Şeirlər

Sabir Rüstəmxanlı. “Sağ ol, ana dilim”

Yollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol, ana dilim, məni heç yerdə
Köməksiz qoymadın, yalqız qoymadın.

 

Döyüşdə qılınctək sıyrıldı qından,
Başımın üstündə bayrağım oldu.
Torpağım ikiyə bölünən zaman
Bu dil bölünməyən torpağım oldu.

 

Bu dildə sevincim, qəmim, kədərim,
Təzə ümidlərə açılan səhər.
Bu dilin reaktiv təyyarələri
Araz sərhədini qıran kəlmələr.

 

Qapılar dalında qoydular səni,
Haqq dedin, dabandan soydular səni,
Ancaq məhv olmadın, anam, can dilim
Ordular sarsıdan qəhrəman dilim!

 

Ömrüm qırılmazdı, yol qırılsa da,
Səninlə həmişə mən üzüağam.
Bədənim torpağa tapşırılsa da, 
Ruhumu mən sənə tapşıracağam.