Odlar Yurdu

Qədim Şamaxının tarixi barədə nə bilirik?

Şamaxı Bakı şəhərindən 118 kilometr aralıda yerləşir. Əhalisi 100 min nəfərdən çox, ərazisi 1667,1 kvadratkilometrdir. Qədim tarixi olan Şamaxının ərazisində aşkar edilən antik şəhər məskənləri son tunc erkən dəmir dövrünə aiddir və tarixşünaslıqda “Xınıslı arxeoloji mədəniyyəti” adlanır.  
 
1192-ci ildə Şamaxıda dəhşətli zəlzələ olub və şəhər tamamilə dağılıb. Həmin vaxt Şirvanşah I Axsitan paytaxtı bir müddət Bakı şəhərinə köçürüb. Ümumiyyətlə, Şamaxı dəfələrlə təbii fəlakətlər, düşmən hücumları nəticəsində dağılsa da, süqut etməyib, mövcudluğunu qoruyub saxlayıb. 
 
Hələ ta qədimdən Şamaxı Böyük İpək yolu üzərində yerləşdiyinə görə, Çin, hind, İran, ərəb, rus tacirlərinin görüş və alış-veriş mərkəzi olub. 1220-1222-ci illərdə monqolların Azərbaycana birinci yürüşü zamanı ən ciddi müqaviməti də məhz şamaxılılar göstərib. Lakin qeyri-bərabər qüvvələrin qarşılaşdığı döyüş şəhərin yandırılıması və əhalinin qılıncdan keçirilməsi ilə nəticələnib.
 
1500-cü ildə Şamaxı yaxınlığındakı Cabanı kəndi ərazisində Səfəvi qoşunları ilə Şirvanşahlar arasında döyüş olub. Döyüş Şirvanşahların məğlubiyyəti ilə başa çatıb. Səfəvi şahı I Təhmasibin 1538-ci ildə Şirvanşahlar dövlətinin mövcudluğuna son qoyması nəticəsində Şirvan bəylərbəyliyi təşkil edilib və Şamaxı həmin bəylərbəyliyin mərkəzi olub. Bəylərbəylin mərkəzi olduğu dövrdə də Şamaxı inkişaf edib. O dövrün Avropa səyyahlarının məlumatları da bu faktı təsdiq edir. 1667-ci ildə növbəti zəlzələ Şamaxı şəhərini tamamilə dağıtsa da, şəhər tezliklə yenidən bərpa olunub. 
 
XVIII  əsrin 30-cu illərində Şamaxı dövrün ən böyük  sərkərdəsi Nadir şahın hücumuna məruz qalıb. Şəhər dağıdılıb, əhali isə yeni Şamaxı adlandırılan müasir Ağsu ərazisinə köçürülüb. Nadir şahın ölümündən sonra Şirvan ərazisində mərkəzi Şamaxı şəhəri olan eyni adlı xanlıq yaranıb. 1791-1820-ci illərdə hakimiyyətdə olan Mustafa xanın dövründə xanlıq Şimali Azərbaycan ərazisində ən qüdrətli dövlətlərindən biri olub. Lakin 1805-ci ildə xanlıq Rusiyadan asılılığı qəbul etmək məcburiyyətində qalıb. 
 
1859-cu il zəlzələsindən sonra Şamaxı quberniyasının mərkəzi Bakı şəhərinə  köçürülüb. 1902-ci ildə Şamaxıda növbəti dəhşətli zəlzələ baş verib.
 
Şamaxı tarixi abidələrlə də zəngindir. Şəhərdə baş verən çoxsaylı zəlzələlər və müharibələr bu abidələrin bir çoxunu məhv edib. Şamaxıda Bala qala, Gülüstan qalası, Qız qalası və Buğurd qalası XI-XII əsrin yadigarlarıdır. XIII-XIV əsrlərə aid abidələrdən Göylər məscidi və nisbətən yaxşı vəziyyətdə dövrümüzə qədər gəlib çatan Piri Mədəkan (Pir Mərdəka) Xanəgahıdır. 
 
Şamaxı abidələri içərisində ən çox tanınanı Şamaxı Cümə məscididir. Məscid 743-cü ildə inşa olunub və qədimliyinə görə Qafqazda ikincidir. Məscid 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tarixi görkəmini saxlamaqla əsaslı bərpa edilərək yenidən qurulub. 
 
Azərbaycanın qədim diyarı olan Şamaxının alimləri, ədibləri, memarları, siyasətçiləri, bir sözlə tarixi səxsiyyətləri yüzlərlə, minlərlədir. Məhs bu tarixi şəxsiyyətlər Şamaxını, Şamaxı da onları ucaldıb.