Nağıllar, hekayələr

Moldov nağılı. Çobanın ağıllı qızı

Biri vardı, biri yoxdu, keçmiş zamanlarda bir çoban vardı. Uşaq yaşlarından gah bu kənddə, gah o biri kənddə muzdurluq edirdi, qocalana yaxın isə padşahın qoyun sürüsünü otarırdı.

 

Günlərin bir günü padşah çobana əmr etdi ki, qoyunları həftəbazarına aparıb satsın, sonra da həm qoyunları, həm də pulları geri qaytarıb gətirsin.

Çoban təəccüb içində çaşıb qaldı. Hələ ömrü boyu belə müəmmalı işə düşməmişdi. Bu, ona yaman yer elədi: satılmış qoyunları axı necə geri qaytara bilərdi? Hələ üstəlik, pulları da özündə saxlamalı idi.

Çoban qanıqara, fikir içində evlərinə qayıtdı. Qızı atasını qapının ağzında qarşıladı. Yadımdan çıxdı, sizə deyim ki, çobanın on altı yaşında ağıllı-kamallı bir qızı vardı. Atasının əhvalının özündə olmadığını görüb soruşdu:

— Ata, nə olub sənə, niyə belə bikefsən?

 

— Necə bikef olmayım, a qızım? Padşah mənə düzəlməsi müşkül olan bir iş tapşırıb, — deyib dərdini danışdı.

Qızı dedi:

— Bu bir iş deyil, ata, boş şeydir. Uzan yat, axşamın xeyrindən gündüzün şəri yaxşıdır.

— A qızım, bəs biz necə eləyək?

 

— Sabah qoyunları götürüb həftəbazarına gedəndə onları qırx, yunlarını sat, evə qayıdanda həm pulun olsun, həm də yanında qoyunların — eynilə padşahın dediyi kimi.

Çoban bu məsləhəti eşidən kimi çiçəyi çırtladı, rahatca yerinə uzanıb yatdı. Səhər durub qoyun sürüsü ilə birlikdə həftəbazarına getdi, qoyunları qırxıb yunlarını satdı, qayıdıb gəldi saraya.

Padşah əmr etdi ki, pulları xəzinədara versin. Çobana da belə bir şey göstərdiyinə görə bir düyə bağışladı.

Düyə yaxınlıqdakı çəmənlikdə və vadilərdə otlaya-otlaya böyüyürdü.

Günlərin bir günü, heç bilmirəm necə oldusa, düyə yolunu azıb gedib girdi adlı-sanlı bir boyarın sahəsinə. Boyar nökərlərini göndərdi, onlar da düyəni çəkib qatdılar ağanın sürüsünə.

Çoban gəlib dedi:

 

— Boyar, düyəmi qaytar özümə.

— Yox, qaytarmıram, düyə mənim olacaq. O, çəmənimi yaman günə qoyub, otlaqlarımı tapdaq-tapdaq eləyib.

Çoban dedi:

— Yaxşı, onda gəl gedək divana, işimizi ayırd eləyək.

Getdilər padşahın yanına həqiqəti aydınlaşdırmağa. Çoban dedi:

 

— Demək, məsələ belədir, qibleyi-aləm: boyar mənə bağışlanan düyəmi tutub əlimdən alıb.

Padşah onların ikisinə də qulaq asdı, amma məsələni necə həll edəcəyini bilmədi.

Bir xeyli fikrə getdi, yaxşı-yaxşı düşündü, sonra dedi:

— Qayıdın evinizə, sabah səhər gələrsiniz yanıma. Mən indi sizə bir tapmaca deyəcəyəm. Kim cavabını düz tapsa, düyə onun olacaq. Sabaha qədər fikirləşin. Dünyada hər şeydən yağlı nədir? Hamıdan bərk qaçan nədir? Hər şeydən şirin və yumşaq nədir?

Çobanla boyar qayıtdılar evlərinə. Çoban başını aşağı dikmişdi, boyar isə damağı çağ gedirdi. Boyarı arvadı qarşıladı:

— Hə, necə oldu? Padşah mübahisəni necə həll elədi?

 

— Söhbət belə oldu. Səhər gərək gedib ona tapmacanın cavabını deyək: dünyada ən yağlı şey nədir, ən iti qaçan nədir, ən şirin və ən yumşaq şey nədir. Bunları tapa bilsəm, düyə bizim olacaq.

