VIDEO

Bursa şəhəri

Bursa Osmanlı imperiyasının ilk paytaxtıdır . 130 il Osmanlıya paytaxtlıq edən şəhər altı sultanın məzarını qoruyur. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə həmçinin onun adını daşıyan mavzoley var. Şəhərin ilkin görkəmi oranı səyahət edən insana uzaq keçmişlərdən bu yana böyük mədəniyyətlərin beşiyi olan bir şəhəri tanıdır . Asiya və Avropa arasında bir bölgədə yerləşməsi Bursanın   hər iki qitənin mədəniyyətindən yararlanmasına səbəb olmuşdur. Bu səbədən şəhərdə Roma, Bizans, Səlcuq və Osmanlı mədəniyyətlərinin izləri qalmaqdadır. Təbiətinin zənginliyi, tarixlə tanışlığı və bir çox mədəniyyətlərə ev sahibliyi etməsi ilə Uludağın ətəklərində qurulmuş bir şəhərdir. Bursa tarixi  və memarlıq baxımından  açıq hava altında muzeyi xatırladır.

 

Türkiyə iqtisadiyyatında sənaye mərkəzi kimi tanınan Bursa eyni zamanda önəmli turizm mərkəzidir. Üç milyona yaxın əhalisi ilə Türkiyənin 4-cü böyük şəhəridir. İpək yolu üzərində yerləşməsi Bursanı dünyanın başlıca ticarət, sənaye və mədəniyyət şəhəri kimi tanıdıb. Türklər bu şəhəri “Yaşıl Bursa” adlandırırlar. Bursa şəhəri bunu yaşı qərinələrlə ölçülən nadir ağaclara və bitkilərə - bir sözlə, zəngin floraya borcludur. Məhz bu şəhərin mədəniyyətinə, tarixinə və təbii zənginliyinə görə Bursaya ziyarət edənlərin sayı ildən-ilə çoxalır.