Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. X fəsil

Səhər yeməyindən sonra ölü haqqında və onun necə öldürüldüyü barədə söhbət açmaq həvəsinə düşdüm, ancaq Cim söhbət etmək istəmədi. O dedi ki, bununla bədlik gətirə bilərik, bundan başqa, ölü gecələr bizim yanımıza gələ bilər, axı dəfn olunmayan adam, dəfn edilib öz yerində sakitcə yatan adama nisbətən daha tez hər tərəfə baş soxa bilər. 


Bu, doğru sözdür, buna görə də mən mübahisə etmədim, ancaq hey bu haqda düşünürdüm, bilmək istəyirdim ki, onu kim və nədən ötrü güllə ilə vurub. 


Biz əlimizə keçən pal-paltarı yaxşıca gözdən keçirtdik. çuldan tikilmiş köhnə paltonun astarından səkkiz dollar gümüş pul tapdıq. Cim dedi ki, onlar, yəqin ki, bu paltonu oğurlamışlar, çünki paltonun astarına pul tikildiyini bilsəydilər, onu burada qoymazdılar. Mən cavab verdim ki, doğrudur, elə onu öldürən də onlardır, ancaq Cim bu haqda danışmaq istəmədi. 


Mən ona dedim: 
- Bax, sərt bu fikirdəsən ki, bu bədbəxtlik gətirər. Bəs srağagün mən dağdan tapdığım ilan qabığını gətirdiyim vaxt nə demişdin? Sən demişdin ki, guya ilan qabığını ələ götürməkdən pis əlamət yoxdur. Bəs nə pis hadisə baş verdi? Biz bu qədər şey tapdıq, hələ üstəlik, səkkiz dollar da pul! Cim, mən istərdim ki, bizim hər gün işimiz belə bəd gətirəydi! 
- Hələ bilmək olmaz, oğlum, hələ bilmək olmaz. Sən çox da özündən çıxma. Bala hələ qabaqdadır. 


Mənim sözlərimi yaxşı yadında saxla: hələ qabaqdadır. 

Belə də oldu. Bizim bu söhbətimiz çərşənbə axşamı olmuşdu, cümə günü isə biz nahardan sonra dərənin yanında, otun üstündə uzanmışdıq; tütünümüz qurtarmışdı, mən tütün gətirmək üçün mağaraya getdim və orada zınqırovlu ilana rast gəldim. Mən onu öldürdüm, halqa kimi burub Cimin yorğanının üstünə qoydum, fikirləşdim ki, Cim gəlib öz yorğanı üstə ilanı tapanda qiyamət olacaq! Ancaq, axşama yaxın mən bu məsələni tamam unutmuşdum. Mən ocaq qalayınca, Cim yorğanın üstə uzandı, orada isə sən demə, öldürülmüş ilanın yoldaşı varmış, o, Cimi sancdı. 


Cim sıçrayıb elə bağırdı ki, gəl görəsən! İşıqda gördüyümüz birinci şey isə gürzə idi; o, halqa kimi yığılıb yenə Cimin üstünə atılmağa hazırlaşmışdı. Mən onu bir dəqiqənin içində taxta ilə vurub öldürdüm, Cim isə atamın araq şüşəsini götürüb başına çəkməyə başladı. 


Cim ayaqyalın idi, ilan onun dabanından sancmışdı - Hamısı isə ondan olmuşdu ki, mən axmaq yadımdan çıxartmışdım: ölü ilanı harada qoysan, yoldaşı mütləq sürünüb gələcək və onun başına dolanacaqdır. Cim mənə dedi ki, ilanın başını kəsib atım, sonra onun qabığını soyub ətindən bir tikə qızardım. Mən belə də etdim. O, qızardılmış ilan ətini yeyib mənə dedi ki, bu gərək onu sağaltsın. Sonra o mənə dedi ki, ilandan bir parça dəyirmi ət kəs və qoluma bağla. Daha sonra mən yavaşca mağaradan çıxıb hər iki ilanı uzağa, kolların arasına atdim; mən istəmirdim ki, bütün bunlara mənim bais olduğumu Cim biləydi. 


Cim araq şüşəsini hey başına çəkir, içirdi, arabir içki onu tuturdu; o, birdən dəli kimi fırlanıb bağırmağa başlayır, sonra isə ayılıb özünə gəlir, yenə də şüşədən yapışırdı. 


Onun ayağının altı və dabanından yuxarı bütün ayağı yaman şişmişdi; sonra isə araq yavaş-yavaş təsir etməyə başladı. Fikirləşdim ki, daba işlər düzəlib, amma məncə ilanın sancması atamın arağından yaxşı olardı. 


