Odlar Yurdu

Keşikçidağ monastırı

Keşiş dağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — qədim alban məbədidir. Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqarecorayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.


Keşikçi məbədinin mənşəyinə dair azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.


Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir.


Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib. Yalnız gürcü tarixinin ən parlaq dövrü olan "Qurucu David" və daha sonra Tamaranın hakimiyyəti dönəmində monastır gürcü kilsəsinin təsiri altına düşüb.


2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılmışdır. Qoruğa 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri daxildir.
Qoruq yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası burada araşdırmalara başlamışdır. Ərazidə yerləşən Keşikçi qalanın ilkin orta əsrlərdə müdafiə məqsədilə tikildiyi, buranın qədim alban yaşayış məskəni olduğu, həmçinin təbii mağaraların eramızın əvvəllərinə, ərazilərdəki süni mağaraların isə VIII-XV əsrlərə təsadüf etdiyi məlum olmuşdur. Son araşdırmalarda mağaraların birindən daha üç qəbir aşkarlanmışdır.


Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisində bir əsrdən çox hərbi poliqon olmuşdur (XIX əsrdə). Yəni qapalı bir yer olduğundan alimlər tərəfindən tam araşdırılmamışdır. Qoruqda tapılan nadir ilkin yaşayış məskəninin izləri, ocaq yerləri, məişət əşyaları, küp qırıqları, saxsı qablar oradakı mağaraların birində saxlanır. Burada qoruqda tapılmış əşyalardan ibarət muzey yaradılması nəzərdə tutulmuşdur.