Xəbərlər

11 oktyabr - Beynəlxalq Qızlar Günüdür

Bu gün 11 oktyabr - Beynəlxalq Qızlar Günüdür.

 

Beynəlxalq Qızlar Gününün qeyd olunması barədə qətnamənin qəbuluna dair təşəbbüs BMT Baş Assambleyasında Kanada tərəfindən irəli sürülüb. Qətnamənin qəbulu ilə bağlı prosedurlarla Kanadanın qadın problemləri üzrə naziri Rona Embrouz məşğul olub.

 

2011-ci ilin dekabr ayının 10-da, BMT Baş Assambleyası Beynəlxalq Qızlar Gününün 2012-ci ilin 11 oktyabr tarixindən başlayaraq qeyd olunması ilə bağlı qətnamənin qəbulunu səsverməyə çıxarıb.

 

Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.


Eyni zamanda bu bayramın məqsədi diqqəti dünyada qızların zərif cinsin nümayəndələri olması ilə bağlı onların bilavasitə üzləşdikləri sosial problemlərə və qeyri-bərabərlik hallarına cəlb etməkdir.

 

Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır.

 

Hazırda dünyada 1,1 milyard qız var. Ötən hər 10 dəqiqədə bir gənc qız şiddət qurbanı olur. Dünyada 10-19 yaşlı qızların sayı 600 milyondur. Ümumiyyətlə, dünyada 700 milyon qız 18 yaşa çatmamış nikaha daxil olub. Demək olar ki, bir çox ölkələrdə cinsi ayrı-seçkilik, qız uşaqlarının təhsil hüququ və səhiyyə xidmətlərindən məhrum edilməsi, erkən və məcburi nikahlar, şiddət, qız uşaqların abort edilməsi problemləri hökm sürür.

 

Qız uşaqlarına qarşı haqsızlıq əleyhinə təsis edilmiş Beynəlxalq Qız Övladları Günündə hər il BMT-yə üzv dövlətlər, qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif tədbir, aksiya və kampaniyalar keçirilir.

 

Məhəmməd Peyğəmbərin bir hədisində deyilir: “Qız övladları rəhmət, oğlanlar isə nemətdir. Allah nemətə görə sorğu-sual edər, rəhmətə görə isə mükafatlandırar”.