Uşaq yaradıcılığı

Qonağımız Hüseyn Mirheydərovdur

Hüseyn Mirheydərov 2011-ci il yanvar ayının 24-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Ayağı yer tutandan idmana, xüsusən də futbola maraq göstərən Hüseyn hələ 3 yaşından erkən inkişaf kurslarının daimi üzvünə çevrilir. O, mental arifmetika proqramı üzrə riyazi biliklərə yiyələnərək bu sahədə xüsusi istedad sahibi olduğunu ortaya qoyur.
 
Hüseyn 2015-ci ilin sentyabr ayından 132-134 saylı Ümumtəhsil Kompleksinin bağçasında, 2016-cı ildən isə həmin bağçanın məktəbəqədər hazırlıq qrupunda təhsil alır. Burada uşaqlara doğma Azərbaycan dilimizlə yanaşı  rus, ingilis, fransız dilləri tədris olunur və Hüseyn də bu dilləri həvəslə öyrənir. Dil dərslərindən başqa məntiq, riyaziyyat, ətraf mühit, şahmat, gimnastika, bədən tərbiyyəsi, üzgüçülük, teatr-sənətşünaslıq, rəqs məşğələləri də aparılır və uğurla davam etdirilir.
 
Hüseyn bu il bağçadan məzun olacaq və orta məktəbin birinci sinfinə qədəm qoyacaq. Öz hazırcavablığı ilə seçilən Hüseyn artıq sərbəst şəkildə oxuya və yaza bilir.
 
Təhsil kompleksində aparılan məşğələlərdə uşaqlar müxtəlif biliklərə yiyələnməklə yanaşı, onların xüsusi istedad və bacarıqları da ortaya çıxarılaraq inkişaf etdirilir. Erkən inkişaf nəzəriyyəsinə əsaslanaraq uşaqlarda məntiqi düşüncənin gücləndirilməsi məqsədilə təşkil olunan məşğələlərdə Hüseyn də həvəslə iştirak edir.
 
Şahmat, rəqs və gimnastika ilə məşğul olmağı sevən, bu sahədə uğurlu nəticələr əldə edən Hüseynin hobbisi pazl yığmaqdır. O, eyni zamanda kağızdan, rəngli kartonlardan istifadə edərək maraqlı əl işləri də düzəldir.
 
Hüseyn kinonu və teatrı çox sevir. Bəlkə elə buna görədir ki, o, bayramlarda səhnəyə qoyulan tamaşaların, şənliklərin fəal iştirakçısıdır. "Teremok"-da ayı, "Buzlar kraliçası" tamaşasında dəniz qulduru, Novruz tamaşasında keçəl rollarında çıxış edən Hüseyn buraxılış günündə "Qaynana" tamaşasında qardaşoğlu Əli rolunda çıxış edəcək.
 
6 yaşlı qonağımızın arzusu böyüyəndə hüquqşünas olmaqdır.
 
Çox sevindirici haldır ki, bu gün belə hərtərəfli, istedadlı, bacarıqlı övladlarımızın sayı durmadan artmaqdadır. Övladlarımız dedim, çünki, bizim gələcəyimiz olan bu uşaqlar öz bilik və bacarıqlarını millətimizin, dövlətimizin tərəqqisi yolunda sərf edərək ayrı-ayrı ailələrin deyil, bütün xalqın övladları olacaqlar. Odur ki, Vətənimizə, xalqımıza xeyirli olsun!