Boyarın arvadı düşünüb-eləmədən dedi:

— Yer üzündə bizim donuzdan yağlı nə ola bilər? Onun əl qalınlığında piyi var. Bizim tazıdan bərk qaçan yer üzündə ola bilməz. Qaçmaqda o, dovşanı vurub keçir.

Boyar sevinərək dedi:

— Allaha and olsun, sən haqlısan, arvad. Bəs yaxşı, yer üzündə ən şirin və ən yumşaq şey nədir?

Arvadı cavab verdi:

 

— Arxanamızda iri arı pətəyimiz var, ondan çəkilən baldan şirin şey dünyada ola bilməz. Ən yumşaq şey isə qu tükündən düzəltdiyim yastığımızdır. Başını qoyan kimi içində itib-batır.

Bununla da boyar rahat oldu və bütün gecəni xorna çəkib yatdı. Yuxuda düyəni gördü.

Çobanın qaşqabağı yer süpürə-süpürə qayıdıb gəldi evinə. Köks ötürə-ötürə ah çəkirdi. Qızı xəbər aldı:

— Ata, sənə nə olub? Niyə belə fikirlisən?

— Bilirsən, qızım, padşah nə müşkül tapmaca verib? — deyib tapmacanı söylədi.

— Ata, uzan, rahat yat, heç nəyin fikrini çəkib-eləmə. Səhər padşah soruşsa ki, dünyada ən yağlı şey nədir, deyərsən torpaq.

— Yaxşı, qızım. Bəs soruşsa ki, dünyada ən iti gedən nədir?

 

— Deyərsən, yer üzündə fikirdən və baxışdan iti qaçan şey yoxdur.

— Bəs soruşsa ki, ən şirin və ən yumşaq şey nədir?

— Deyərsən, ən şirin şey yuxudur, ən yumşaq da yastıqdır. Ancaq gərək əlini başının altına qoyasan, yoxsa yuxun olmaz.

Çobanın ürəyi rahat oldu, ancaq boyarın verəcəyi cavabdan bir az ehtiyat edirdi.

Ertəsi gün çobanla boyar gəldilər padşahın hüzuruna. Padşah da gəldi. Padşah dedi:

— Otur, boyar, danış görək.

 

Boyar oturdu.

— Cavab ver görüm, dünyada ən iti qaçan şey nədir?

— Əlahəzrət, mənim bir tulam var, qaçışda dovşana üstün gəlir. Mənim fikrimcə, ondan cəld qaçan yer üzündə ola bilməz.

Padşah cavab verdi:

— Yanlış düşünürsən. Çoban, sən cavab ver görüm.

— Mən sadə bir adamam, əlahəzrət, dərinlərə enə bilməsəm də, düşünürəm ki, dünyada ən iti qaçan şey fikirdir. Budur, mən sənin qarşında durmuşam, fikrim isə bu saat evdədir, uşaqlarımın yanındadır. Onlar yemək istəyirlər.

— Haqlısan, doğru deyirsən. Bəs dünyada ən yağlı şey nədir?

 

Boyar dedi:

— Pəyəm də üçyaşar bir donuzum var, iyirmi pud gələr, əl qalınlığında piyi var. Dünyada ən yağlı şey odur.

— Bəs sən nə deyirsən, çoban?

Çoban cavab verdi:

— Yer üzündə torpaqdan yağlı şey yoxdur, həmin torpaq ki, bizim hamımızı ana kimi bəsləyir, qayğımıza qalır.

— Doğrudur, — padşah dedi. — İndi isə, boyar, mənə də görüm, dünyada ən şirin və yumşaq şey nədir?

 

— Mənim arıxanamda arı pətəyim var, içi balla doludur. Mən belə bilirəm ki, baldan şirin heç nə ola bilməz. Bir də güman eləmirəm ki, yer üzündə qu tükü yastığımızdan yumşaq bir şey ola bilsin.

— Sən çəkil kənara!

Çobanın cavab vermək növbəsi çatdı.

— Əlahəzrət, dünyada yuxudan şirin şey yoxdur. Yastıq yumşaqdır, buna söz ola bilməz, ancaq elə ki, əlini başının altına qoyursan, belə daha ləzzətlə yatırsan.

