Odlar Yurdu

Bakı buxtasında Böyük Zirə adası

Yəqin ki, hər birimiz nə vaxtsa şəhərimizin ən gözəl istirahət guşələrindən biri olan Dənizkənarı Milli Parkda gəzən zaman qarşıda dənizin içində böyük bir adanın olduğuna nəzər salmışıq. Bəs uzaqdan sirli görünən bu ada haqqında nə bilirik?

 

Böyük Zirə Xəzər dənizinin Azərbaycana aid hissəsində Abşeron yarımadasının cənubunda yerləşən Bakı arxipelaqına aid bir adadır. Adanın adı Azərbaycan dilində “böyük” və ərəb dilində ada mənasını verən “cəzirə” sözünün biləşməsindən yaranıb. Adanın əvvəlki adı Nargin və ya Nargen olub. Adanın belə adlandırılması Rusiya imperatoru I Pyotrun adı ilə bağlıdır. Formasına görə Fin körfəzində Estoniyanın Tallin şəhəri yaxınlığında yerləşən Nargen (hazırda Naysaar) adasını xatırlatdığından ona belə bir ad verilib. Alman, isveç və eston dillərində bu söz “dar keçid” mənasını verir. Əvvəllər Nargin adlandırılsa da daha sonra tarixi adı – Böyük Zirə geri qaytarılıb.

 

Daimi yaşayış olmayan ada Bakıdan 10,5 km məsafədə yerləşir və 1,4 kv.km ölçülərə malikdir. Böyük Zirə adasında 11 dekabr 1884-cü ildə mayak tikilib. Mayak gecə vaxtı Bakı buxtasına daxil olan gəmilərə yol göstərirdi.

 

Birinci Dünya müharibəsində əsir düşərgəsi olaraq istifadə edilib. Burada Birinci Dünya müharibəsi illərində 10 minə yaxın türk əsgər və vətəndaş şəhid edilib. Sonradan keçmiş SSRİ vaxtlarında adada həbs düşərgələri mövcud olub və repressiya qurbanları bu həbs düşərgələrində saxlanılıblar. Su mənbəyi və bitki örtüyü olmayan ada, ilanların çox olması səbəbindən İlan adası kimi də xatırlanır. Bəzi mənbələrdə “Cəhənnəm adası” olaraq da adlandırılıb.