Litva nağılı. İlanlar kraliçası küknar
Çox-çox illər bundan əvvəl, qədim zamanlarda bir qoca kişi və onun qarısı vardı. Onların nə az, nə çox, on iki oğlu, üç də qızları vardı. Kiçik qızın adı Küknar idi.
Günlərin bir günü, yay axşamı bacılar durub getdilər çimməyə. Doyunca çimdilər, bir-birlərinə su çilədilər, sonra sahilə çıxıb başladılar geyinməyə. Kiçik bacı gördü ki, köynəyinin qoluna bir ilan girib. İndi bəs necə olsun? Bu vaxt böyük bacı payanı götürüb istədi, ilanı qovsun, ancaq ilan kiçik bacıya sarı dönüb adam kimi dil açıb dedi:
– Küknar, söz ver ki, mənə gələcəksən, bax onda mən özüm sakitcə sürüşüb gedərəm.
Küknar ağladı. Axı o, ilana necə ərə gedə bilərdi? Ucadan dedi:
– Öz xoşunla köynəyimi ver, özünsə haradan gəlmisənsə, ora da sürün, get.
İlan öz sözünün üstündə durdu:
– Söz ver ki, mənə gələcəksən, onda mən özüm sürünüb gedərəm.
Küknar nə edə bilərdi? Əlacı kəsilib söz verdi.
Heç üç gün keçmədi ki, bir sürü ilan sürünə-sürünə qocaların həyətinə girdi. Hamı qorxdu, elçi ilanlar isə daxmaya girib qocalarla, nişanlı qızla başladılar razılığa gəlməyə. Əvvəlcə qızın ata-anası mat qaldılar, qəzəbləndilər, heç elçiləri eşitmək belə istəmədilər… Ancaq nə etmək olardı, söz verilmişdi. İstəsələr də, istəməsələr də, ən qəşəng, ən istəkli qızlarını ilana verməyə məcbur idilər.
Ürəklərində razılaşmasalar da, ilanlara dedilər ki, bir az gözləsinlər. Özləri isə yavaşca, hiss etdirmədən köhnə qonşularının yanına getdilər və əhvalatı tamam-kamal qonşu arvada danışdılar.
Qonşuları onlara belə məsləhət verdi:
– İlanı aldatmağa nə var ki… Asandır, o, mərhəmətlidir: qızınızın əvəzinə ona dişi qazınızı verin, elçiləri yola salın, getsinlər.
Qonşunun dediyi kimi də elədilər. Ağ dişi qazı geyindirib bəzədilər. Elçilər qazla birlikdə həyətdən elə təzəcə çıxmışdılar ki, tozağacına qonmuş ququ quşu başladı quqquldamağa:
Qu-qu, qu-qu,
Yalan, yalan,
Qız deyil, qaz
Veriblər sizə,
Aman, aman!
Qu-qu, qu-qu!
İlanlar qəzəbləndilər, qazı atıb geri qayıtdılar. Tələb elədilər ki, əsl gəlini versinlər. Bu vaxt qonşularının məsləhəti ilə qızın ata-anası ağ quzunu bəzəndirib-düzəndirib verdilər elçilərə. Yolda yenə ququ quşu quqquldayıb haray saldı:
Qu-qu, qu-qu,
Qız deyil, quzu
Veriblər sizə!
Qu-qu, qu-qu!
İlanlar geri qayıtdılar, fışıldadılar, yenə əsl gəlini tələb elədilər.
Bu dəfə ilan elçilərə bəzəndirib-düzəndirib ağ buzovu verdilər, ququ quşu yenə elçiləri xəbərdar etdi. Onlar geri qayıtdılar. İlanlar bu dəfə lap qəzəblənmişdilər. Qızın valideynlərinə hədə-qorxu gəldilər, başlarına od-alov elədilər ki, verdikləri sözə əməl eləmirlər.
Evdəkilər gözlərinin yaşını axıda-axıda Küknarı geyindirib-bəzəndirib yola saldılar.
Küknar sağdış-soldışları ilə gəlib çıxdı dənizin sahilinə. Orada qızı gözəl-göyçək, igid bir oğlan qarşılayıb dedi ki, o həmin ilandır ki, qızın köynəyinin qoluna girmişdi.
Elə o dəqiqə onlar üzüb yaxındakı adaya çıxdılar və oradan birbaşa yeraltı aləmə – dənizin dibinə endilər. Dənizin dibində çox zəngin, bəzəkli bir saray vardı. Elə həmin saraydaca toylarını elədilər.
İlanın sarayında hər şey gen-bol idi. Küknar deyib-güldü, şənləndi, sakitləşdi. Sonra isə öz doğma evini, ocağını büsbütün unutdu.
