Görkəmli şəxsiyyətlər

İngilis yazıçısı: Çarlz Dikkens

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Çarlz Dikkens 1812-ci il fevral ayının 7-də İngiltərənin Portsmut şəhəri yaxınlığındakı Lendport qəsəbəsində anadan olub. O, ingilis ədəbiyyatının ən məşhur yazıçısı və roman müəlliflərindən biridir. Onun romanları və kiçik hekayələri dünya ədəbiyyatının ən məşhur nümunələrindən hesab edilir.

 

Uşaqlığı sakit bir dövrdə keçən Dikkens vaxtının çoxunu açıq havada mütaliə etməklə keçirməyi çox sevərdi. 12 yaşı olarkən Çarlz gündə 12 saatlıq iş rejimi olan bir işdə işləməyə başlayıb. Bundan bir qədər sonra isə atası həbs olunub.

 

1827-ci ilin may ayında hüquq bürosunda işə başlayan Dikkens 1828-ci ilin noyabrınadək burada xidmət göstərmişdir.

 

İngilis ədəbiyyatında tənqidi realizmin banisi olmaqla yanaşı, həm də tanınmış yumor və satira ustası kimi tanınan Çarlz Dikkensin ilk hekayəsi "Qütb gəzintisində nahar" 1833-cü ildə Londonda nəşr olunub. O, "Oliver Tvistin macəraları", "Nikolas Niklbay", "Devid Kopperfild" və s. kimi məşhur əsərlərin  müəllifidir.

 

Onun yaradıcılığının ilkin dövrünə aid olan "Pikkviks klubunun qeydləri" adlı əsərində patriarxal İngiltərə təsvir olunur.

 

Əsərlərini hissə-hissə yazan Dikkensin əsərlərinin əksəriyyəti dövri mətbutda çap olunub. Onun əsərləri nəsrinin mükəmməlliyi və xarakterlərin bənzərsizliyi ilə bir çox görkəmli yazıçının diqqətini cəlb edib.

 

O, "Oliver Tvistin macəraları" adlı romanında yoxsulların həyatını təsvir edib.

 

Ç.Dikkensin yaradıcılığında “İki şəhərin hekayəti” romanı xüsusi yer tutur. Üslubuna, mövzusuna və digər cəhətlərinə görə bu əsər Dikkens yaradıcılığının zirvəsi hesab edilir, başqa sözlə, “İki şəhərin hekayəti” romanı böyük ingilis yazıçısı Ç.Dikkensin şah əsəridir. Əsər 1859-cu ildə yazılıb, romanın əsas mövzusu Böyük Fransa inqilabıdır.

 

Onun yaratdığı surətlər ingilis ədəbiyyatının ən yaddaqalan surətlərindəndir. Əbəs deyildir ki, bir çox yazıçılar onu "ağır artilleriya ustası" adlandırılar. Müəllifin müxtəlif əsərlərində avtobioqrafik elementlərə rast gəlinir.

 

"Devid Koperfild" avtobioqrafiq romanında öz həyatından bəhs edən Çarlz Dikkens 1870-ci ildə vəfat edib.