmi, pullar bizim oldu! Bilirsənmi nə var: burada qurdalanmağın mənası yoxdur, gəl çıxaq. Qoy görüm sandığı qaldıra bilərəmmi?! Sandığın əlli funt ağırlığı olardı. Tom onu birtəhər yerindən qaldıra bildi, lakin aparmaq çox çətin idi. Tom dedi: - Mən elə bilirdim ki, qaldırmaq çətin olacaq. Onlar xaraba evdən qoltuqlarında sandıq çıxanda yerişlərindən onun ağır olduğu bilinirdi. Bu o saatca mənim gözümə dəymişdi. Yaxşı ki, özümlə kisə gətirməyi unutmamışam! Tezliklə onlar pulları kisələrə boşaldıb yuxarıya, xaç işarəsi olan daşın yanına çıxartdılar. 

Hek dedi: 
- Gəl tüfəngləri və yerdə qalan şeyləri də götürək. 

 

- Yox, Hek, qoy onlar burada qalsın. Biz quldurluğa gedəndə bunların hamısı bizə lazım olacaq. Gedək, Hek, burada çox yubandıq. 

- Yəqin ki, artıq gecdir, acmışam, yemək istəyirəm. Gedək qayığımızın yanına, orada çörəyimizi yeyib, papiros çəkərik. Onlar mağaradan bayıra çıxdılar, sıx sumaq kollarının arasında o tərəf-bu tərəfə baxdılar və ətrafda heç bir kəs olmadığını gördükdə qayığa minib oturdular, çörək yedilər, demi çəkdilər. Günəş qüruba tərəf enməyə başlayanda sahildən aralanaraq geriyə üzdülər. Necə ki ala-qaranlıqdı, Tom həmişə sahil boyu avar çəkərək Heklə laqqırtı vururdu, hava tamamilə qaralan kimi o sahilə yan aldı. Tom dedi: - Hek, bilirsən nə var, biz pulları dul qadının qum ot sarayında gizlədərik, səhər gələrəm, sayıb bölüşərik, sonra meşədə əl-ayaq dəyməyən bir yerdə basdırarıq. Sən burada otur gözlə, mən qaçım Benni Teylorun əl arabasını xəlvətcə gətirim. Bircə dəqiqəyə qayıdıram. O getdi və çox çəkmədən əl arabası ilə qayıdıb gəldi. Kisələri arabaya yığdı, üstünü köhnə əsgilərlə örtdükdən sonra yola düzəldilər. Uşaqlar vallislinin evinin bərabərinə çatdıqda bir qədər dayandılar ki, dincəlsinlər. Onlar elə yola düşüb getmək istəyirdilər ki, qoca artırmaya çıxıb onları səslədi: 

- Oradakı kimdir? 

- Hek Finnlə Tom Soyyer. 

 

- Bu lap yaxşı oldu! Gəlin mənimlə gedək, uşaqlar, hamı sizi gözləyir. Tez olun keçin qabağa, mən arabanızı gətirərəm. Baho, nə yaman ağırdır! Bu nədir belə? Kərpicdir, yoxsa dəmir qırıntısı? 

- Dəmir qırıntısı!


 - O saat bildim. Bizim şəhərin uşaqlarının öz qüvvələrinə hayıfları gəlmir, nə qədər desən dəmir qırıntısı yığırlar, bahasına zavodda o qədər pul verən də olmur, ancaq ikiqat zəhmət haqqı versən belə əməlli-başlı bir işdən yapışmazlar. İnsanın təbiəti belədir. Hə, tez olun, bir az cəld tərpənin! Uşaqlar nə üçün tələsməli olduqlarını bilmək istədilər. 

 

- Səbr edin, tezliklə bilərsiniz, qoyun bir xanım Duqlasın evinə çataq. Hek nahaq ittihamlara alışmış olduğundan qorxa-qorxa soruşdıı: - Mister Cons, axı biz neyləmişik ki? Vallisli güldü: 

- Daha mən bilmirəm, Hek, oğlum! Heç bir şey bilmirəm. Məgər dul qadının sənə münasibəti pis idi! 

 

- Yox, o mənə çox yaxşı münasibət bəsləyir, bu, doğrudur. 

 

- Onda bəs nə deyirsən? Nədən qorxursan? Hek hələ bu suala ürəyində cavab tapmamış onu Tomla birlikdə itələyib xanım Duqlasın qonaq otağına saldılar. Mister Cons da arabanı artırmanın altında qoyub onların dalınca içəriyə girdi. Qonaq otağı çil-çıraqban edilmiş, şəhərin bütün adlı-sanlı adamları oraya toplanmışdı. Tetçerlər, Qarperlər, Rodcerslər, Polli xala, Sid, Meri, keşiş, yerli qəzetin redaktoru və başqa adamlar içəridə oturmuşdular. Hamı bayramsayağı geyinib-kecinmişdi. Dul qadın uşaqları mehribanlıqla qəbul etdi. Ancaq onların üst-başları yaman gündə idi, təpədən-dırnağadək palçığa və əriyib damcılanmış şampiyinə bulaşmışdı. Polli xala xəcalətindən qıpqırmızı qızararaq, qaşqabağını salladı və başı ilə Tomu hədələməyə başladı. Uşaqlar isə onsuz da başqa qonaqlardan özlərini qat-qat pis hiss edirdilər. Mister Cons dedi: 

 

- Tom hələ evlərində olmayıb; mən elə bildim ki, onu tapa bilməyəcəyəm, birdən öz qapımın ağzında ikisinə də rast gəlib, elə o saatca buraya gətirdim. Dul qadın dedi: 

 

- Lap yaxşı eləmisiniz. Uşaqlar, dalımca gəlin. Dul qadın onları yataq otağına apardı. - İndi əl-üzünüzü yuyun, paltarınızı, dəyişin, - dedi. 
- Budur, sizə iki dəst təzə kostyum, corab və nə lazımsa, hamısını verirəm. Bu kostyumlar Hekindir... Yox, yox, təşəkkür eləmə, Hek, onların birini mister Cons alıb, o birini də mən. Ancaq onlar ikinizə də yarayar. Geyinin. Biz sizi gözləyəcəyik. Üst-başımızı qaydaya salandan sonra gələrsiniz aşağı. Qadın çıxıb getdi.