Uşaq yaradıcılığı

Gələcəyin həkim və dizayneri- Nəzrin Həmzəyeva

Rubrikamızın qonağı Nəzrin Həmzəyevadır. Nəzrin 2009-cu il may ayının 4-də Bakı şəhərində anadan olub. 

 

236 nömrəli məktəbin 4-cü sinif şagirdi Nəzrin müəllimlərinin və sinif yoldaşlarının sevimlisidir. Məktəbi əla qiymətlərlə oxuyan Nəzrin dərsdən əlavə ingilis dili öyrənməklə də məşğul olur. O, hətta ingilis dilində mahnı oxumağı da bacarır.

 

Özü, bacarıqları, arzuları haqqında bizimlə bölüşən Nəzrinin rəsmə böyük marağı var. O, 4 yaşından Səbail rayonu Badamdar qəsəbəsində yerləşən Mədəniyyət İdarəsinin Rəssamlıq şöbəsində rəsm dərslərinə gedir. Rəsm çəkməyi çox sevdiyini deyən Nəzrin bizi çəkdiyi rəsmlərlə də tanış etdi. 

 

Şəkil çəkərkən canlı rənglərdən istifadə etdiyini, adətən sulu boya ilə işlədiyini də qeyd edən Nəzrin çəkdiyi rəsmlərdə ən çox təbiət mənzərələrinə üstünlük verir.

 

Rəsm çəkməklə yanaşı rəqs etməyi, üzgüçülüyü də çox sevən balaca qonağımız bizə gələcək arzularından da danışdı.

 

Nəzrin gələcəyin tanınmış həkimi və dizayneri olmaq arzusundadır. O, bu arzusunu reallaşdırmaq üçün əlindən gələni edəcəyini, dərslərinə hər zaman ciddi, məsuliyyətli yanaşacağını dedi. 

 

Biz də “Uşaq Bilik Portalı” adından Nəzrin Həmzəyevaya uğurlar arzu edir, rubrikamızın qonağı olduğu üçün təşəkkür edirik.