Bu minvalla doqquz il gəlib keçdi. Küknarın üç oğlu oldu: Palıd, Göyrüş və Tozağacı. Dördüncüsü, ən kiçiyi isə qız idi. Onun adı Ağcaqovaq idi.
Günlərin bir günü Küknarın böyük oğlu şıltaqlıq edərək anasını sorğu-suala tutdu:
– Ana, sənin ata-anan harada yaşayır? Kaş gedib onları görəydik.
Küknar bu sözdən elə bil diksindi. Ata-anası, bacı-qardaşları – bütün qohum-əqrəbası yadına düşdü. Fikirləşdi, görəsən, indi ata-anası necədir? Sağ-salamatdırlarmı? Bəlkə, qocalar artıq dünyadan köçüblər? Ürəyindən keçdi ki, kaş doğma evlərinə baş çəkə biləydi. Axı neçə illər idi ki, oralarda olmamışdı, ata-anasını görməmişdi. Onlar üçün yaman darıxmışdı. Əvvəlcə əri heç onu eşitmək belə istəmədi. Ancaq çox yalvar-yaxardan sonra axır ki, razılıq verdi. Dedi:
– Yaxşı, buraxaram, gedərsən. Ancaq əvvəl bu ipək lifi əyir, – deyib cəhrəni ona göstərdi.
Küknar cəhrəni işə saldı, səhərdən axşama kimi və bütün gecəni elə hey əyirirdi, amma lif azalmaq bilmirdi ki, bilmirdi. Küknar başa düşdü ki, burada nəsə bir kələk var: görünür, lif tilsimlənibmiş, onsuz da əyirib qurtara bilməyəcək. Durub getdi qonşuluqda yaşayan cadugər qarının yanına. Başladı ona şikayətlənməyə:
– Mehriban ana, bu lifi əyirməyi mənə öyrət.
Qarı ona dedi:
– Sobanı qala, lifi at alovun içinə, yoxsa onu ömründə əyirib qurtara bilməzsən.
Küknar qayıdıb gəldi evə, sobanı qaladı – guya çörək bişirəcək – lifi götürüb atdı alovun içinə. İpək lif dərhal alışdı və Küknar vərdənə böyüklüyündə bir qurbağa gördü. Qurbağa alovun içində atılıb-düşür, iti ağzından ipək iplik buraxırdı.
Alov yanıb qurtardı. Qurbağa qeyb oldu, iplik isə qaldı.
Küknar ipliyi götürüb gizlətdi, yenə ərinə yalvar-yaxar elədi ki, heç olmasa, bir neçə günlüyə ona icazə versin, gedib qohum-əqrəbasını görsün.
Bu dəfə əri skamyanın altından dəmir başmaqları dartıb çıxararaq dedi:
– Elə ki bu başmaqları geyib dağıtdın, onda gedərsən.
Küknar başmaqları keçirdi ayağına, daşlıqda gəzib-dolaşdı, başmağın başına olmazın oyunlar açdı. Başmaqlar isə qalın idi, möhkəm idi, heç cür əyilmək, yırtılmaq bilmirdi. Görünür, bu başmaqlar ömründə yırtılıb dağılmayacaqdı.
Yenə Küknar durub getdi qarının yanına məsləhətə. Qarı onu başa salıb dedi:
– Başmaqları apar, ver dəmirçiyə, qoy onları kürədə közərtsin.
Küknar qarı deyən kimi də elədi. Başmaqlar yandı və üç günün içində yırtılıb dağıldı. Yenə ərinə yalvar-yaxar elədi ki, qohum-əqrəbanı gedib görməyə ona icazə versin.
Əri dedi:
– Yaxşı, ancaq əvvəl piroq bişir, yoxsa sovqatsız getmək yaxşı düşməz, ayıbdır.
Ancaq dönə-dönə tapşırdı ki, bütün qab-qacağı gizlətsinlər, qoy Küknar xəmir yoğurmağa heç nə tapa bilməsin.
Küknar bir xeyli vaxt baş sındırdı ki, suyu vedrəsiz necə gətirsin, xəmiri tabaqsız necə yoğursun. Yenə durub getdi qarının yanına. Qarı ona dedi:
– Acıtmanı götür yax xəlbirə, üstünə çay suyu tök və xəmiri onun içindəcə yoğur.
