Uşaq yaradıcılığı

Böyük uğurların sahibi Nərgiz Məmmədli

Uşaq yaradıcılığı rubrikasında bu gün sizi Nərgizlə tanış etmək istəyirik.


Nərgiz Məmmədli 2011-ci il iyulun 16-da Bakıda anadan olub. Ailənin böyük övladı olan Nərgiz, 2017-ci ildən Bakı Avropa Liseyində təhsil alır. 

 

6 yaşı olarkən valideynləri Nərgizin musiqiyə olan marağını görür və bu yöndə təhsil alması üçün dəstək olur. O, Qara Qarayev adına musiqi məktəbinin skripka sinfinə daxil olur, daha sonra özünü pianoda sınayır.

 

İncəsənətə böyük marağı olan Nərgiz fərqli zamanlarda özünü incəsənətin fərqli sahələrində sınamağa davam etmiş, 2018-ci ildə Vaqif Mustafazadə adına incəsənət məktəbinin rəsm sinfinə daxil olmaq üçün imtahan vermiş və ödənişsiz əsaslarla qəbul olmağı bacarmışdır. 

 

2022-ci ildə “Təsviri incəsənət və Multikulturalizm” rəsm müsabiqəsinin iştirakçısı olmuş, 2022-ci ildə V Respublika Uşaq Rəsm Festivalında II yerə layiq görülmüşdür. Bundan başqa o, 2023-cü il SIAT- Singapore Arts Tournament Beynəlxalq Rəsm müsabiqəsində “Mədəniyyətlərin harmoniyası” mövzusunda rəsm əsərini 3 saat kamera müşahidəsi altında çəkmiş, daha sonra ingilis dilində təqdimatını edərək, gümüş medal qazanmışdır. 

 

Nərgizin uğurlarını saymaqla bitmir. O, dərslərində də olduqca uğurludur. Belə ki, 2023-cü ildə Hi Lingua beynəlxalq ingilis dili müsabiqəsinin iştirakçısı olmuş, qızıl medal qazanmışdır. Eyni ildə “Pangeya math world” beynəlxalq riyaziyyat olimpiadasında bürünc medal qazanmışdır.


2024-cü ildə isə HIPPO Beynəlxalq ingilis dili olimpiadasında yaşıdları arasında ən yüksək nəticəni əldə edərək, ikinci tura vəsiqə qazanmışdır.

 

Bir çox olimpiada və rəsm sərgilərində iştirak edən Nərgiz, 2022-ci ildən Günay uşaq teatrının üzvüdür. Nizami Gəncəvinin Leyli və Məcnun tamaşasında rol almışdır. Bu tamaşa Bakıda Aktyorlar evi səhnəsində, Gəncə Dövlət Dram teatrı səhnəsində nümayiş etdirilib.

 

İstedadlı qonağımız Nərgiz müəllimləri, yoldaşları tərəfindən də olduqca sevilir. Biz də onunla tanışlıqdan məmnun olduq. Nərgizə bugünkü və gələcək həyatında uğurlar arzu edirik, rubrikamızın qonağı olduğu üçün təşəkkür edirik.