Uşaq yaradıcılığı

"Bugünkü uğurların mənə gələcəkdə çox köməyi olacaq..."

Bu gün biz sizi rubrikamızın qonağı, istedadlı Sürəyya Novruzova ilə tanış etmək istəyirik. Sürəyya 132-134 saylı Təhsil Kompleksində 5 “a” sinfində oxuyur. Müəllimlərinin və sinif yoldaşlarının sevimlisi olan Sürəyya az yaşı olmasına baxmayaraq, əldə etdiyi uğurlarla bizim də diqqətimizdən yayınmadı.
 
11 yaşlı Sürəyya ilə söhbətimiz o qədər maraqlı oldu ki, saatın necə gəlib keçdiyini belə bilmədik. Öz arzularını, bacarıqlarını bizimlə bölüşən Sürəyyanın bədii gimnastikaya, rəsmə marağı böyükdür, bunu gördüyü işlərdən, uğurlarından danışan zaman onun səs tonunda, mimika və jestlərində aydın hiss etmək olur. 
 
Sürəyya bədii gimnastika ilə məşğul olmağa 6 yaşında "Bakı gimnastika məktəbi" ndə başlayıb. BGM-də məşqçisi Aidə Əliyeva olub. İndi Sürəyya gimnastika ilə “Su idman sarayı”nda məşğul olur. "Su idman sarayı"ndakı məşqçisi isə Sevil Fərəcovadır. Valideynlərinin və müəllimlərinin dəstəyi ilə öz üzərində daima çalışan Sürəyya bir çox yarışlarda iştirak etdiyini, bu yarışlarda dəfələrlə ikinci və üçüncü yerin sahibi olduğunu dedi.
 

Sürəyyanın ən böyük uğuru 2015-ci ildə iştirak etdiyi yarışda birincilik qazanaraq ilk qızıl medalı əldə etməsi olub. Daha sonra o, 2016-cı ilin may ayında Macarıstanın Peç şəhərində iştirak etdiyi yarışda növbəti birinciliyini qazanır.Yarışlarla əlaqədar dəfələrlə xarici ölkələrdə olan Sürəyyanın uğurları təkcə bununla da bitmir.

Bədii gimnastika ilə yanaşı, şəkil çəkməyə də böyük həvəsi olan Sürəyya Novruzova bizi çəkdiyi rəsmlərlə də tanış etdi. Şəkil çəkərkən canlı rənglərə üstünlük verdiyini, xüsusi tabaşirlərdən, akrilik və sulu boyadan istifadə etdiyini də vurğuladı. O, öz rəsmləri ilə rəssam Emin Qəhrəmanovun “Baharın rəngləri” adlı sərgisində də iştirak edib və sertifikat qazanıb. Bəs, Sürəyya ən çox hansı rəssamın əsərlərini bəyənir? Bu suala o, rəssam Vincent van Goghun adını çəkərək cavab verdi.
 
Həm rəsmə, həm də bədii gimnastikaya lap kiçik yaşlarından başlayan Sürəyya daima öz üzərində işlədiyini və demək olar ki, boşuna keçirdiyi bir dəqiqəsi belə olmadığını dedi. O, daima öyrənmək, yaratmaq arzusunda və həvəsində olduğunu, bütün işlərini planlı gördüyünü və bundan məmnun olduğunu da bizimlə bölüşdü. Sürəyyanın fikrincə planla, qrafiklə qurulan rejim daha sağlam gələcəyə aparır. O, indi əldə etdiyi uğurların ona gələcək işlərində də çox kömək olacağını düşünür.  Gələcək işlərindən söhbət düşmüşkən ondan planlarından bəhs etməsini də xahiş etdik.
 
Yaradıcılığa önəm verən Sürəyya gələcəyin tanınmış rəssamı, modelyeri və interyer dizayneri olmaq arzusundadır və bunun üçün əlindən gələni edəcəyinə biz də əminik. Artıq yekunlaşmaqda olan söhbətimizdə son olaraq Sürəyya bizə bu söhbətdən çox şad olduğunu və bunun üçün portalımıza təşəkkürünü bildirdi.
 
Biz də AZƏRTAC-ın  Uşaq Bilik Portalı  adından Sürəyyaya indiki və gələcək işlərində uğurlar arzulayır, rubrikamızın qonağı olduğu üçün təşəkkür edirik.