Odlar Yurdu

Azərbaycanda 1,5 milyona yaxın su quşları qışlayır

Bakı, 26 yanvar, AZƏRTAC 

 


Quşlar il ərzində iki dəfə köç edirlər. Bunlar yaz və payız miqrasiyası adlanır. Fevralın ikinci yarısından başlayan yaz miqrasiyası mart-aprel aylarında daha da çoxalır, mayın sonlarında başa çatır. Payız miqrasiyası isə avqustun ikinci yarısından dekabrın sonuna qədər davam edir.

 

Payız miqrasiyası zamanı sentyabr-noyabr aylarında quşların köçü daha çox qeydə alınır. Quşlar məskunlaşdıqları əraziləri zərərvericilərdən təmizləyir, göl və bataqlıqların dibindəki ot örtüyünün böyüməsinə imkan vermirlər. Əgər həmin otlar yeyilməsə, qalıb çürüyər və su hövzələrinin canlılar aləminə mənfi təsir göstərər.


Azərbaycanın əlverişli iqlim şəraiti və lazımı qida ehtiyatları ilə zənginliyi ölkəmizi Avrasiya materikində quşların ən çox qışladığı yerlərdən birinə çevirib. Burada 1-1,5 milyon yalnız su quşu qışlayır. Köç zamanı respublika ərazisində müvəqqəti qalan quşların sayı isə bundan 10 dəfə çoxdur. Digər qışlayan quşlardan isə bəzgəklərin sayına görə ölkəmiz dünyada birinci yerdədir.

 

Belə ki, 100-200 min arası bəzgək  respublika ərazisində qışlayır. Ölkəmizə su quşlarından vağlar və ibislər, bəzi ördəklər və cüllütlər, qağayı və sternalar gəlir. Həmçinin bir çox sərçəkimi və yırtıcı quşların sayı  qışlayan quşlardan az olsa da, onların içində bir çox nadir, Dünya Qırmızı Siyahısına və Azərbaycanın Qırmızı Kitabına salınan quşlar var.