Odlar Yurdu

Gülüstan qalası, Şamaxı

Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan, əsası VI əsrin əvvəllərində qoyulan Şirvanşahlar dövlətinə məxsus Gülüstan qalası tariximizin hələ tam açılmayan möhtəşəm, həm də sirli xəzinələrindəndir. Qeyd edək ki, Gülüstan qalası Şamaxı şəhərindən 3 kilometr şimal-qərbdə, Böyük Xınıslı kəndindən 200 metr yüksəklikdə uca dağ zirvəsində yerləşir. Əlçatmaz yerdə tikilən qala öz möhtəşəmliyi və memarlıq üslubuna görə unikal bir abidədir. Şirvan-Abşeron memarlığı formasında inşa edilən qala divarları və bürclər yonulmuş əhəng daşından gəc məhlulu ilə tikilib. Qalaya çıxışın mümkün olduğu bütün yerlər keçilməz qala divarları ilə kəsilib.


Gülüstan əsrlər boyu Şirvan hökmdarlarının iqamətgahı olub və şahın xəzinəsi burada qorunub. Düşmən hücumları zamanı hökmdar və onun ailəsi də bu qalada müdafiə olunub. Azərbaycan hərb tarixində şanlı iz qoyan Gülüstan qalası əsrlər boyu düşmən hücumlarına mərdliklə sinə gərib. Əlbəttə, amansız müharibələr və dağıdıcı zəlzələlər bu yerdən də izsiz ötüşməyib. Lakin buna baxmayaraq, qalanın iki bürcü və qala divarlarının bir hissəsi zəmanəmizədək gəlib çatıb.


Mənbələrdə Gülüstan qalası haqqında ilk məlumat VIII əsrə təsadüf edilir. Ərəb tarixçisi Təbərinin məlumatına görə, 733-734-cü illərdə Müslüm ibn Əbd əl-Məlik Şirvana hücum edərkən “Qaleyi Duxteran”ı (Qız qalası. Qeyd edək ki, yerli sakinlər Gülüstan qalasına Qız qalası da deyirlər) tutaraq dağıdıb. Şirvanşahlar tərəfindən bərpa edilən Gülüstan qalası 1123-cü ildə Səlcuq sultanı Mahmud (1118-1131-ci illər) tərəfindən yenidən dağıdılıb. Bir qədər sonra qala Şirvanşah II Məniçöhrün (1120-1149-cu illər) bacısı Şahbanu tərəfindən bərpa edilib.


XII əsr dahi Azərbaycan şairi Xaqani Şirvani qəzəllərinin birində Gülüstan qalasını Kəbə yaxınlığındakı Buqbeys dağına bənzədib. 1122-ci ildə monqollar Şamaxını tutarkən Şirvanşah ailə üzvləri ilə Gülüstan qalasında sığınacaq tapıb.


XV əsrdə Şirvana hücum edən səfəvi şeyxləri Cüneyd və Heydər Gülüstan qalasını tutmağa çalışsalar da, buna nail ola bilməyiblər.


1500-cü ildə Şamaxını tutan I İsmayıl Gülüstan qalasına uğursuz hücumdan sonra əlacsızlıqdan üzünü sərkərdələrinə tutaraq deyib: “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan?”.


1537-ci ildə I Təhmasib Şirvana hücum edərkən Şirvanşah Şahrux əvvəl Gülüstan, sonra isə Buqurt qalasına çəkilib. Bir il sonra səfəvilər Buqurt qalasını tutaraq Şirvanşah Şahruxu əsir alıb və Şirvanşahlar dövlətinin varlığına son qoyublar. Buqurt qalasının işğalından sonra səfəvilər Gülüstan qalasını tutaraq dağıdıblar. Səfəvi-Osmanlı müharibələri dövründə Osmanlılar tərəfindən zəbt edilən Gülüstan qalası qismən bərpa edilsə də, XVII əsrin əvvəllərində I Abbas tərəfindən tamamilə dağıdılıb.


Gülüstan qalasının arxeoloji baxımdan tədqiqi XX əsrin 30-cu illərindən başlanıb. 1938-ci ildə professor Y.A.Paxomov burada kəşfiyyat işləri aparıb və qalanın su təchizatı, müdafiə sistemi, gizli yolları haqqında maraqlı mülahizələr irəli sürüb.


1967-ci ildə arxeoloq H.Ciddi Gülüstan qalasının Narınqala hissəsində arxeoloji tədqiqat işləri apararkən dörd otaq və dəhlizın divarlarını üzə çıxarıb. Qazıntılar zamanı XII əsrə aid maddi-mədəniyyət nümunələri: şirli qablar, saxsı qablar, çıraqlar, ox və nizə ucluqları, əmək alətləri və sair aşkar edilib.


2010-cu ildən başlayaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Gülüstan qalasında arxeoloji tədqiqatlara başlayıb. Tədqiqat zamanı İlk Orta və Orta əsrlərə aid müxtəlif təyinatlı tikililərin qalıqları, çoxlu sayda müxtəlif ölçülü şirli və şirsiz qab fraqmentləri, yerli və xarici ölkə istehsalı olan saxsı qablar və kaşılar, şüşə və pastadan hazırlanan muncuqlar, şüşə qolbaqlar, əmək alətləri və silah nümunələri, su xətti, daş kitabə, gümüş və mis sikkələr, insan skeleti, heyvan sümükləri aşkara çıxarılıb. Gülüstan qalasından ən qədim tapıntılar IV əsrə aid Bizans imperatoru I Konstantinin mis sikkələridir.


Qeyd edək ki, Gülüstan qalası arxeoloji turizm baxımından böyük potensiala malikdir. Buraya turistlərin cəlb edilməsi regionun iqtisadiyyatına, turizm sektorunun inkişafına təkan verə bilər. Bu səbəbdən, ilk növbədə, ərazidə infrastrukturun yaradılmasına, arxeoloji tədqiqatların genişləndirilməsinə, qalada bərpa və konservasiya işlərinin aparılmasına böyük ehtiyac vardır.