Xəbərlər

“7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində şagirdlər yaradıcılıq nümunələri hazırlayacaqlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “7-dən 17-yə vətənpərvər!” layihəsinə start verilib.

 

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir.

 

Layihə çərçivəsində Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlət bayramları, xüsusi günləri, eyni zamanda, Anım Günü və Zəfər Günü ilə bağlı ümumi təhsil məktəblərində tədbirlərin təşkili nəzərdə tutulub.

 

İstedadlı şagirdlər tərəfindən Vətənimizin dünyaya tanıdılması istiqamətində müxtəlif dillərdə materialların hazırlanması və internet resurslarında yerləşdirilməsi, Qarabağa həsr olunan tədbirlərin və görkəmli ziyalıların şagirdlərlə vətənpərvərlik mövzusunda görüşlərinin keçirilməsi planlaşdırılıb.

 

Bundan əlavə, məktəb kitabxanaçılarının iştirakı ilə vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirəsi təşkil ediləcək.

 

“7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində şagirdlər tərəfindən yaradıcılıq nümunələri və digər layihələr hazırlanacaq.

 

Həmçinin layihə çərçivəsində ümumi təhsil məktəblərində həyata keçirilən tədbirlərdə fərqlənən şagirdlərin müxtəlif nominasiyalar üzrə təltif olunması da nəzərdə tutulub.

 

Layihədə ümumi təhsil müəssisələrinin I-XI sinif şagirdləri iştirak edə bilərlər.