Uşaq yaradıcılığı

“Ürək həkimi olub insanları sağaltmaq istəyirəm...”

Uşaq yaradıcılığı rubrikasının bugünkü qonağı Elnur Qasımovdur. Elnur 2010-cu ildə avqustun 10-da Bakıda anadan olub.


 
279 saylı məktəbin 3 –cü sinif şagirdi Elnur müəllimlərinin və sinif yoldaşlarının sevimlisidir. Elnurun yaşı az olsa da, əldə etdiyi uğurlar kifayət qədər böyükdür. O, bu xüsusiyyəti ilə bizim də diqqətimizdən yayınmadı. Ailənin böyük övladı olan Elnuru daha yaxından tanımaq və öyrəndiklərimizi rubrikamız vasitəsilə siz oxucularımızla bölüşmək istədik.

 

Elnurun basketbola, şahmata marağı böyükdür. Musiqini, şəkil çəkməyi, velosiped sürməyi və futbol oynamağı çox sevən Elnur dərslərində də olduqca uğurludur. Sinif əlaçısıdır.

 

Elnur mütəmadi olaraq şahmat və basketbol dərslərinə gedir. Klublararası yarışlarda iştirak edib və şahmat üzrə 4cü yerin qalibi olub. Hədəfi isə bütün dərəcələri alıb beynəlxalq yarışlarda iştirak etməkdir.

 

Öz yaşıdları arasında keçirilən sınaq imtahanlarında yüksək bal toplamış və birinci olmuşdur. 

 

İdmana və musiqiyə marağı böyük olsa da, Elnur gələcəkdə tamam başqa ixtisasın sahibi olmaq istəyir. O, həkim olmaq arzusundadır, ancaq idmanın da həyatında hər zaman öz xüsusi yerini qoruyacağını deyir.

 

Biz də AZƏRTAC-ın  Uşaq Bilik Portalı  adından Elnura indiki və gələcək işlərində uğurlar arzulayır, rubrikamızın qonağı olduğu üçün təşəkkür edirik.