Mədəni irsimiz

Şirvanda xalçaçılıq ənənələri

Azərbaycan xalçaları içərisində Şirvan xalçalarının özünəməxsus yeri vardır. Şirvan xalqının məişət tərzinin əsas hissəsi olan xalçalar əsrlər boyu mənzillərin bədii tərtibatında başlıca yer tutmuşdur. Burada digər xalq sənət sahələri kimi xalçaçılıq da bədii-texnoloji baxımdan müxtəlif inkişaf mərhələləri keçmişdir.

 

Şirvanın füsunkar təbiəti, təmiz havası, güllü-çiçəkli çəmənlikləri burada qədim zamanlardan heyvandarlığın inkişafı üçün əlverişli imkanlar yaratmışdır. Əhalinin əsas təsərrüfat sahələrindən biri olan qoyunçuluq xalçaçılığın inkişafı üçün əlverişli şərait yaratmışdır. Şirvanda yerli qoyun cinsləri ilə kifayətlənməyən əhali, digər bölgələrdən buraya döllük qoyun cinsləri gətirir və xalçaçılıq üçün yararlı xammal verən cinslərin artırılmasına xüsusi diqqət yetirirdi. Burada ağ yunlu qoyun cinslərinin artırılmasına daha çox üstünlük verilirdi. Ağ yun istənilən boyağı yaxşı götürdüyündən o boyaqçılıq üçün daha əlverişli hesab olunurdu.

 

Pirqulu, İsmayıllı, Talış, Cəngi, Xaltan, Alpoud meşələrində bitən müxtəlif ağac və kol bitkiləri, xalq arasında “toxmacar” adlanan tut bağları boyaqçılıq üçün ənənəvi xammal bazası yaradırdı. Təcrübəli boyaqçılar müxtəlif bitkilərin kök, kökümsov, gövdə, budaq, qabıq, yarpaq, çiçək, toxum, meyvə və giləmeyvələrindən boyaq məhlulu hazırlamış, ipək və pambıq parçaları, xalçaçılıqda işlədilən yun, pambıq və ipək sapları gözəl, parlaq və solmaz rəng çalarları ilə boyamışlar. Şirvanın xalça və xalça məmulatlarının əsas xüsusiyyətlərindən biri də onların rəngarəngliyi, boyaqların parlaqlığıdır. 

 

Şirvanın əsas boyaqçılıq mərkəzləri Məlhəm, Ərçiman, Çalov, Sor-sor, Qəşəd, Lahıc, Ərəbuşağı, Basqal, Dilman, Xatman, Nüydü, Cəyirli, Sulut, Zərgəran, Qaraqoyunlu, Osmanbəyli, Yekəxana və s. kimi yaşayış məntəqləri olmuşdur. Şirvan qrupu xalçaları üçün səciyyəvi olan qırmızı rəng, əsasən, “qızıl boya” adlanan boyaq bitkisindən alınırdı. Sarı rəng baldırğan, alma qabığı, əncir və ağ tut yarpağından alınırdı. Yaşıl rəng isə əncir və tut yarpaqlarından alınan sarı rənglə boyandıqdan sonra, ipin “indiqo” adlanan boyağa salınması üsulu ilə alınırdı.

 

Şirvan xalçaları texnologiyasına görə xovsuz və xovlu növlərə bölünür. Bölgənin əsas xalçaçılıq mərkəzləri Şamaxı, Ağsu, Kürdəmir, Hacıqabul, Ağdaş, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar rayonlarının kəndlərini əhatə edir. Qəbələ və Salyan rayonlarının əhalisi tərəfindən toxunan xalçalar da texniki, bədii cəhətdən Şirvan xalçaları ilə bir çox oxşar cəhətlərə malik olduğundan onlar da bu qrupa aid edilir. 

 

Şirvanın ən böyük xalçaçılıq mərkəzi Şamaxı şəhəri və onun ətrafında yerləşən qəsəbələr, kəndlər olmuşdur. Araşdrımalar göstərir ki, tarixən bölgə əhalisinin məişətində xovsuz xalçalar üstünlük təşkil etmişdir. Sadə bədii kompozisiyalar da həmin xovsuz xalçalar üzərində icra edilmişdir. Əsasən, həndəsi elementlərdən ibarət olan bu kompozisiyaların bir çoxu dəyişikliyə uğramadan bu günümüzədək gəlib çatmışdır. Yerli əhalinin “quyrumlu” adlandırdığı kilimləri sənətkarlıq baxımından maraq doğuran nümunələrdir. Bu kilimlərin ara sahəsi iki hissəyə bölünür, həmin hissələrdən hər birində daxilində romblar olan kvadratlar şaquli sıralarla toxunur. 

 

Şirvanda medalyonlu xalçalar çox geniş yayılmışdır. Qeyd etmək vacibdir ki, həndəsi formalı medalyonlu xalçalar istər yerli əhalinin, istərsə də əcnəbilərin rəğbətini qazanmışdır. 19 əsrdə toxunmuş “Şamaxı” adlandırılan xalçalarda palmet ornamentinin çox maraqlı bir nümunəsi vardır. Azərbaycan dekorativ-tətbiqi sənətinin müxtəlif sahələrində, o cümlədən xalçalarda işlədilən müxtəlif ölçülü sərv ağacının təsvirinə tarixi “Əjdahalı” xalçalarda da rast gəlmək mümkündür. 20 əsrin əvvəllərində Şirvanda toxunmuş “Şamaxı” xalçalarında palmettalar nisbətən böyük ölçülərdə toxunur. Şirvanın qapalı kompozisiyalı xalçaları da məşhurdur. Ənənəvi “Namazlıq”lar bu növə daxildir.

 

Bölgədə toxunmuş xalçaların simvollar aləmi də zəngindir. Bu xalçaların bədii tərtibatını rəngarəng həndəsi, nəbati, zoomorf, antropomorf elementlər (simvollar) təşkil edir. Şirvanda toxucular stilizə edilmiş insan təsvirlərinə mümkün qədər geniş yer vermişlər. İnsan təsvirləri həm bütöv fiqur kimi, həm də insan əzaları (göz, əl, bığ və s.) şəklində də müşahidə olunur. Bundan əlavə, insan təsvirləri bəzən bu və ya digər bir fəaliyyət zamanı da göstərilmişdir. Məsələn, əlində dəsmal rəqs edən adamın və yaxud “yallı” gedən adamların təsvir edildiyi xalçaları nümunə göstərmək olar. Şirvan toxucularının “əl-ələ” adlandırdıqları kompozisiya çox maraqlıdır. Bu xalçalarda bir-birinin ardınca təsvir edilən kişi və qadın fiqurları “Yallı” xalq rəqsinin təsviri kimi yozulur. Bu təsvir Qobustan qaya təsvirləri ilə eyniyyət təşkil edir.