Odlar Yurdu

Əlincəqala

Əlincəqala Naxçıvanın - Culfa rayonunun  Xanəgah və Əlincə kəndlərinin əhatəsində, Əlincəçayın sağ sahilində  eyniadlı dağın  zirvəsində  yerləşir. Əlincəqala Naxçıvan torpağının memarlıq baxımından ən maraqlı dağ qalalarından biri  sayılır. Naxçıvan şəhərindən  Əlincəqalasına getmək üçün 25 km avtomobillə, təxminən 2 km-də piyada yol  getmək lazımdır.
 
Dağın təbii mövqeyinə uyğun əlçatmaz sahəsində qərar tutan bu qala pillələr halında düzülmüş bürclü divarlarla mühafizə olunmuşdu, dağın zirvəsində isə onun İçqalası yerləşmişdi. Dağın təpə hissəsində saray səciyyəli tikililər, yaşayış binaları, su anbarları, memarlıq cəhətdən nəzərə çarpan darvazalara malik qala divarları inşa olunmuşdu. Qalanın ərazisində əllə qazılmış bir neçə hovuz var. Həmin hovuzlara müxtəlif istiqamətlərdən kiçik su kanalları qazılıb.
 
Qalaya yaxınlaşmaq imkanı verən istiqamət də dağın ətəyindən başlayaraq bir neçə sıra möhkəm daş divarlarla qorunurdu. Odur ki, bütün bu üstün cəhətlərində görə Əlincəqala Naxçıvandan keçən ticarət və hərbi yolda çox əhəmiyyəti tikili sayılırdı. Qalanın təxminən IX-X əsrlərdə tikildiyi ehtimall edilir.
 
Bu qalanı  fəth  etmək çox çətin olub.
 
Qala 14 il Teymurləngin qoşunları tərəfindən mühasirədə qalıb. Teymurləng oğlu Miranşah qalaya göndərsə də, o, qalanı ala bilməyib. Əmir Teymur 1386–1401-ci illərdə Əlincəqalaya 4 dəfə yürüş etmişdir. 1387 – 1392-ci illərdə Əlincəqala müdafiəçiləri Teymurun Azərbaycanda olmamasından istifadə edərək, 4 dəfə Təbrizə hücum etmiş və bunların üçündə (1388, 1390, 1391) şəhəri azad edə bilmişlər.
 
Teymurun ölümündən sonra Əlincəqala yenidən Cəlairilərin, sonralar isə Qaraqoyunluların hakimiyyətinə keçir. Səfəvilərdən sonra ciddi dağıntılara uğrasa da qala XIX əsrdə də öz funksiyasını yerinə yetirmişdir. 1826 – cı ildə ruslarla müharibədə Lala bəy adlı qalabəyi Əlincə qalasında yarım ildən artıq düşmənlə vuruşmuşdur.
 
"Kitabi-Dədə Qorqud" dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil olunub.  Bu gün də Əlincəqalada genişmiqyaslı bərpa işləri aparılır.