Bayatılar

Sarı Aşıq. Bayatılar

Aşıq bir buğda gördü,
Buğdanı dağda gördü,
Gözəli Çanaqlıda,
İgidi Tuğda gördü.
 
Aşıq minaya dəyər,
Qurban minaya dəyər,
İl var bir günə dəyməz,
Gün var min aya dəyər.
 
Bu bulud yağın eylər,
Şam yanar, yağın eylər,
Bir çıraq haqdan yansa,
O çıraq yağı neylər?
 
Bu dağlar qoşa dağlar,
Verib baş-başa dağlar.
Yarım səndə gəzibdir,
Səni min yaşa dağlar!
 
Dağlarda qar qalandı,
Yağdıqca qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı.
 
Qarşıda yaxşı dağlar,
Köçməyə yaxşı dağlar,
Hər kəsin bir dağı var,
Aşıqı Yaxşı dağlar.
 
Mən Aşığam, gündə mən,
Kölgədə sən, gündə mən.
Qurban ildə bir olar,
Sənə qurban gündə mən.
 
Mən Aşığam yerim sal,
Kürdü üstə terim sal.
Sağ saldın, sayrı çıxdı,
Aşıq deyir yeri mis al.
 
Mən aşıq, zarı canım,
Saralıb sarı canım.
Səndən ayrı düşəli
Qalmayıb yarı canım.