Odlar Yurdu

Xüsusi mühafizə olunan təbiət əraziləri

Azərbaycan Respublikasında ümumi sahəsi 593,11 min ha olan 38 xüsusi qorunan və ölkə ərazisinin 8%-ni təşkil edən təbiət ərazi vahidi (milli parklar, qoruqlar, yasaqlıqlar) yaradılmışdır.


Onların təşkili və hüquqi vəziyyəti Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” (1999), “ Heyvanlar aləmi haqqında” (1999), “ Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” (2000) və “Ovçuluq haqqında” (2004) qanunları ilə tənzimlənir.

 

 

Akad.Həsən Əliyev adına Ordubad Milli Parkı. 


Bu park 2003 ildə Naxçıvan MR-nın Ordubad rayonu ərazisində yaradılmışdır. Sahəsi 12131 ha-dır, çox hissəsi dağlıqdır.

 

Azərbaycanın ‘Qırmızı kitabı” na salınmış 58 heyvan (35 onurğalı və 23 həşərat) və 39 bitki növü vardır. Ərazisində nadir və nəsli kəsilməkdə olan Ön Asiya bəbiri, bezoar keçisi, Avropa tüvüyü, ağquyruq dəniz qartalı, berkut, bəzgək vardır.

 

Şirvan Milli Parkı. 2003 ildə Qaradağ (Bakı ş.), Salyan, Neftçala rayonları ərazisində Şirvan Dovlət Qoruğu (1969; sah. 26900 ha) əsasında təşkil olunmuşdur. Sahəsi 54373,5 ha-dır.

 

Yarımsəhra landşaftına malikdir. 4000 ha-nı su hövzəsi təşkil edir. Su-bataqlıq sahələrdə nadir və qiymətli köçəri quşlar (turac, bəzgək, dovdaq, qu quşları və s.) yuvalayır. Faunanın əsasını ceyran təşkil edir.

 

Ağgöl Milli Parkı. 2003 ildə Ağcabədi və Beyləqan rayonları ərazisində Ağgöl yasaqlığı (1978; sah. 5182 ha) əsasında yaradılmışdır. Sahəsi 17924 ha-dır.

 

Kür-Araz ovalığının Mil düzündədir. Yarımsəhra landşaftı üstünlük təşkil edir. Respublikada quşların mühüm qışlama və yuvalama yeridir. 140-dan çox quş növünə rast gəlinir ki, onların da 89 növü yuvalayan quşlardır (sultan toyuğu, ərsindimdik, qu quşları, bəzgək və s.). Əsas mühafizə obyektləri köçəri, suətrafı və su quşlarının kütləvi yuvalama və qışlama yerləri olan su-bataqlıq ekoloji sistemləridir və YUNESKO-nun “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli sulu-bataqlıq yerləri haqqında” Konvensiyasının siyahısına daxil edilmişdir.


 

Hirkan Milli Parkı. 2004 ildə Lənkəran və Astara rayonları ərazisində Hirkan Dövlət Qoruğu (1936; sah. 2900 ha) əsasında təşkil olunmuşdur. Sahəsi 21435 ha-dır. Üçünçü Dövrün qədim relikt və endemik bitki növləri qorunur.

 

Azərbaycanda yayılmış ağac və kol bitkilərinin 1900 növü (162-si endemik, 95-i nadir, 38-i isə kökü kəsilməkdə olan) Hirkan meşələrindədir. Burada 18 məməli heyvan və 25 quş növü məskunlaşmışdır.

 

Azərbaycanın “Qırmızı kitabı"na düşmüş Hirkan şümşadı, dəmirağac, şabalıdyarpaq palıd, Hirkan ənciri, Hirkan armudu, Xəzər lələyi, ipək akasiya, Qafqaz xurması, Hirkan bigəvəri, qızılağac və s., heyvan növlərindən bəbir, quşlardan Talış qırqovulu, Hirkan arıquşusu, qara leylək, berkut və s. qorunur.

 

Altıağac Milli Parkı. 2004 ildə Xızı və Siyəzən rayonları ərazisində Altıağac Dövlət Qoruğu (1990; sah. 4438 ha) əsasında yaradılmışdır. Sahəsi 11035 ha-dır. 

 

Ərazisinin 90,5%-ni enli yarpaqlı meşələr təşkil edir. Əsas ağac növləri palıd, Qafqaz vələsi, Şərq fıstığı, adi göyrüş, ağcaqayın və s.-dir. Ərazidə cüyür, ayı, qaban, vaşaq, yenot, tülkü, dovşan, dələ, canavar və s. heyvanlar mühafizə olunur.

 

 

 

 

Abşeron Milli Parkı. 2005 ildə Bakı şəhərinin Əzizbəyov rayonu ərazisində Abşeron yasaqlığı (1969; sah. 800 ha) əsasında yaradılmışdır. Sahəsi 783 ha-dır. Nadir təbiət kompleksləri, ceyranlar, su-bataqlıq quşları, pərayaqlıların yeganə nümunəsi olan Xəzər suitisi qorunur.