Cim dörd gün dörd gecə yorğan-döşəkdə qaldı, Bundan sonra şiş çəkildi, o yenə də gəzə bilirdi. Mən belə qət etmişdim ki, bir daha heç vaxt ilan qabığına əl vurmayacağam, gör bir bunun axırı necə olur. Cim dedi ki, bundan sonra mənim ona inanacağıma o əmindir, ilan qabığını ələ götürmək elə axmaq bir əlamətdir ki, daha bundan pisi yoxdur; ola bilsin ki, bu hələ başımıza gələcək bəlanın hamısı deyil. O deyirdi ki, təzə çıxmış Ayı sol çiynin üstündən görmək, ilan qabığına əl vurmaqdan yüz qat yaxşıdır. İndi mən özüm də bu fikirdə idim, əvvəllər isə bəmişə belə hesab edirdim ki, təzə çıxmış Aya sol çiynin üstündən baxmaqdan axmaq və ehtiyatsız bir şey yoxdur. Qoca Xenk Banker bir dəfə Aya beləcə baxmış və hətta öyünüb lovğalanmışdı da. Bəs sonrası necə oldu? Heç ikicə il keçmədi ki, o, sərxoş halda topdağıtmaz bürcdən yıxılıb, demək olar ki, yastılanmışdı; onu tabut əvəzinə iki qapı arasına soxmuş və deyildiyinə görə beləcə də dəfn etmişdilər; bunu mən özüm görməmişdim, atamdan eşitmişdim. Bu isə, əlbəttə, ondan olmuşdu ki, o, axmaq kimi Aya sol çiyni üstündən baxmışdı. 


Bəli, günlər beləcə gəlib keçirdi, çayın suyu yenə yatdı və öz əvvəlki yerinə çəkildi. Biz hər şeydən əvvəl böyük bir qarmağa dərisi soyulmuş dovşan keçirib tilov ipini suya atdıq və adam boyda bir naqqa balığı tutduq; onun uzunluğu əlli fut iki düym, çəkisi isə iki yüz girvənkəyə yaxın idi. Biz hətta onu sudan çıxara da bilmirdik; o, bizi çırpıb İllinoysa sala bilərdi. Oturub onun canı çıxıncayadək necə atılıb-düşdüyünə, özünü o yan-bu yana çırpdığına tamaşa edirdik. Biz onun mədəsindən mis düymə, şar və başqa zir-zibil tapdıq. Biz şarı balta ilə yardıq, onun içindən bir sap çarxı çıxdı. Cim dedi ki, bu sap çarxı, çox yəqin onun qarnında uzun müddət qalıb, qabıq tutub şara çevrilibdir. Məncə, Missisipidə heç vaxt bundan böyük balıq tutmayıblar. Cim deyirdi ki, bu böyüklükdə naqqa balığını birinci dəfədir görür. Şəhərdə onu yaxşı qiymətə sata bilərdi. Belə balığı bazarda girvənkə-girvənkə satırlar, alan da çox olur; axı naqqa balığının əti qar kimi ağdır, onu qızardanda çox yaxşı olur. 


O biri gün səhər, nədənsə bərk darıxdım, bir şeylə əylənmək istədim. Cimə dedim ki, qayıqla çayın o biri sahilinə üzüb, orada nələr olduğunu öyrənəcəyəm. Mənim bu fikrim Cimin xoşuna gəldi; o, ancaq mənə məsləhət gördü ki, hava qaralıncayadək gözləyim, şəhərdə isə ehtiyatlı olum. O bir qədər fikirləşdikdən sonra dedi ki, bəlkə köhnə şeylərdən bəzilərini götürüb seçim və qız paltarı geyinim. Bu da yaxşı fikir idi. 


Biz çit qadın paltarlarından birini gödəltdik, mən tumanımı dizimə qədər büküb həmin paltarı əynimə geydim. Cim arxadan bütün düymələri düymələdi, paltar elə bil lap eynimə tikilmişdi. Həsir kaporu1 başıma qoydum, lentlərini çənəmin altında bağladım, bu vaxt mənim üzümə baxan olsaydı, deyərdi ki, bu aşpaz qadındır. Cim dedi ki, indi səni heç gündüz də tanımazlar. Mən qadın paltarına alışmaq üçün bütün günü onda gəzib dolandım, yavaş-yavaş özümü bu paltarda sərbəst hiss etməyə başladım. Ancaq Cim dedi ki, qızların yerişi be]ə deyildir; o bir də dedi ki, mən gərək paltarımı yuxarı çəkmək və əllərimi cibimə salmaq adətimdən əl çəkəm. Mən bunu nəzərə aldım; işimiz düzəlməyə başladı. 


Hava qaralan kimi mən qayıqda İllinoys sahili ilə çayyuxarı üzdüm. 


Şəhərə körpüdən bir qədər aşağıda daxil oldum, çayın axını məni şəhərin kənarına apardı. Qayığı bağladıqdan sonra sahillə getməyə başladım. Çoxdan bəri heç kimin yaşamadığı kiçik bir daxmadan indi işıq gəlirdi, mən oraya kimin köçüb yurd saldığını öyrənmək həvəsinə düşdüm. Oğrun-oğrun daxmaya yanaşıb, pəncərədən baxdım. Təxminən qırx yaşlarında bir qadın şam ağacından qayrılmış bir stolun arxasında əyləşib şam işığında nəsə toxuyurdu. Üzü mənə tanış deyildi; o, yəqin ki, buraya bu yaxınlarda gəlmişdi, çünki mən şəhər adamlarının hamısını tanıyırdım. Bu dəfə bəxtim gətirdi, çünki artıq qorxmağa başlamışdım və fikirləşirdim ki, axı nə üçün buraya gəlmişəm? Axı mənim kim olduğumu səsimdən tanıya bilərlər. Bu qadın isə belə kiçik bir şəhərdə, heç olmazsa, ikicə gün yaşamışsa, onda lazım olan hər bir şeyi mənə danışa bilər. Mən qız olduğumu bircə anlığa belə unutmamağı özümə söz verərək qapını döydüm.