Görkəmli şəxsiyyətlər

Abbas Səhhət – həkim, müəllim və şair

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
 
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü nüma.
Vətənim verdi mənə nanu-nəmək,
Vətəni məncə unutmaq nə demək?!
 
Bu məşhur misraların müəllifinin kim olduğunu yəqin ki, çoxlarınız bilirsiniz. “Vətənimdir” adlı bu şeir təxminən yüz il əvvəl Abbas Səhhət tərəfindən yazılıb. 
 
Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açmışdı. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs deyir. 
 
Məhz bu dövrdən etibarən yaradıcılığa başlayır və artıq 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şerləri işıq üzü görür.
 
“Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur. 
 
Həmin dövrdə Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini azərbaycan dilinə çevirir.
 
1912-ci ildə şairin şerlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şerlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.
 
Abbas Səhhətin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövrü mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur. 
 
Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi.  Abbas Səhhət 1918-ci ildə Gəncədə vəfat edib.
 
O, uşaqlar üçün “Ana və bala”, “Ata və oğul”, “Yay”, “Ayı və şir”, “Quşlar” və onlarla başqa şeirlər yazıb. Abbas Səhhətin bir neçə şeiri ilə portalın “Şeirlər” bölümündə tanış ola bilərsiniz.