Təbiət

Perunun Göyqurşağı Dağları

Yerlilərin “Rəngli Təpə” adını verdiyi Yeddi rəngli və ya Göyqurşağı dağı “Vinikunka” (Rainbow Mountain), əfsanəvi And dağlarının Vilkanot sırasında yerləşir. Bu dağ təbiətin yaratdığı möcüzə sayılır. Dağların üstü müxtəlif: sarı, qırmızı, ağ, mavi, boz, narıncı rənglərlə örtülüb. 

 

Müxtəlif mineralların minillərlə qatmaqlar əmələ gətirməsi ilə meydana gələn göyqurşağı dağı rəngarəngliyi ilə hamını heyran qoyur. Yer üzündə tayı bərabəri olmayan göyqurşağı dağını görmək üçün turistlər buraya axın edirlər. Hündürlüyü 6 300 metr olan dağa turistləri yerli camaat aparır.


Peruda rəngli dağların mövcudluğu son zamanlar aşkar edilib. Yerli sakinlərin fikrincə, dağların örtülü olduğu qar qatı qlobal istiləşmənin təsiri altında əriyərək bu görünüşün əmələ gəlməsinə səbəb olub. 


2016-cı ildən başlayaraq turist qəbul edən dağ, hal-hazırda ziyarətçilərin, hətta elm adamlarının axın etdiyi ən məşhur yerlərdən biridir.
Alimlərin fikrincə, milyonlarla il əvvəl bu dağ vadisi tamamilə su ilə örtülü göl olub. Bura müxtəlif çaylar, bulaqlar tökülüb. Həmin axınların gölə gətirdiyi çöküntü, daşların və suyun dibinə çöküb, müxtəlif qat maddələr sayəsində heterojen tərkibli bir alt təbəqə yaranıb. 

 

70 milyon il əvvəl iqlim dəyişikliyi səbəbiylə göl qurumağa başlayıb, çöküntü daşlar günəş və külək təsirinə məruz qalıb. Bu amillərin təsiri altında, alt qayaların bir hissəsi oksidləşərək rəngini dəyişdirib. Dağların formalaşma prosesinin intensivləşməsi nəticəsində rəngli-çalarlı təpələr meydana gəlib.


Maraqlıdır ki, günün vaxtı və işıqlanma dərəcəsindən asılı olaraq, dağların çalarları çox dəyişir. Ən parlaq və rəngli çalarları ilk günəş şüalarında müşahidə etmək olar. Ən parlaq çalarlar iyul-sentyabr aylarında müşahidə olunur.