Xəbərlər

Bu gün Ümumdünya Yuxu Günüdür

İlk dəfə Ümumdünya Yuxu Günü 2008-ci il martın 14-də qeyd edilib. Həmin ildən başlayaraq Beynəlxalq Səhiyyə Təşkilatının yuxu və sağlamlıq problemləri üzrə layihəsi çərçivəsində hər il mart ayının ikinci həftəsinin cümə günü qeyd olunur. Bu gün çərçivəsində tədbirlər hər il müəyyən mövzuya həsr edilir.


Yuxu orqanizmin sağlamlığı üçün çox vacibdir. Düzgün yuxu zamanı orqanizm gündüz sərf etdiyi qüvvəsini bərpa edir. Buna görə də sağlam insan gümrah və enerjili şəkildə yuxudan oyanır. Ümumdünya Yuxu Günündə sosial reklamlar fəallaşır, yuxu və onun pozulmasının insan sağlamlığına və bütövlükdə cəmiyyətə təsirləri problemlərinə həsr olunmuş simpoziumlar təşkil olunur. İnsan həyatının üçdə birini yuxuda keçirir. Sübut olunub ki, uzun müddətli yuxusuzluq insanın həyat fəaliyyətinə çox mənfi təsir göstərir. 


Yuxunun cəmi 4 saat itirilməsi insan reaksiyasını 45% aşağı salır. Yaddaş pisləşir, insanda müxtəlif xəstəliklərin əmələ gəlməsinə şərait yaranır. Lakin çox yatmaq da yuxusuzluq qədər zərərlidir. Həkimlər belə hesab edirklər ki, böyüklər üçün ideal yuxu müddəti gündə 7-8 saatdır. 


Bəzi mütəxəssislər belə hesab edirlər ki, qadınlara bir saat artıq yuxu lazımdır, çünki onlar daha emosionaldırlar. Uşaqlar isə gündə 10 saatdan az yatmamalıdırlar. Qoy bu bayram öz yuxumuza, yəni həm də sağlamlığımıza daha da diqqətli olmağımıza əlavə bir səbəb olsun.