Xəbərlər

1 aprel- Beynəlxalq Quşlar Günüdür

Hər il aprelin 1-də beynəlxalq ekoloji bayram olan Beynəlxalq Quşlar Günü qeyd olunur. Günün keçirilməsində məqsəd növ müxtəlifliyini və quşların sayını qorumaqdır.

 

AZƏRTAC xəbər verir ki, bu gün 1894-cü ildə Amerikanın Pensilvaniya ştatında uşaq bayramı kimi yaradılıb. Tezliklə populyarlıq qazanaraq ABŞ-ın bütün ştatlarında kütləvi şəkildə həyata keçirilməyə başlanılıb, sonra Avropaya gətirilib.

 

1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb.

 

Hazırda Beynəlxalq Quşlar Günü dünyanın bir çox ölkələrində UNESCO-nun “İnsan və biosfer” bioloji proqramı çərçivəsində keçirilir və ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən təşkilat və vətəndaş cəmiyyətləri tərəfindən təşkil edilən hər cür aksiyalar, müsabiqələr, fleşmoblar və digər tədbirlərlə müşayiət olunur.

 

Yeri gəlmişkən, bayramın tarixi təsadüfən seçilməyib: məhz bu vaxt quşlar isti ölkələrdən qayıdırlar. Bu gün böyüklər və uşaqlar su quşlarının yaşayış yerlərini yaxşılaşdırmaq üçün işlər görürlər.

 

Quşlarla bağlı əlverişsiz vəziyyətin göstəricisi müxtəlif səviyyəli “Qırmızı kitab”larda sadalanan növlərin sayı ola bilər. Dünya faunasındakı 10 minə yaxın quş növündən 1200-dən çoxu və ya planetimizdəki hər səkkizinci quş növü Beynəlxalq Təbiəti Mühafizə İttifaqının” Qırmızı Siyahısı”na daxil edilib.

 

Ornitoloqlar xəbərdarlıq edirlər: əgər quşlar yox olarsa, ekoloji fəlakət baş verəcək və onun insanlar üçün nəticələri gözlənilməz ola bilər. Onların fikrincə, məhv bioloji müxtəlifliyə geridönməz ziyan vuracaq.

 

Xatırladaq ki, quşlara həsr olunan daha bir ekoloji bayram Ümumdünya Köçəri Quşlar Günüdür.

 

Zəngin fauna aləminə malik olan Azərbaycanda 400-dən çox quş növü qeydə alınıb. Qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdur. Bunların 40 faizi oturaq növ olmaqla, respublika ərazisində ilboyu müşahidə edilirlər, 27 faizi qışlayan və 10 faizdən çoxu isə köç vaxtı qeydə alınan növlərdir.

 

“Qırmızı kitab”ın üçüncü nəşrinə 16 yeni quş növü salınıb, 10 növ isə çıxarılıb. Bunun hesabına ötən nəşrlə müqayisədə növlərin sayı 72-dən 78-ə qədər artıb.