Görkəmli şəxsiyyətlər

Elmira Nəzirova

Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Elmira Mirzə Rza qızı Nəzirova 30 noyabr 1928-ci ildə Bakıda anadan olmuşdur.

 
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında professor Georgi Şaroyevin fortepiano sinfində təhsil alan Elmira Nəzirova 1950-ci ildə oranı bitirmiş, 1951-ci ildən Konservatoriyada fortepiano sinfində dərs demişdir.
 
 
O, simfonik orkestr üçün uvertüranın, fortepiano ilə orkestr üçün üç konsertin, fortepiano üçün prelüdlərin, variasiyaların, skripka, violonçel və fortepiano üçün sonatanın, Azərbaycan xalq mahnıları və romanslar mövzusunda işləmələrin müəllifidir.
 
 
1953-cü ildən SSRİ Bəstəkarlar İttifaqının və Azərbaycan SSR Bəstəkarlar İttifaqının üzvü olmuşdur. Elmira Nəzirovanın böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovla birlikdə yazdığı "Ərəb mövzusunda fortepiano üçün konsert" Azərbaycan musiqi mədəniyyətində böyük hadisə olmuşdur. 
 
 
Bəstəkar 1990-cı ildən İsraildə yaşamağa başlamış, orada pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Onun şagirdləri arasında bir sıra beynəlxalq müsabiqələrin laureatları var, onlar Azərbaycan mədəniyyətini müxtəlif ölkələrdə təmsil edirlər.
 
 
 SSRİ-nin “Şərəf nişanı” ordeni ilə təltif olunan Elmira Nəzirova 2014-cü il yanvarın 23-də İsraildə vəfat etmişdir.