Xəbərlər

Bakı şəhəri 54 nömrəli tam orta məktəbin məzunları üçün “Son zəng” çalınıb

İyunun 14-də Bakı şəhəri 54 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

 

AZƏRTAC xəbər verir ki, “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 

Məktəbin direktoru Sahibə Abbasova məzunları təbrik edib, rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. S.Abbasova məktəbdə ümumilikdə 1775 şagirdin təhsil aldığını, onlardan 72 nəfərin bu il məzun adını qazandığını bildirib.

 

Çıxış edənlər buraxılış siniflərinin şagirdlərini təbrik edib, ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılması olduğunu qeyd ediblər. Onlar məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq hər birinə uğurlar arzulayıblar.

 

Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.

 

“Son zəng” tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid anası Xavər Əliyeva, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.