Nağıllar, hekayələr

Zahid Xəlil. "Ballı və vız-vız"

Ballı adında arı ilə Vız-vız adında milçək dostluq edirdilər. Onlar hər gün çəmənlikdə görüşür, hərə öz işi ilə məşğul olurdu. Ballı çiçəklərdən şirə çəkir, Vız-vız isə hara gəldi qonur, nə gəldi yeyirdi.

 

Bir yay axşamı Vız-vız öz dostunu milçəklər ölkəsinə dəvət etdi. Burada ağız deyəni qulaq eşitmirdi. Milçəklər yemək görən kimi bir-birinə imkan vermədən irəli cumurdular. Elə milçək vardı ki, yeməkdən şişib dozanqurdu boyda olmuşdu. Eləsi də vardı ki, acından qanadlarını belə tərpədə bilmirdi. Hamısının da qaşqabağı yerlə gedirdi.

– Bu necə yaşayışdır? – deyə Ballı dilləndi. – Bu qarmaqarışıqlıqda yaşamaq olar? Sizin ölkənizdə nə ədalət var, nə qayda-qanun. İndi gəl gedək bizim evə.

 

Ballı Vız-vızı öz ailəsinə qonaq apardı. Burada ana arı pətəyin ortasında əyləşib hamıya göz qoyurdu. Onun sözü arılar üçün qanun idi. Ana arı hamıyla ədalətlə davranırdı. Pətəyin qarşısında qarovulçu arılar dayanmışdı. Onlar çəmənlik dən qayıdanları bir-bir yoxlayıb pətəyə buraxırdılar. Şirə gətirməyənləri geri qaytarırdılar.

 

İşçi arılar mumdan pətək hörmüşdülər. Onlar həvəslə işləyirdilər. Heç kəs bir-birinin yeməyinə şərik çıxmırdı.

 

Bütün arılar çox şən və firavan görünürdülər.

– Bu qədər işin qabağında siz necə də xoşbəxtsiniz, – deyə Vız-vız dilləndi.

– Ədalət, nizam-intizam olan yerdə hamı xoşbəxt olur və işləməkdən həzz alır.

 

Vız-vız arıların xoşbəxtliyinin səbəbini başa düşdü. Onu da başa düşdü ki, milçəklər heç zaman xoşbəxt ola bilməyəcək.