Odlar Yurdu

Azərbaycanın iqlimi

Mülayim və subtropik iqlim qurşaqlarının kəsişdiyi ərazidə yerləşən Azərbaycanda havanın ən yüksək temperaturu Kür-Araz ovalığında müşahidə olunur. Burada orta aylıq temperatur yayda 22-29 dərəcə, qışda  2-3 dərəcə isti təşkil edir.


Dağlıq ərazilərdə  orta aylıq temperatur müsbət 25-14 dərəcə, qışda mənfi 2-10 dərəcə arasında dəyişir. İndiyədək ölkə ərazisində ən isti hava Culfada (+44), ən soyuq hava isə  Böyük Qafqaz dağlarında (-45) qeydə alınmışdır.


 Küləklər isə Azərbaycana ən çox şimaldan əsir. Şimal küləyinə el arasında “xəzri” də deyirlər. Yay aylarında Abşeronda, ələlxüsus da Bakıda  əsən ”xəzri” özü ilə xoş bir sərinlik gətirir.   


Cənub-şərqdən əsən küləklər “gilavar” adlanır.  “Gilavar” qışda havanın mülayimləşməsinə, yayda isə temperaturun daha da yüksəlməsinə səbəb olur. Xəzərsahili ərazilərdə bu küləklərin üst-üstə düşməsi havanı xeyli təmizləyir.


Kür-Araz ovalığında illik yağıntının miqdarı təxminən 300, Abşeron yarımadasının cənub hissəsində 150-200 millimetrdir. Yayda yağıntı az olan ərazilərdə havalar qızdıqca buxarlanma da artır. Elə buna görədir ki, Kür-Araz ovalığında, Arazboyu düzənliklərdə səhralar və yarımsəhralar əmələ gəlir.


Lənkərana başqa yerlərə nisbətən daha çox yağıntı düşür. Talış dağlarının ətəklərində illik yağıntının miqdarı 1600-1700, bəzən hətta 2000 millimetrə çatır. Böyük Qafqaz dağlarında isə  yağıntının miqdarı il ərzində 800-1600 millimetr arasında dəyişir. Kiçik Qafqaz dağlarında Böyük Qafqaza nisbətən iki dəfə az yağıntı düşür. 


Azərbaycan  ərazisində 8 iqlim tipi müəyyən edilmişdir. Düzənliklərdən başlayaraq dağ zirvələrinə qədər bir-birini əvəz edən bu iqlim tipləri aşağıdakı ardıcıllıqla dəyişir:


- Yarımsəhra və quru çöl iqlimi;
- Qışı quraq keçən mülayim isti iqlim;
- Yayı quraq keçən mülayim isti iqlim;
- Yağıntıları bərabər paylanan mülayim isti iqlim;
- Yayı quraq keçən soyuq iqlim;
- Qışı quraq keçən soyuq iqlim;
- Qışı rütubətli keçən soyuq iqlim;
- Dağ-tundra iqlimi;


Qeyd edək ki, ölkəmizdə yarımsəhra və quru çöl, eləcə də  mülayim isti iqlim tipləri daha geniş yayılmışdır.