— Yenə sənin cavabın doğrudur. Görünür, elə düyə də sənindir. Dava-şavazsız çıxın gedin evinizə.

Boyar çıxıb getdi, padşah çobanı əyləyib soruşdu:

 

— Çoban, düzüünü də görüm, belə ağıllı, müdrik cavabları sənə kim öyrədib?

Çoban təmizürəkli bir adam idi, odur ki, biclik işlətmədən dedi:

— Bir qızım var, əlahəzrət, bunları o mənə öyrətdi.

— Qızının neçə yaşı var?

— On altı.

Padşah qərara aldı ki, bu ağıllı qızı da sınaqdan çıxarsın. Haradansa iy, çətənə tapıb çobana uzadıb dedi:

— Bunları apar ver qızına, deyərsən bütün qoşunuma paltar toxusun, toxumasa, boynu vurulacaq.

 

Çoban gözünün yaşını axıda-axıda qayıdıb gəldi evinə. Qızı xəbər aldı:

— Yenə nə bədbəxtlik üz verib, ata?

— Qızım, yağışdan çıxıb yağmura düşmüşük. Padşah əmr etdi ki, bu iyi, çətənəni sənə verim, bütün qoşuna paltar toxuyasan.

Qız dedi:

— Toxuyaram, ata. Uzan, rahatca yat.

Səhər qız atasına bir talaşa verib dedi:

 

— Bunu apar, ver padşaha, de ki, mənə dəzgah, kələf-açan və əyirmək üçün nə lazımdırsa, hamısını düzəltsin. Yoxsa qoşununa paltar tikmək üçün çətənəni nədə əyirim?

Çoban durub gəldi padşahın sarayına.

— Sabahınız xeyir, əlahəzrət.

— Xoş gördük, çoban, nə sözün var?

— Sənə bir talaşa gətirmişəm. Qızım dedi ki, bundan dəzgah, kələfaçan, masura, cəhrə, kələf açmaqdan ötrü mivəla və işə lazım olan başqa şeylər düzəltsin.

 

Belə deyib dırnaq boyda talaşanı padşaha uzatdı. Padşah çobanın qızını bir də sınaqdan keçirmək istədi. Çobana on dənə bişmiş yumurta verib dedi:

— Apar bunu, ver qızına, qoysun qırt toyuğun altına, cücə çıxartsın.

— Apararam, — deyib çoban köksünü ötürdü.

— Qızına de ki, əgər cücə çıxmasa, başı bədənindən üzüləcək.

Çoban güc-bəla özünü evə çatdırdı.

— Qızım, mən bilsəydim ki, belə bir vəziyyətə düşəcəyəm, bu düyədən bilmərrə əl çəkərdim. Mənə heç padşahın ədaləti də gərək deyildi. Bir bax gör, mənə nə verib sənə çatdırım, özü də nə deyib.

Qız baxdı, gülə-gülə yumurtaları bacı-qardaşlarına verib dedi:

 

— Nuş edin, bu hədiyyəni şəxsən padşah özü göndərib.

Çobanın qızı iki ovuc toxum götürüb qaynar suyun içinə atdı, axşamdan ta səhərə kimi qaynatdı. Dan yeri söküləndə toxumu sudan çıxarıb bağlamanın içinə qoydu, atasına dedi:

— Get, bunu əlahəzrətə ver. Qoy bu toxumu səpsin, qarğıdalı yetişdirsin, onun cücələrini yemləməyə bizdə heç nə yoxdur axı. Əgər padşah sənə desə ki, bu toxum bişirilib, qorxub-eləmə, cavab ver ki, elə onun göndərdiyi yumurtalar da suda bişirilmişdi.

Çoban durub getdi saraya.

— Qibleyi-aləm, sənə toxum gətirmişəm. Qızım dedi ki, onu əkib qarğıdalı yetişdirərsən, yoxsa cücələri yemləməyə bizdə heç nə yoxdur.

Padşah toxuma baxıb təəccüb qaldı:

— Bu toxum qaynadılıb. Bundan heç nə yetişməz.

 

— Qızım bunun da cavabını verib. Dedi ki, bəs bişirilmiş yumurtadan necə cücə çıxartmaq olar?

Padşah yəqin elədi ki, bu qız, doğrudan da, sadəlövh qız deyil, ağıl, zəka sahibidir.

