Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. II fəsil

BİZİM DƏSTƏNİN DƏHŞƏTLİ ANDI 

 

Biz ağacların arasındakı cığırla ayaqlarımızın ucunda dul qadın Duqlasın bağçasının qurtaracağına sarı getməyə başladıq; ağacların budaqları başımıza toxunmasın deyə, aşağı əyilə-əyilə gedirdik. Mətbəxin yanından keçəndə ayağım kötüyə ilişib səs elədi. Biz yerə yataraq səsimizi kəsdik. Miss Uotsonun böyük zəncisi - onun adı Cim idi - mətbəxin astanasında oturmuşdu; biz onu yaxşı görürdük. Çünki onun arxasında şam yanırdı. O, ayağa sıçrayıb boynunu uzadaraq bir dəqiqəyə qədər ətrafa qulaq asdı, sonra isə dilləndi: 

- Kimdir orda? 

O bir qədər də qulaq verdi, sonra ayaqlarının ucunda gələrək lap bizim ikimizin arasında dayandı: belə ki, barmağımızı uzatsaydıq, ona deyərdi. Deyəsən, axı xeyli vaxt keçmiş, heç bir şey eşidilməmişdi, biz isə bir-birimizin lap yanındaydıq. Birdən topuğum qaşınmağa başladı, qaşımağa isə qorxurdum; sonra qulağım, daha sonra isə lap iki kürəyimin arası qaşınmağa başladı. Gördüm ki, qaşımasam. lap öləcəyəm. Mən bunu sonralar da hiss etmişəm: əgər bir yerə qonaq gedirsən, yaxud dəfndə iştirak edirsən, yaxud yuxulamaq istəyirsən, amma heç cürə yata bilmirsən, ümumiyyətlə qaşınmaq heç cürə mümkün olmayan belə yerlərdə mütləq hər yerin birdən qaşınmağa başlayır. 

 

Bu vaxt Cim yenə dilləndi: 
- Bura baxın, kimsiniz? Haradasınız? Axı, mən hamısını eşitmişəm, bu nə heyvərəlikdir! Yaxşı, mən bilirəm nə etmək lazımdır: oturub bir şey eşidincəyədək gözləyəcəyəm. 

 

Sonra Cim mənimlə Tomun arasında yerə oturdu, arxasını ağaca söykəyib ayaqlarını elə uzatdı ki, bir ayağı az qala mənim ayağıma toxundu. Mənim birdən burnum gicişməyə başladı. Elə gicişidi ki, gözlərim yaşardı, qaşımağa isə qorxurdum. Sonra burnumun içi, daha sonra isə bığ yerim qaşınmağa başladı. Mən yerimdə otura bilmirdim. Bu müsibət altı-yeddi dəqiqə davam etdi, mənə isə elə gəldi ki, lap çox keçdi. Indi mənim birdən-birə on bir yerim qaşınırdı. Mən belə görürdüm ki, daha bir dəqiqədən artıq dözə bilməyəcəyəm, amma yenə birtəhər özümü saxladım; fikirləşdim ki, çalışıb dözərəm. Elə bu vaxt Cim bərkdən nəfəs almağa başladı, sonra xoruldadı. mənim də birdən-birə halım yaxşılaşdı. 

 

