Uşaq yaradıcılığı

Qonağımız Gülnar Əhmədovadır

Rubrikamızın bugünkü qonağı Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin rəngkarlıq fakültəsinin 2-ci kurs tələbəsi Gülnar Əhmədovadır.
 
Rəssam olmaq Gülnarın uşaqlıq arzusudur. Bu sənətə sevgisi gələcək planlarını bu istiqamətdə qurmasına kömək edib. Rəssamlıq sənətinin bütün incəliklərinə dərindən bələd olmağı qarşısına məqsəd qoyan Gülnar çəkdiyi rəsmlərdə öz daxili aləmini canlandırmağa, tamaşaçını düşündürməyə, əsərlərinin məna və məzmununu rənglərin harmoniyası vasitəsilə açmağa çalışır.
 
O deyir: "Qarşıma qoyduğum məqsədlərə çatmaq üçün çox çalışıram. Əminəm ki, özümə inamım və iradəm sayəsində sənətimdə böyük nailiyyətlər qazanacağam".
 
Gülnarın fikrincə, güclü rəssam ilk növbədə gözəl insan olmalıdır. Yalnız bu halda o, dünyanı bütün çalarları ilə görür, insanlara sevgi, ümid, şəfqət, sabaha inam hissi bəxş edən əsərlər yaradır. Onun fikrincə, əzmkar insan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir, yetər ki seçdiyi yoldan dönməsin.