Çoban dağa — padşahın qoyun sürüsünün yanına getdi. Padşah öz məsləhətçilərindən birini yanına çağırtdırdı, onu çobanın evinə göndərdi ki, gedib qıza baxsın. Görsün, qız necədir: yaraşıqlıdırmı, ağıllıdırmı, onun barəsində deyilənlər doğrudurmu, ya yox?

Padşahın məsləhətçisi əyninə sadə paltar geyib çobanın evinə yaxınlaşdı, qapını döydü, səs verən olmadı. Neyləsin, dəvətsiz-filansız qapını açıb girdi içəri. Gördü ki, çobanın qızı başıaçıq, bir köynəkdə sobanın üstə oturub.

Çobanın qızı dedi:

 

— Bağışla, boyar, evimiz qulaqsızdır.

Boyar xəbər aldı:

— Niyə təksən? Ata-anadan, bacı-qardaşdan bir kəsin yoxdur?

— Qardaşım var.

— Bəs o haradadır?

— Gedib toxumların adını dəyişməyə.

— Tezmi qayıdacaq?

 

— Kəsə yolla getsə, ləngiyəcək, dolanıb gəlsə, onda tez qayıdar.

Boyar çaşıb qaldı, bir şey anlamadı.

— Bəs anan haradadır?

— Anam qonşuya gedib ki, iki qocadan bir cavan düzəltsin.

Gəl indi onu başa düş görüm, necə düşürsən. Padşahın məsləhətçisi çobanın qızından onu başa salmasını xahiş eləmədi. Fikirləşdi, götür-qoy elədi, ancaq heç nə anlaya bilmədi. Axı padşah onu adi, sadə bir sözlə göndərmişdi. Boyar qıpqırmızı qızardı, soruşdu ki:

 

— Nə danışdığını bari sən özün başa düşürsənmi?

Qız cavabında dedi:

— Əlbəttə. Əgər həyətində it yoxdursa, demək, ev qulaqsızdır və xətrinizə dəyməsin, hər yoldan ötən səfilin biri dəvətsiz-filansız içəri girə bilər.

— Belə də. Bəs yaxşı, qardaşın hansı üsulla toxumların adını dəyişmək istəyib? Bir də necə olur ki, kəsə yolla gedəndə ləngiyir, dolanıb gələndə isə evə tez çatır?

— Çox sadə. Qardaşım dəyirmana taxıl aparıb, üyüdəndən sonra olacaq un. Yolumuzun üstündə karvansara var. Karvansaranın yanından keçib-getsə, onu çox gözləmək lazım gələcək, dolanıb gəlsə, tez qayıdacaq.

Padşahın məsləhətçisi dedi:

 

— Çox gözəl! Bəs anan necə ustadır ki, iki qocadan bir cavan düzəldir?

Çobanın qızı cavab verdi:

— Bizdə belə bir zərb-məsəl var: iki köhnə köynəkdən bir təzəsini düzəldirlər.

Padşahın məsləhətçisi dedi:

— Heç belə bilməzdim. Çox tədbirli, ağıllı, uzaqgörən və fəndgir qızmışsan. Sağlıqla qal, Allah amanında.

 

— Salamat ol, boyar.

Padşahın məsləhətçisi qayıdıb gəldi saraya, padşaha ərz elədi ki, çox fəndgir qızdır, gözəl və ağıllıdır, özü də ancaq eyhamla danışır.

Padşahın ürəyi yerindən oynadı. Çobanı çağırtdırıb dedi ki, qızı dərhal saraya gəlsin, amma nə miniklə gəlsin, nə piyada, nə yolla gəlsin, nə çöllə, nə geyimli olsun, nə çılpaq, nə hədiyyə ilə gəlsin, nə hədiyyəsiz. Dediyim kimi gəlsə, padşah arvadı olacaq. Gələ bilməsə, boynu vurulacaq.

Çoban göz yaşlı qayıdıb gəldi evinə. Qızı onu dinlədikdən sonra dedi:

— Ata, mənə bir balıq toru gətir, bir dənə də diri dovşan tut. Yerdə qalanların isə fikrini çəkmə.

 

Atası qızı nə istəmişdisə, hamısını tapıb gətirdi. Qız balıq toruna büründü, ağacı yəhərlədi, dovşanı vurdu qoltuğuna, sağ əlinə iki göyərçin aldı, bir ayağıyla yolun qırağı ilə, bir ayağı ilə də tarla ilə getdi.

