Odlar Yurdu

Əsrlərin sədası – Gəncə qalası

XVI yüzilliyin II yarısında Osmanlı və Səfəvi imperiyaları arasında baş vermiş döyüşlər Gəncə vilayətini aramsız müharibələr meydanına çevirmişdi. Belə olan təqdirdə Səfəvi qoşunlarına qarşı uğurlu hərbi əməliyyat aparmaq və döyüşlərdə təşəbbüsü ələ almaq üçün Osmanlı qoşununun güclü istehkamı olacaq möhkəm qalanın tikintisinə ehtiyacı var idi.
 
Bu məqsədlə 1588-ci ildə Qafqazdakı türk qoşununun komandanı Fərhad paşa sultan III Muradın əmri ilə qədim Gəncədən 7-8 kilometr aralıda yeni qalanın inşasına başlayır. Gəncə qalasının tikintisi tezliklə başa çatandan sonra Fərhad paşa qalaya bir neçə min döyüşçü yerləşdirərək geri qayıdır.
 
Tikildiyi yerin topoqrafik quruluşuna görə Gəncə qalası XVI-XIX əsr Azərbaycan qalalarının bir çoxundan fərqlənirdi. Gəncə qalası düz relyefli ərazidə yerləşməklə, Gəncə çayının sol sahilində düzgün olmayan çoxbucaqlı şəklində inşa olunub. Qalanın tikintisi zamanı əsasən gil palçıq və yerli çay daşlarından istifadə edilib. 
 
Gəncə qalasının ümumi uzunluğu 13,7 kilometr, hündürlüyü isə 12 metr olub. Onun cənub-qərb, şimal-qərb və şimal-şərq divarları xüsusilə möhkəm tikilib. Çünki həmin divarların hörgüsündə tikinti materialı kimi çay daşı ilə yanaşı, bişmiş qırmızı kərpicdən istifadə olunub. 
 
Qala divarlarının özündə isə müvafiq hündürlükdə mazğallar və bacalar qoyulubmuş ki, bunlar da hücum edən düşmənə zərbə vurmaq üçün olduqca zəruri idi. Məhz həmin dəliklərdən yerli döyüşçülər hücuma keçən düşmənin üzərinə qaynar qətran və yanar neft tökürdülər.