Tom güclə eşidiləcək səslə astadan dodaqlarını marçıldadıb işarə etdi və biz iməkləyə-iməkləyə aradan çıxdıq. Təxminən on addım iməkləyəndən sonra Tom mənə pıçıldadı ki, gülmək üçün Cimi ağaca sarımaq istəyir. Mən isə dedim: "Eləməsən yaxşıdır. O, oyanıb hay-küy qaldırar, onda görərlər ki, mən yerimdə yoxam". Tom dedi ki, yanımda şam azdır, birtəhər mətbəxə keçib çoxlu şam götürmək lazımdır. Mən onu saxlayır, deyirdim ki, Cim oyanıb məlbəxə keçə bilər. Tom isə risk etmək istəyirdi; biz gedib mətbəxə girdik, üç dənə şam götürdük, Tom şamların dəyəri əvəzinə stolun üstünə beş sent pul qoydu. Sonra biz mətbəxdən çıxdiq; tezliklə burdan uzaqlaşmaq üçün səbrim tükənmişdi, Tom isə mütləq iməkləyə-iməkləyə Cimin yanına getmək və onun başına bir oyun açmaq istəyirdi. Dayanıb onu gözlədim, mənə elə gəldi ki, olduqca çox gözlədim, çünki ətraf tamam boş sükut içərisində idi. 

 

Tom qayıdıb gələn kimi biz qaça-qaça cığır yolla bağçanı dövrə vurub azca sonra evin əks tərəfindəki dağın lap təpəsinə gəlib çatdıq. Tom dedi ki, Cimin şlyapasını başından götürüb elə onun başı üzərindəki kiçik bir budaqdan asmışdır, Cim isə bir qədər tərpənmiş, amma oyanmamışdır. Sabahı gin Cim nağıl edirdi ki, guya əcinnələr onu cadulamış, yuxuya verib belinə minmiş və bütün ştalı gəzib dolaşmışlar, sonra isə onu gətirib ağacın altında oturtmuş və bütün bu işləri kimin etdiyini o saat göstərmək üçün şlyapasını budaqdan asmışlar. O biri dəfə isə Cim artıq nağıl edirmiş ki, guya əcinnələr onun belində Yeni Orleana qədər gediblərmiş; sonra o hər dəfə daha uzaq yerlərə getdiklərini söyləyirmiş, hətta ən nəhayət, deyirmiş ki, guya əcinnələr onun belində bütün dünyanı dolaşmış, onu lap ölüncəyə qədər yormuşlar, kürəyi yəhər altı kimi tamam sürtülübmüş. Cim bundan sonra elə fəxr edirmiş ki, o biri zəncilərin üzünə belə baxmaq istəmirmiş. Zəncilər bu barədə Cimin dediklərini eşitmək üçün çox-çox uzaqlardan durub buraya gəlirdilər. Beləliklə, Cim bizim yerlərdə heç bir zəncinin görmədiyi hörmət və ehtiram sahibi oldu. Tanış zəncilər ona rast gəldikdə ağızlarını açıb durur, əcaib bir şey görürmüşlər kimi ona baxırdılar. Axşam olcaq zəncilər həmişə mətbəxdə ocaq başına yığışır, əcinnələr haqqında söhbətə başlayırdılar; amma birisi ağzını açıb bu haqda danışan kimi Cim onun sözünü yarımçıq kəsib deyirdi: "Hm. Axı sən əcinnələr haqqında nə bilə bilərsən!" 

 

Həmin zənci də o saat sakit olub susacaqdı. Cim beş sentlik pulu ipə keçirib həmişə boynunda gəzdirirdi; o nağıl edirdi ki, guya bu tilsimi ona şeytanın özü bağışlamış və demişdir ki, bununla bütün xəstəlikləri sağaltmaq və istədiyin vaxtda əcinnələri çağırmaq mümkündür, bunun üçün pula baxa-baxa dodaqaltı nə isə pıçıldamaq kifayətdir; amma Cim nə pıçıldadığını heç vaxt demirdi. Zəncilər bütün ətrafdan yığışıb gəlir və pula bircə dəfə baxmaqdan ötrü bütün var-yoxlarını Cimə verirdilər; ancaq onlar heç vaxt pula toxunmazdılar, çünki pul şeytanın əlində olubmuş. Nökər Cim indi daha heç nəyə yaramırdı, şeytanı gördüyü və əcinnələri belinə mindirib bütün dinyanı gəzdirdiyi üçün həddən artıq lovğalıq edirdi. 

