Odlar Yurdu

Gəncə Darvazası

944-cü ildə slavyanların Bərdəyə basqınlarından sonra, Azərbaycanın baş şəhəri rolunu itirir və Gəncə ilə əvəzlənir. Bundan sonra Gəncə Azərbaycanın ictimai, iqtisadi, mədəni həyatında mühüm rol oynamağa başlayır.


Şəddadilər dövlətinin  paytaxtı  olan  Gəncənin  hərbi qüdrətinin  və şəhərin müdafiəsinin gücləndirilməsinin səbəbi IX-XI əsrlərdə slavyanların, erməni-gürcü və Bizans qüvvələrinin, XI əsrdə alanların Azərbaycan ərazisinə qarətçi yürüşlərinin olması idi. Gəncə çayının sağ sahilində tikilən qalanın inşası IX-XI əsrləri əhatə edir. Bu qalanın tikintisində Gəncə memarlığının ənənəvi nümunəsi olmuş qırmızı kərpicdən istifadə olunub. Həmçinin tikintidə, gil, palçıq, çay daşları da işlədilib. Gəncə Qalasının ümumi uzunluğu 13,7 km, hündürlüyü isə 12 m-dir. Qalanın giriş qapısı olan Gəncə Darvazaları XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun (1049-1067) göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdı. Gəncə darvazaları çuğun və dəmirdən hazırlanmış, üzəri basma üsulu ilə ornament və naxışlarla bəzədilmişdir. 1139-cu ildə sentyabrın 30-da, Gəncədə baş vermiş 9 ballıq güclü zəlzələdən (zəlzələ zamanı Gəncə şəhəri dağılmış, çox sayda insan həlak olmuş və Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qabağını kəsmiş və təbii gözəlliyi ilə fərqlənən Göy-Göl gölü yaranmışdır) istifadə edərək  şəhərə qarət məqsədi ilə hücum etmiş I Demetrenin başçılıq etdiyi gürcülər bu nadir sənət nümunəsini qənimət kimi Gürcüstana aparmışlar. Hazırda Gəncə qapılarının bir tayı Gürcüstanın Kutaisi rayonunun Helat (Gelati) monastrında saxlanılır. Helat monastrının cənub hasarına (IV Davidin qəbri qarşısındakı divara) bərkidilmişdir. Bu qapıların hündürlüyü 3 m 70 sm, eni isə 3 m 40 sm-dir.


Darvazanın digər tayının aqibəti haqda isə Azərdaycan Sovet Ensiklopediyasının IV cildində belə məlumat verilir: «XVIII əsrdə monastır təmir olunarkən, Gəncə darvazasının bir tayı dam örtüyünə istifadə olunmuşdur».Darvazanın salamat qalan tayının üzərində Kufi xətlə, ərəb dilində yavzılmış belə ifadələr (tərçüməsi) var: "Rəhmli və mərhəmətli Allahın Adı ilə! Həşəmətli Mövlamız və Əmrimiz Seyid Savur ibn Əl-Fəzl – Allah onun hökmranlığını uzun etsin – bizə bu qapını Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi – Allah ona da müvəffəqiyyət versin.
Dəmirçi İbrahim ibn Osman Ənqaveyhin işi. Beşinci, əllinci, dörd yüzüncü il hicri" (1063-cü il).


Helat monastrına gələn turistlərə bu qapıların dağıdıcı Gəncə zəlzələsindən sonra yaranmış xaosdan istifadə edərək qarətçilik edən  gürcülər tərəfindən deyil, guya gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır.  Gəncə qapılarının indiyədək Gürcüstanda qalması məsələsinə toxunan tarixçi Samir Pişnamazzadənin  məlumatına görə, bu qapıların Azərbaycana qaytarılmasına  əslində gürcü kilsəsi razılıq vermir: "Gürcüstan höküməti bir neçə dəfə bu istiqamətdə öz razılığını verib. Sadəcə, orada struktur elə qurulub ki, kilsə daha müstəqildir. Ona görə də bu məsələdə Gürcüstanın baş keşişinin razılığı olmalıdır və əlbəttə, kilsə razılıq vermədiyinə görə hələlik həmin darvaza qalıb Gelati monastrında. Amma əlbəttə, biz səbrlə, ağılla necə ki, Nizaminin vaxtı ilə bizim əlimizdə olmayan əlyazmalarını əldə elədik, mərhələ-mərhələ bu məsələ də öz həllini tapacaq”. Gəncə Regional Elm Mərkəzinin direktoru Fuad Əliyevin sözlərinə görə, akademik Rafael Əhmədov tərəfindən  2000-ci ilə qədər qədim şəhər xarabalıqlarında aparılan  arxeoloji qazıntılar zamanı Gəncə darvazalarının qalıqlarını tapılmışdır. Bu arxeoloji materiallar əsasında, qədim Gəncə qapıları 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən ilkin şəkildə bərpa edilmiş və şəhərin girişində qurulmuşdur.