Padşahın darvazası ağzında itlər qızın üstünə cumdular. Qız dovşanı buraxdı, dovşan götürüldü, itlər də onun dalınca qaçdılar.

Qız birbaşa taxt-tacın yanına gəldi.

— Salam, qibleyi-aləm.

— Xoş gəlib səfa gətirmisən, gözəl qız.

— Çəkinmədən hədiyyəmi qəbul elə.

Padşah əlini qabağa uzatdı ki, göyərçinləri alsın. Qız barmaqlarını aralayan kimi göyərçinlər uçub-getdilər. Belə çıxdı ki, qız necə deyilmişdisə, o cür də hərəkət elədi: nə miniklə gəldi, nə də piyada; nə yolla gəldi, nə də çöllə; nə geyimli gəldi, nə də çılpaq; nə hədiyyə ilə gəldi, nə də hədiyyəsiz.

 

Qızın qənirsiz gözəl və ağıllı olduğunu görüb padşah dedi:

— Gəl mənim arvadım ol, mənimlə birlikdə padşahlıq elə.

— Sağ ol, böyük hökmdar, ancaq gəl əvvəlcə şərtləşək: əgər sən ədalətsizlik eləmiş olsan, onda mən ədalətlə hərəkət edəcəyəm.

Padşah qıza belə cavab verdi:

— Sən çox xeyirxah söz dedin. Bax mənim də belə bir şərtim var: adamları həmişə birinci mən mühakimə edəcəyəm.

Toy elədilər, xoşbəxt və firavan ömür sürdülər. Bir ay keçdi, iki ay keçdi, bir il tamam oldu.

 

Günlərin bir günü kəndlərdən birində üç nəfər bir yerə yığışdı: bunlardan birinin qoşqusu vardı, o birinin arabası, üçüncüsünün də atı. Danışıb bu qərara gəldilər ki, birlikdə taxılı dəyirmana aparsınlar. Arabaya qoşub düzəldilər yola. Qayıdan baş dinclərini almaqçün bir yerdə dayandılar, bilmədən yuxuya getdilər. Ayılanda bir dayça gördülər.

Arabanın sahibi dedi:

— Allaha şükür, arabam mənə bir dayça doğub, indi daha mənim də atım olacaq.

Qoşqunun sahibi yerindən bir boy atılıb dedi:

— Kələk gəlmə, qardaş! Dayçanı qoşqu doğub. Axır ki, mənim də ürgəm olacaq.

Atın sahibi isə karıxıb qalmışdı:

 

— Bu necə ola bilər, mehriban insanlar? Belə bir şey harada görünüb? Dayçanı madyan doğub…

— Yox, canım, dayçanı mənim arabam doğub.

— Xeyr, mənim qoşqum doğub.

Artıq söz işlətmədən özlərini dayçanın üstünə atdılar. Biri doğru deyirdi, ikisi isə ağ yalan danışırdı.

Onların bu mübahisəsi xoşbəxtlikdən əlbəyaxaya, davaya gəlib çıxmadı — üçü də bir ağızdan dedi:

— Gəlin bu mübahisəyə padşahın hüzurunda son qoyaq, mühakimə eləyək.

 

Mübahisə edənlər gəlib çıxdılar padşahın sarayına. Söz verdilər ki, düz danışsınlar. Onlar gələn vaxt padşah evdə yox idi. Madyanın sahibi yalvar-yaxar edib padşahın arvadına üz tutdu:

— Məlikə ana, bir mübahisəli işimiz var, mərhəmət et, bizi mühakimə elə, yoxsa yazıq dayça məhv olar.

Padşahın arvadı gördü ki, məsələ ciddidir, razılaşdı. Dedi:

— Dayçanı tövləyə salın, qapının rəzəsini keçirin. İndi isə sən, atı olan, çəkil bir qırağa.

Atı olan çəkildi kənara.

 

— Sən də, qoşqusu olan, bir az geri çəkil.

O da çəkildi.

Bu vaxt at kişnədi. Yazıq at, kişnəməsin neyləsin, kim bilir, balasını hara aparıb salmışdılar.

