Görkəmli şəxsiyyətlər

Aşıq Məsim Bəyazidli

Məsim Qasım oğlu Bəyazidli (Yadigarov) 1889-cu ildə Borçalı mahalının Şamalı kəndində anadan olub. Körpə ikən bölgədə baş verən təbii fəlakət həmin kəndi dağıtdıqdan sonra bir çox həmkəndliləri kimi, onların da ailəsi qonşu kəndə – Bəyazid kəndinə köçmək məcburiyyətində qalıb. Onun uşaqlıq və gənclik illəri Bəyaziddə keçib.
 
Borçalı xəritəsindən silinmiş Şamalı və Bəyazid kəndləri hazırkı Marneuli rayonunun Qırxılı, Qayaqocalı və Qullar kəndlərinin ətrafında mövcud olub. Aşıq Məsim özünə təxəllüs kimi götürdüyü Bəyazid adını tarixdə əbədi yaşatmaq kimi bir şərəfə nail olmuşdur.
 
Gəncliyindən Aşıq Məsim saza-sözə aşiq idi. Nə qədər gözəl səsə, saz çalmağa, güclü hafizəyə, az-çox söz qoşmaq qabiliyyətinə malik olsa da, gələcəkdə yaxşı bir aşıq olmaq üçün mütləq ustada qulluq etməyin vacib olduğunu bilirdi. Borçalıda o dövrlərdə çox ad-san qazanmış ustad sənətkar Dollu Əbuzərin yanına gedir.
 
Məsim Bəyazidlinin sənətkarlıq məharəti bütün Borçalıya yayılır. O, cavan bir aşıq kimi tez-tez dövrün tanınmış azman sənətkarlı ilə ağır toy-düyün məclisləri aparır. Gözəl qoşquları dillər əzbəri olur.
 
Aşıq Məsim Bəyazidli həm də bir çox aşığa ustadlıq etmişdir.
 
Aşıq Məsim Bəyazidli 1945-ci ildə vəfat edib.
 
 
 
Ozan Dünyası