Küknar necə deyilmişdi, o cür də elədi. Xəmiri yoğurdu, piroqu bişirdi, uşaqları ilə birgə yola hazırlaşdı. İlan onları ötürdü, sahilə gətirdi, tapşırdı ki:
– Doqquz gündən artıq qonaq qalmayasız, onuncu gün geri qayıdarsınız. Bələdçisiz-filansız. Uşaqlarla birlikdə çıxarsan sahilə, haylarsan məni:
Əgər sağsansa, ey sadiq ərim,
Göy dalğaları köpüklü, dümağ,
Yoxsansa – al-qan görsün gözlərim…
Dəniz süd kimi ağ köpüklə coşsa, bil ki, mən sağam, əgər dalğalarda qanlı köpük görünsə, onda bil ki, mən ölmüşəm. Siz isə, balalarım, yadınızda saxlayın, məni necə haylayıb çağırmağı heç kəsə deməyəsiniz.
Küknar atası evinə gəlib çıxanda onların sevinci yerə-göyə sığmırdı. Bütün qohum-əqrəba, qonum-qonşular onu görməyə gəldilər. Hamı bir-birinin ardınca xəbər alırdı ki, ilan əri ilə günü-güzəranı necə keçir. Küknar bütün vaxtı hey danışırdı. Hamı onu qonaq edir, şirin-şirin söhbət edib əzizləyirdi.
Küknar günlərin necə gəlib keçdiyini heç hiss eləmədi.
Bu müddətdə on iki qardaşı, bacıları, qohum-əqrəbası fikirləşirdilər ki, Küknarı necə tovlayıb saxlasınlar, əri ilanın yanına qayıtmağa qoymasınlar. Belə qərara gəldilər ki, Küknarın ərini dənizin dibindən necə haylayıb-çağıracağını uşaqlardan öyrənsinlər. Sonra sahilə gedib ilanı çağırsınlar və öldürsünlər.
Qardaşlar böyük oğlanı özləri ilə meşəyə apardılar. Onu dövrəyə alıb başladılar soruşmağa. Ancaq oğlan özünü elə göstərdi ki, guya heç bir şey bilmir. Nə qədər hədə-qorxu gəldilərsə də, nə qədər dilə tutdularsa da, oğlandan bir söz ala bilmədilər.
Dayılar uşağı buraxdılar, dönə-dönə tapşırdılar ki, anasına heç bir şey deməsin.
Ertəsi gün dayılar Göyrüşü özləri ilə meşəyə apardılar, sonra da Tozağacını. Ancaq bunlar da sirri vermədilər.
Axır ki, ən kiçik qızı – Ağcaqovağı meşəyə apardılar. Əvvəlcə qız da boyun qaçırdı, dedi, heç bir şey bilmir, elə ki hərbə-zorba gəldilər ki, onu ağacla döyəcəklər, o saat hər şeyi açıb dedi.
On iki qardaş iti dəryaz götürüb dənizin sahilinə getdilər, onlar başladılar ilanı çağırmağa:
Əgər sağsansa, ey sadiq ərim,
Göy dalğaları köpüklü, dümağ,
Yoxsansa – al-qan görsün gözlərim…
İlan sudan çıxan kimi Küknarın on iki qardaşı cumdu onun üstünə, doğram-doğram doğradılar. Qayıdıb gəldilər evlərinə, bacılarına heç bir söz demədilər.
Doqquz gün keçdi, vaxt tamam oldu. Küknar qohum-əqrəbası ilə görüşüb düzəldi yola, uşaqları ilə birlikdə gəlib çıxdı dəniz sahilinə, ərini hayladı:
Əgər sağsansa, ey sadiq ərim,
Göy dalğaları köpüklü, dümağ,
Yoxsansa – al-qan görsün gözlərim…
Dəniz coşub tüğyan elədi, suyun üzəri qanlı köpük ləpələri ilə doldu. Küknar ərinin səsini eşitdi:
– Sənin on iki qardaşın dəryazla məni doğram-doğram doğradı, mənim sirrimi onlara sevimli qızımız Ağcaqovaq verdi.
Küknar dəhşətə gəldi, hönkür-hönkür ağlayıb-sızladı. Qorxaq qızı Ağcaqovağa sarı dönüb dedi:
Quruca ağaca dönəsən səni,
Canından heç qorxu əskik olmasın.
Yolsun saçlarını qara tufanlar,
Səhrada hayını bir kəs almasın!
Sədaqətli, cürətli oğlanlarına isə dedi:
Hərəniz bir cökə, palıd olun siz,
Məni də yamyaşıl küknar görərsiz.
Anaları necə dedisə, elə o cür də oldu. İndi palıd, göyrüş və tozağacları iri, yaraşıqlı, qollu-budaqlı, tufanlara sinə gərən məğrur ağaclardır, ağcaqovaq isə zəif əsən küləklərdən belə qorxan, tir-tir titrəyən, qəddi əyilən kol-kosa bənzəyir. Görünür, dayılarından qorxub doğmaca atasını ölümə sürükləyənlərin aqibəti belə olur.
22.09.2026