Xəbərlər

Bu gün Beynəlxalq Sirk Günüdür

Sirk (lat. Circus – "çevrə" deməkdir) – bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növüdür.

 

Hər il aprel ayının üçüncü şənbə günü qeyd edilən bu bayramın təşəbbüsü Monako şahzadəsi Stefaniyanın prezidenti olduğu Ümumdünya sirk federasiyası tərəfindən 2010-cu ildə irəli sürülüb. Ötən il bu bayram dünyanın 20-dən artıq ölkəsində geniş qeyd edilib.

Həmin gün dünyanın müxtəlif ölkələrindəki sirk həvəskarlarını maraqlı proqramlar, festivallar, əyləncəli küçə yürüşləri və bir çox digər sürprizlər gözləyir. Rusiya dövlət sirk kompaniyası da bu bayramın keçirilməsi təşəbbüsünü yaxından dəstəkləyir.

Sirkin yaranmasının qədim tarixi vardır. Onun kökü antik Romadan başlayır. Keçən zaman ərəfəsində sirk sənəti də inkişaf etmiş və istər xarici görünüşündə (çevik karvan və teatrsəhnələri), istərsə də atraksiyonların aparılmasında (at teatrı, pantomima) müəyyən dəyişikliklərə məruz qalmışdır. Sirk sənəti adətən ailə sülaləsi şəklində mövcud olmuşdur.

Klassik sirkin atası ingilis Filip Astli (1742–1814) sayılır. İllər keçdikcə sirkin inkişafına müxtəllif xalqların təsiri nəticəsində bu və ya digər sahədə öz üstünlüyünə malik milli sirklər yaranmağa başlamışdır. Avropada hələ də közəri halda fəaliyyət gösətərən sirklər mövcud olsa da bir çox Şərq ölkələrində sirk teatrları tikilmiş və burada mütəmadi olaraq öz proqramları ilə çıxış edirlər. Köçəri sirk ustaları avtomobil karvanlarında şəhər-şəhər gəzərək öz sənətləri ilə tamaşaçıları heyran edirlər.

Azərbaycanda milli sirk sənətinin tarixi çox qədimdir. Hələ qədim zamanlardan "Kovkan", "Zorxana" kimi milli xalq oyunlarında, cıdır yarışlarında, kəndirbazların və pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin güc jonqlyorluğu, kəndirbazlıq, akrobatika, cigitlər və digər janrlarının elementləri mövcud olmuşdur. İlk peşəkar sirk – heyvanxana isə Azərbaycanda XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilmişdir. Taxtadan tikilmiş həmin sirk binası az sonra yanır. 1905-ci ildə yeni şəhərin başqa ərazisində sirk binası tikilərək istifadəyə verilmişdir. 1945-ci ildə ilk dəfə olaraq Azərbaycanın milli sirk truppası yaradılmışdır. Truppa yalnız sirk nömrələrindən ibarət olmayıb, tərkibinə estrada və balet artistlərinin çıxışları salınmışdı.

1967-ci ildə Bakı Dövlət Sirkinin memarı E.İsmayılov və F.Leontyev olan hazırkı binası istifadəyə verilmişdir. Həmin dövr üçün texniki imkanlarına görə çox müasir sayılan bina memarlıq baxımından bu gün də əksər dünya sirkləri ilə rəqabət aparmağa qadirdir.