Xəbərlər

LANDAU School-un şagirdləri AZƏRTAC-da olublar

LANDAU School-un şagirdləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) qonağı olublar.

 

Məktəblilər Agentliyin binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzeyə baxıblar.

 

AZƏRTAC-ın əməkdaşlarının Vətən müharibəsi zamanı cəbhəboyu zonada fəaliyyətinin əks olunduğu fotostendlər, şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə guşəsi şagirdlərdə böyük maraq doğurub.

 

Məktəblilər informasiyanın alınması, buraxılışa hazırlanması və redaktəsi prosesi ilə tanış olublar, onlara xəbərlərin müxtəlif dillərə tərcümə prosesinin özəllikləri barədə məlumat verilib.

 

Şagirdlərə AZƏRTAC-ın Uşaq Bilik Portalı təqdim edilib (portal.azertag.az). Uşaq Bilik Portalı 2013-cü ildə AZƏRTAC tərəfindən açılmış internet resursdur. Burada cizgi filmləri, nağıllar, ensiklopedik məlumatlar, tapmacalar və digər maraqlı materiallar yerləşdirilir. Eyni zamanda, portalda uşaq yaradıcılığı rubrikası da var ki, uşaqların çəkdikləri rəsmlər, yazdıqları şeirlər və s. bacarıqları haqqında məqalələr hazırlanır və yayımlanır. İzləyicilər uşaqların maraq dairəsinə daxil olan tədbirlər haqqında operativ xəbərlər də əldə edə bilərlər. Məktəblilər üçün burada Azərbaycanın dövlət atributları, işğaldan azad edilmiş rayon və şəhərlər, milli musiqi və kino, incəsənət və digər sahələr barədə ətraflı məlumatlar təqdim olunur. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalının “Instagram” və “Facebook” səhifələrində də izləmək mümkündür.

 

Sonda uşaqlara diplomlar təqdim olunub.