Padşahın arvadı dedi:

— Dayçanı açıb buraxın! O sizlərdən hansı birinizin yanına gəlsə, dayça onunkudur.

Tövlənin qapısı açılan kimi dayça cumdu atın — anasının üstünə.

 

— Bax, belə ha! İndi hər şey aydın oldu?

— Bəli.

— Hə, indi çıxıb gedin.

Höcət edənlər sarayın həyətindən çıxdılar, yolda padşahla rastlaşdılar. Padşah xəbər aldı:

— Xeyirxah insanlar, haradan gəlirsiniz belə?

— Məhkəmədən gəlirik.

— Nə məsələ idi ki?

 

— Qibleyi-aləm, başımıza belə bir əhvalat gəlib, — deyib olanları danışdılar.

Padşah dedi:

— Nəsə, bir şey anlaya bilmirəm. Bəlkə, qulanı elə birinci görən adama vermək lazım idi.

Onlar dedi:

— Qibleyi-aləm, arvadınız bu cür hökm çıxardı…

Padşah güllətək saraya götürüldü, cəld arvadının yanına qaçdı, qəzəbindən səsi xırıldayırdı:

— Mən sənə deməmişəmmi ki, mənim əvəzimdən heç bir şeyi mühakimə eləmə?!

— Demisən.

 

— Bəs nə cəsarətlə verdiyin sözə əməl eləmirsən?! Çıx get sarayımdan! Rədd ol!

Padşahın arvadı dedi:

— Get deyirsən, gedərəm. Lap elə bu gün çıxıb gedərəm. Ancaq gəl əvvəlcə gözəl bir ziyafət məclisi quraq, şərab içək, ayrılmazdan qabaq yaxşıca bir rəqs eləyək.

— Qoy olsun! Ancaq sonra bax hara istəyirsən, çıx get. Sənə ən qiymətli olan şeyi də özünlə götürüb apara bilərsən, ancaq təki çıx get, səni görmək belə istəmirəm.

Onlar böyük bir ziyafət düzəltdilər. Padşahın arvadı su, padşah isə şərab içirdi. Gecəyə yaxın padşah elə keflənmişdi ki, heç ayaq üstə dura bilmirdi.

Padşahın arvadı faytonçunu çağırtdırıb ona tapşırdı ki, karetanı rahlasın. Dörd at qoşuldu. Sərxoş padşahı karetaya mindirən arvadı dedi:

— Sür, faytonçu, quş kimi uç!

 

Faytonçu xəbər aldı:

— Xanım, hara sürüm?

— Qabağa sür, mən dayan deyənə kimi sür.

Faytonçu padşah arvadının sözündən çıxmağa cəsarət eləmədi. Bərkdən fit çalıb atları qamçıladı, atlar sanki qanad açıb uçdular.

Az getdilər, çox getdilər, dərin yuxuya gedən padşah axır ki, ayıldı, xəbər aldı ki:

— Biz haradayıq? Hara gedirik?

Arvadı dedi:

 

— Əlahəzrət, mənim evimə gedirik.

— Nə danışırsan? Dediyimi unudubsan, nədir?

— Sən nə demişdin ki?

— Mən demişdim ki, sən ən qiymətli şeyi götürüb gedərsən.

— Mən də elə eləmişəm.

— Necə yəni elə eləmisən?

— Dünyada mənə hər şeydən qiymətli sənsən, odur ki, sarayından çıxanda səni götürdüm, indi də səninlə birlikdə gedirəm evimizə.

Padşah nəfəsini dərdi, karetanı saxlatdı, dedi:

— Mənim əzizim, heç yerə getmə, qal yanımda, qayıdaq saraya. Bu gündən etibarən sən necə məsləhət bilirsən, o cür də hərəkət elə.

Padşahla arvadı o gündən can deyib can eşitdilər. Ömürlərinin sonunacan bir yerdə yaşadılar. Onlardan heç kəsə bir ziyan toxunub-eləmədi, heç bir ədalətsiz hökm çıxarılmadı. Hamı deyirdi ki, çobanın qızı padşahın arvadı olan gündən haqq, ədalət saraya ayaq açdı. Saxta mühakimələr olmayan bu məmləkətin şan-şöhrəti ümmanları aşaraq bütün ölkələri gəzib dolaşdı.

 

Mən də madyanın belində oturub,
Bu yalan-pal anı sizə danışdım.