 

Hə, keçim mətləb üstə, Tomla birlikdə uçurumun kənarına yaxınlaşıb aşağıya, kiçik şəhərə baxanda, orada cəmisi üç-dörd yerdən işıq gəlirdi - bu da, yəqin ki, xəstələri olan evlər idi; yuxarıda, başımızın üzərində ulduzlar sayrışırdı, şəhərdən aşağıda isə bir mil eni olan çay sakit, aram-aram axıb gedirdi. Biz dağdan enib Co Harper ilə Ben Rocersi və daha iki ya üç oğlanı axtarıb tapdıq; bu oğlanlar köhnə gön zavodunda gizlənmişdilər. Biz kiçik bir qayığı çayın sahilindən açıb çayla iki mil yarıma qədər aşağıya, sahilin qayalıq tərəfindəki böyük çökəkliyədək üzdük, orada sahilə çıxdıq. 

 

Kolluqlara gəlib çatdıqda Tom Soyyer bizim hamımızı and içməyə məcbur etdi ki, bu sirri heç kimə açmayacağıq, sonra isə kolların daha sıx bitdiyi yerdə mağaraya gedən yolu bizə göstərdi. Biz şamları yandırıb iməkləyə-iməkləyə zağaya sarı getdik. Təxminən iki yüz addım iməklədikdən sonra mağaraya çatdıq. Tom keçidləri dolaşaraq tezliklə bir tərəfdə, divarın altında gözdən itdi. Siz heç vaxt hiss eləməzdiniz ki, orada yol var. Bu dar yolla biz bir növ otağa - olduqca rütubətli, yaş və soyuq otağa daxil olub orada dayandıq. 


Tom dedi: 
- Hə, indi biz quldur dəstəsi toplayıb bu dəstəyə "Tom Soyyerin quldur dəstəsi" adını verərik. Bizimlə birlikdə quldurluq etmək istəyənlər isə and içməli, buna öz qanları ilə qol çəkməlidirlər. 

 

Hamı razı oldu. Tom bir kağız çıxartdı, bu kağızda yazılmış andı oxudu. Bu and bütün uşaqları quldur dəstəsində möhkəm olmağa və onun sirlərini heç kimə açmamağa çağırırdı; bizim dəstəmizdən olan uşağı təhqir edən olarsa, onda həmin uşaq, təhqir edən adamı və onun bütün qohumlarını öldürməlidir, uşaq onların hamısını öldürüb döşlərində xaç nişanı - bizim quldur dəstəsinin nişanı kəsməyincə nə yeməli, nə də yatmalıdır. Belə bir nişan qoymağa heç bir kənar adamın hüququ yoxdur, buna yalnız bizim quldur dəstəsinə mənsub olanların hüququ vardır; əgər kənar bir adam bu nişanını qoyarsa, onda quldur dəstəsi onu məhkəməyə verəcək, yox, əgər həmin adam itaət etməyib yenə nişan qoyarsa, onu öldürəcəkdir. Quldur dəstəsindən olan bir kimsə bizim sirrimizi özgəyə açarsa, onun başını kəsəcək, sonra isə meyitini yandırıb külünü göyə sovuracaqlar; onun adı qan ilə siyahıdan pozulacaq və onu bir daha heç kəs yad etməyəcəkdir, ona lənət yağdıracaq, onu həmişəlik unudacaqlar. 

 

Hamı söylədi ki, and çox gözəldir; sonra Tomdan soruşdular ki, bunu onun özü fikirləşib yazıb, yaxud başqa birisi. Demə bəzi yerlərini onun özü fikirləşib, qalanlarını isə quldurlar və piratlar haqqındakı kitablardan götürüb, hər bir əsl quldur dəstəsinin guya belə bir andı vardır. Bəziləri dedilər ki, sirri açan uşaqların qohumlarını öldürmək yaxşı olardı. Tom qeyd etdi ki, bu pis fikir deyil və karandaş götürüb bunları yazdı. Bu vaxt Ben Rocers dedi:

 

- Yaxşı, Hek Finnin heç bir qohumu yoxdur; bəs onda necə olsun? 

