Bu maraqlıdır!

Səudiyyə Ərəbistanının ən böyük vahəsi - Əl-Əhsa

Səudiyyə Ərəbistanının həmçinin, dünyanın ən böyük vahəsi olan Əl-Əhsa (Al-Aḥsāʾ) və ya Əl-Hasa ya da Hajar – gözoxşayan mənzərəsi, saysız-hesabsız yaşıl xurma ağacları və sakit sükunəti ilə tanınır. Min illər boyu 30 milyon xurma ağacı ilə əhatə olunmuş bu bölgənin münbit torpaqları qədimdə bölgənin ticarət yolları boyunca hərəkət edən tacirlər və karvanlar üçün sığınacaq, Məkkəyə gedən ilk zəvvarların istirahət yeri olmuşdur.


Əl-Əhsa adı ərəbcə "ahsa" sözündən əmələ gəlib, mənası "yerin altından axan suyun səsi" deməkdir. Məhz yeraltı bulaqlar sayəsində burada, 2018-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş, heyrətamiz vahə yaranıb. Ərazidə aparılan arxeoloji qazıntılardan sonra neolit dövrünə aid yaşayış məskənlərinin qalıqları aşkar edilib.


Günümüzdə Əl-Əhsa sürətlə populyarlıq qazanır və Səudiyyə Ərəbistanının ən cazibədar turizm məkanlarından biridir. Bura, dadı ilə seçilib tanınan “halas” xurmasını istehsal edən, dünyanın ən böyük xurma fermasının evidir.


Əl-Əhsa-Səudiyyə Ərəbistanının şərq əyalətində, Ərəbistan yarımadasının şimal-şərq hissəsində yerləşir. Vahə, İran körfəzi boyunca Qətər yarımadasına və Əl-Cəfura səhrasına qədər uzanan düzənlik boyu uzanır. Vahənin sahəsi-8544 hektardır.


Əl Əhsa-tarixi bölgədir. Bol su ehtiyatları səbəbindən ərazi qədim dövrlərdən bəri insanları özünə cəlb etmiş və ən sıx məskunlaşmış bölgələrdən biri olub. 899-cu ildə bölgə qərmətilərin rəhbəri Əbu Tahir Cənnəbinin nəzarətinə keçmiş və Abbasilər xilafətindən azad edilmişdir. Paytaxtı müasir Əl-Hufuf şəhəri yaxınlığındakı Əl-Muminiyədə yerləşib. Təxminən 1000-ci ilə qədər təxminən 100.000 əhalisi olan Əl-Əhsa dünyanın 9-cu ən böyük şəhəri olub.

 

1077-ci ildə Əl-Əhsa dövləti Uyunidlər tərəfindən devrilib, sonradan Cəbridlərin hakimiyyəti altına düşmüşdür. 1550-ci ildə Əl-Əhsa və qonşuluqdakı Əl-Katif bölgəsi I Süleymanın hakimiyyəti altında Osmanlı İmperatorluğu ərazisinə daxil olaraq, Lahsa əyalətinə daxil edildi. 1670-ci ildə Osmanlılar Əl-Əhsadan qovuldular və bölgə Banu Xalid qəbiləsinin başçılarının hakimiyyəti altına keçdi. 1795-ci ildə Əl-Əhsa Əl-Katiflə birlikdə Dəriyyə əmirliyinin tərkibinə daxil oldu, lakin 1818-ci ildə yenidən Osmanlıların nəzarəti altına keçdi. 1830-cu ildə Nəcd əmirliyi bu bölgəni ələ keçirdi. 1871-ci ildə birbaşa Osmanlı hakimiyyəti bərpa edildi, Əl-Əhsa əvvəlcə Bağdad vilayətinə, daha sonra 1875-ci ildə Bəsrə vilayətinə daxil edildi. 1913-cü ildə İbn Səud Əl-Əhsanı və Əl-Katifi Nəcddəki mülklərinə əlavə etdi. 1922-ci ildə Küveyt və Səudiyyə Ərəbistanı arasında sərhəd məsələsi həll olundu. 


Tarixən Əl-Əhsa Ərəbistan yarımadasında düyü becərildiyi ərazilərdən biri olub. 1938-ci ildə Ed-Dammam yaxınlığında neft yataqları kəşf edildi və 1960-cı illərin əvvəllərində gündəlik neft hasilatı 1 milyon barrelə çatdı. Ən böyük neft yatağı Havar yatağıdır.

 


Əl-Əhsa ərazisində 2 milyondan çox xurma ağacı var. Hər il 100.000 tondan çox xurma istehsal edilir.