Şeirlər

Çıqqıldayan qurbağa (İngilis xalq nağılı əsasında)

İngilis dilindən tərcümə edən: Şahin Xəlilli

 

 

Xoşuna gəldi adı?
Nağılımız başladı.
Əcəb də zaman idi,
İtlər əhəng yeyirdi.


Adamlar tütün əkib,
Meymun çəkir tənbəki.
Donuzların belində,
Vay, çəngəl-bıçaq nədi?!


Başı göyə dəyirdi:
- “Yeyin bizi!” - deyirdi.
Vur çatlasın var idi,
Səyyahlar kef çəkirdi.


Sizə kimdən danışım?
Qarışdı tamam başım.
Mətləbə keçək daha
Səyyaha bax, səyyaha.

 


Gəlib bura gəzməyə
Çəmənliyi süzməyə.
Gödəkçəni çıxartdı,
Qolunun üstə atdı.


Düşdü saatı birdən,
Gödəkçənin cibindən.
Vaxt gəldi, çatdı vədə,
İstədi evə gedə.


Gedəndə karetada,
Düşdü saatı yada.
Ay aman, itirmişdi,
Saatını. Nə işdi?!


Danışmadı, dinmədi,
O gün geri dönmədi.
Çıqqıldadı bu saat,
Torpaq üstə narahat.


Ağ üzü - üzü bəri,
Vardı zərif əqrəbi.
Düşüb sanki məhbəsə,
Gecəylə girdi bəhsə.


İki nəfər brakonyer,
Gör bir burda neyləyir?!
Əvvəl atıb əlini,
Yoxladılar tələni.


Görən yoxdu onları,
Gizli oldu ovları.
Qulaqları şəkləndi,
Bax biri kəkələdi:


- E-ş-idirsən? V-ar nəsə,
Bir qulaq as bu səsə,
- Cırcırama səsidi, -
Dostu da belə dedi.


- Səsini kəsmir, axı.
- Deyəsən bizə baxır.
- Parıldayır bax, gözü,
- Xoşuma gəlmir üzü.


- Bu xatakar az qala,
Üstümüzə atıla.
Soracaq qanımızı,
Alacaq canımızı.


- Gəl tez çıxaq aradan,
Xoşum gəlmir buradan.
Qaçdılar, nə qaçdılar,
Kənddə söhbət açdılar.


Bu xəbər tez yayıldı,
Yatanlar da ayıldı.
Tez yola düzəldilər,
Tamaşaya gəldilər.


Heç kəs tapa bilmədi,
Bu canlı varlıq nədi.
Eşitdi Müdrik Ata,
Başını ata-ata.


- Gedək, baxaq, - söylədi,
O əcayib bəs nədi?!
Yollandı arabada,
Bu qoca, Müdrik Ata.


Dövrə vurub dayandı,
Qəfil durdu, boylandı.
- Çıqqıldayan bu ağa,
Qurbağadı, qurbağa!..


Tez olun daşa basın,
Sözümə qulaq asın -
Müdrik Ata bağırdı,
Adamları çağırdı.


Olacaq məhşər günü,
Gözləyin o şər günü.
Dağılışdı adamlar,
Evlərinə doldular.


Baş aldı Müdrik Ata,
Başını tuta-tuta.
Cəftələndi gecələr,
Qapılar, pəncərələr.


Gəlmədi əcinnələr,
Bildinmi oldu nələr?
Olmadı məhşər günü,
Gözlənilən şər günü.


Kareta gəldi axır,
Adamlar gör nə baxır.
Səyyahdı içindəki,
Tanıdım görən təki.


Kim onu gördü, gördü?
Saatını götürdü.
Yollandı öz evinə,
Gör sevinə-sevinə.