- Nə olar, atası ki, var. 

- Hə, atası var, amma onu indi haradan axtarıb tapacaqsan. O bir vaxtlar gön zavodunda həmişə sərxoş olub ağlayar, donuzlarla bir yerdə qalardı, ancaq indi bir ildən artıq olar ki, bizim yerlərdə gözə dəymir.

Onlar öz aralarında məsləhətləşərək az qala məni siyahıdan pozacaqdılar; deyirdilər ki, hər bir oğlanın öldürülə biləcək qohumları və ya başqa bir adamı olmalıdır, yoxsa başqaları narazı qalar. Beləliklə, heç biri bir şey fikirləşib deyə bilmədi, hamısı çətin vəziyyətə düşüb susdu. Mən əvvəlcə az qala ağlayacaqdım, sonra isə birdən düşünüb tapdım; mən miss Uotsonu onlara təklif etdim, qoy onu öldürsünlər. Hamı razı oldu: 

- Nə olar ki, kara gələr. İndi hər şey qaydaya düşdü. Heki qəbul etmək olar. 

 

Bundan sonra hamı barmağını sancaqla deşib qan ilə qol çəkməyə başladı, mən də öz nişanımı kağızın üstünə qoydum. 

- Yaxşı, bəs bu quldur dəstəsi nə ilə məşğul olacaqdır? - deyə Ben Rocers soruşdu.

- Qarət və qatilliklə, başqa bir şeylə yox. 

- Bəs biz nəyi qarət edəcəyik? Evlərimi, mal-qaranımı, yoxsa... 

- Nə axmaq sözdür. Mal-qaranı və ona bənzər şeyiəri qarəl etmək olmaz, buna oğurluq deyirlər, - deyə Tom Soyyer cavab verdi. 

– Biz oğru deyilik. Axı, bu nə adətdir? Biz quldurlarıq. Biz üzümüzə maska geyib böyük yollarda dilicanları 1 və karetalları 2 dayandıracaq, sərnişinləri öldürüb onların saatlarını və pullarını götürəcəyik. 

- Onları mütləq öldürməkmi lazimdır? 

 

- Bəs necə! Bundan yaxşısı ola bilməz. Bəzi nüfuz sahibləri başqa cürə düşünürlər. Amma bura, mağaraya gətirib azad olmaq pulu verilincəyədək saxlanılan adamlardan başqa, ümumiyyətlə, hamını öldürmək daha yaxşı vasitə hesab olunur. 
- Azad olmaq pulu? Bu nə deməkdir? 
- Bilmirəm. Amma qayda belədir. Mən bu haqda kitablarda oxumuşam, əlbəttə ki, biz də belə etməliyik. 
- Bilmədiyimiz bir şeyi necə edə bilərik? 
- Birtəhər edərik. Sənə deyirlər ki; bütün kitablarda belədir, eşitmirsən nədir? Hek Fini, yoxsa sən bizim tamamilə çaş-baş olub qalmağımız üçün hər şeyi kitablarda olduğu kimi deyil, özün bildiyin kimi etmək fikrindəsən? 
- Sənin də, ağlına gələni deməkdən xoşun gəlir, Tom Soyyer, bir halda ki, biz bunun necə edildiyini bilmirik, onda bu lənətə gəlmişlər azadlığa necə çıxacaqlar. 
- Bilmirəm, vəssalam. Deyildi ki. onları pul ilə azad edilincəyədək saxlamaq lazımdır. Bəlkə də bu o deməkdir ki, onları ölənədək tutub saxlamaq lazımdır. 
- Bax, bu bir az ağlabatan oldu. Belə etmək olar. Bəs niyə əvvəldən belə demirdin? Deməli, onları pul ilə azad edilincəyədək - ölən günədək tutub saxlayacağıq. Yaman da əngəl olacaq, yedirt, içirt, bir də göz ol ki, qaçmasınlar. - Ben Rocers, sən nə danışırsan? Yanlarında gözətçi ola-ola onlar necə qaça bilərlər? Onlar tərpənən kimi gözətçi gülləni başlarına çaxar. - Gözətçi? Bu lap qiyamətdir! Deməli, yalnız onları qorumaqdan ötrü bizlərdən biri bütün gecəni yatmayıb oyaq qalmalıdır? Məncə, səfeh işdir. Axı nə üçün dəyənək götürüb başlarına vuraraq hamısını birdən-birə azad etməyək? 

