Latış nağılı. İtin canavara çəkmə tikməsi
Həyətlərin birində əldən düşmüş qoca bir it yaşayırdı. Uzun illər bu vəfalı it öz sahibinə sədaqətlə, can-başla qulluq eləmişdi, indi isə daha heç bir işə yaramırdı.
Günlərin bir günü sahibi dedi:
– Bu qoca iti saxlamağın heç bir mənası yoxdur. Gərək onu qovam meşəyə.
Odür ki, iti evdən qovdu.
Ömrü boyu evin keşiyini çəkən, atını atdan salan vəfalı it kor-peşman evdən getməli oldu!
Meşənin kənarına gəlib günəşin altında uzanıb fikirləşdi ki, bundan belə başını necə girəlsin. Böyründə bir sümük gördü, başladı gəmirəməyə.
Bu vaxt meşənin qırağına bir canavar gəlib çıxdı, itdən soruşdu:
– Sən burada nə eləyirsən?
İt ona belə cavab verdi:
– Əşi, çəkmə tikirəm. Ayaqlarım daha bükülmür, dırnaqlarımın hamısı sınıb. Çəkməsiz bir addım da ata bilmirəm.
Canavar fikirləşdi ki, elə onun da dırnaqları heç bir şeyə yaramır: bir az bundan əvvəl buzun üstündə güclə dura bilmişdi.
Canavar itdən xəbər aldı:
– Bəs mənə çəkmə tikə bilərsən?
– Niyə tikə bilmərəm, – it cavab verdi. – Mənə yağlı bir quzu gətir, amma bax iri olsun, ha!
Canavar dedi:
– Quzuya görə işin ləngiməz. Sabah quzu yanında hazır.
Səhəri gün canavar iri, kök bir qoyunu dartıb gətirdi. Soruşdu:
– Çəkməni nə vaxta gəlib aparım?
İt cavab verdi ki:
– Üç gündən sonra gəl apar.
Üç gündən sonra canavar itin yanına gəldi ki, çəkməsini götürsün. Bəs it neylədi? İt ləzzətlə qoyunu yeyib özü üçün şənləndi, çəkmə barədə heç fikirləşmək belə istəmədi.
Canavara üz tutub dedi:
– Eh, dost, sən çox pis dəri gətirmisən. Mən onu gəlib çəkən kimi neçə yerdən cırıldı. Bu dəridən çəkmə tiksəm, sən onunla nə edə biləcəksən?
Canavar ancaq dodaqlarını yaladı. O özü də elə yağlı qoyundan boyun qaçırmazdı, amma nə edə bilərdi? “Arabadan düşən şey sənin deyil”, – deyiblər.
İt dedi:
– Mən sənə üç günün içində çəkmə tikərəm, amma bir şərtlə: sən mənə bir buzov gətir, özü də yağlı olsun.
Canavar çox istəyirdi ki, ayağı çəkməli gəzib-dolansın. Ertəsi gün canavar itə kök, yağlı bir buzov gətirdi.
İt yenə dedi:
– Üç gündən sonra gəl çəkmələri apar.
Üç gün üç gecə it buzovun ətindən yeyib kef çəkdi. Çəkmə barədə isə heç fikirləşmədi də.
Canavar çəkmələrin dalınca gəldi, it yenə başladı dərini söyüb yamanlamağa:
– Əşi, dərini elə gəlibə çəkmişdim ki, o saat aralanıb parça-parça oldu. Heç belə dəridən də çəkmə tikmək olar? O çəkməni ki sən istəyirsən, körpə buzov dərisindən eləsini tikmək olmaz. O cür çəkmə tikməkçün qulan dərisi lazımdır.
– Yaxşı, yaxşı, – canavar dedi, – sənə qulan da gətirəm, amma bax bu dəfə çəkmələrim hökmən tikilməlidir.
İt and-aman elədi, pəncələrini sinəsinə sıxıb dedi ki, çəkmələr hazır olacaq, qulan dərisindən tikilən çəkmələr çox keyfiyyətli və yaraşıqlı olur.
Canavar çıxıb getdi, ertəsi gün nallanmış qulan dartıb gətirdi.
İt dedi:
– Üç gündən sonra gəl çəkmələri apar.
Üç gündən sonra canavarın hövsələsi çatmadı, elə dan yeri ağarmamışdan çəkmələrin dalınca gəldi. İt qulanı yeyib qurtarmışdı, təkcə dırnaqları qalmışdı. Canavarın belə erkən gəldiyini görüb qorxusundan sarısını uddu. Bu vaxt qulanın dırnaqları itin gözünə sataşdı: bu elə çəkmədir ki durub. Onları canavara uzadıb dedi:
– Keçir ayağına, dost, bu çəkmələrlə lap buzun üstündə rəqs edərsən.
Canavar sevindiyindən az qaldı atılıb-düşsün, dərhal çəkmələri keçirdi ayağına. Yerindən sıçrayıb qaçdı buzun üstə sürüşməyə.
Eh, ay səfeh! Heç belə çəkmələrlə də buzun üstə sürüşərlər? Canavar ayağını elə buzun üstə qoymuşdu ki, pəncələrinin hərəsi bir tərəfə sürüşdü, o nə qabağa, nə geriyə gedə bildi.
Canavar sarsını udub həyəcanla itə qışqırdı:
– Ey, kömək elə, birtəhər gedib o biri sahilə çıxa bilim.
İt qaçıb canavarın boynundan yapışdı və darta-darta buzun üstündən keçirdi – özü günahkardır, qoy yaxşıca sürüşsün.
Bu vaxt adamlar onların yanından keçib meşəyə odun gətirməyə gedirdilər. Gördülər ki, it canavarın boynundan tutub buzun üstü ilə sürükləyir. Qət etdilər ki, qoca köpək canavarın üstə hücum edib, amma öhdəsindən gələ bilmir, gücü çatmır. Adamlar itin köməyinə gəldilər, canavarın qabırğalarını o ki var əzişdirdilər.
Bu hadisədən sonra itin sahibi onu yenidən öz yanına apardı və ölən gününə kimi it sahibinin yanında qaldı.
29.09.2026