 

- Ona görə ki, kitablarda belə deyilmir, bax elə buna görə. Ben Rocers, bilirsənmi nə var, sən bir işi lazım olduğu kimi etmək istəyirsən, yoxsa yox? Sən elə düşünürsən ki, kitab yazanlar necə etmək lazım olduğunu bilmirlər? Yoxsa onlara dərs vermək fıkrindəsən? Heç xəyalına da gətirmə! Yox, ser, biz onları bütün qayda-qanun üzrə azad edəcəyik. 

- Yaxşı, siz deyən olsun. Mənə nə var ki! Mən ancaq bunu deyirəm ki, səfeh işdir... Yaxşı, bura bax, biz qadınları da öldürəcəyik? 
- Ben Rocers, bilirsənmi nə var, əgər mən belə bisavad olub heç bir şey bilməsəydim, ağzımı yumub oturardım. Qadınları öldürmək! Axı nə üçün, kitablarda məgər belə bir şey var? Onları mağaraya gətirir və mümkün qədər nəzakətlə davranırsan, orada isə onlar yavaş-yavaş sənə vurulurlar və artıq özləri öz evlərinə getmək istəmirlər. 
- Əgər beləsə, mən razıyam, ancaq bunda maraqlı bir şey də görmürəm. 

 

Bir az sonra mağaramızda tərpənmək də olmayacaq, o qədər qadın və öz azad edilmə vaxtını gözləyən hər cür adam yığışacaq ki, quldurların özlərinə yer olmayacaq. Nə isə, sözüm yoxdur, dalısını söylə görək! Balaca Tommi Baris bu vaxt artıq yatmışdı, onu oyatdıqda qorxub ağlamağa başladı, evə, anasının yanına buraxılmasını xahiş etdi; dedi ki, daha quldur olmaq istəmir. 

 

Hamı ona gülməyə və "ağlağan" deyib ələ salmağa başladı, o isə hirslənib dedi ki, bu saat gedib bütün sirrimizi açacaqdır. Ancaq Tom ona beş sent pul verdi ki, sussun və dedi ki, indi biz hamımız evimizə gedərik, gələn həftə isə yığışıb bir kimsəni soyar və öldürərik. 

 

Ben Rocers dedi ki, evdən tez-tez çıxa bilmir, yalnız bazar günləri eşiyə çıxa bilir, buna görə də olmazmı gələn bazar günündən başlayalar, ancaq uşaqların hamısı belə qət etdi ki, bazar günləri adam öldürmək və soymaq günahdır, bu haqda heç danışmağa da dəyməz. Biz razılaşıb bu qərara gəldik ki, görüşək və mümkün qədər yaxın bir gün təyin edək, sonra Tom Soyyeri quldur dəstəsinin başçısı Co Harperi isə dəstə başçısının köməkçisi seçib evlərimizə dağılışdıq. 

 

Mən anbarın damına, oradan da pəncərəyə çıxanda artıq səhərin açılmasına az qalmışdı. Mənim təzə paltarım tamam şamın mumuna və gilə bulaşmışdı, özüm isə it kimi yorulmuşdum.