Xəbərlər

Pilot layihə çərçivəsində məktəblilərə süd paylanılmasına başlanılıb

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 1.3.6-cı yarımbəndində sağlam qidalanmanın təşviq edilməsi nəzərdə tutulub. Həmin yarımbəndin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Təhsil Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Səhiyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Həmin işçi qrup tərəfindən “Məktəblilər üçün süd” pilot layihəsi hazırlanıb.

 

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihənin əsas hədəf dairəsi ibtidai siniflərdə təhsil alan şagirdlərdir. Layihənin həyata keçirilməsi üçün pilot ərazi olaraq paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsi 305 nömrəli məktəb, Qaradağ rayonunun Qobu-1 yaşayış massivində yerləşən məcburi köçkünlər üçün tikilmiş 29 və 32 nömrəli məktəblər nəzərdə tutulub.

 

Layihənin icrası zamanı şagirdlərə Azərbaycanda qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə cavab verən, ölkə daxilində istehsal edilən çiy süddən termiki emal edilərək hazırlanmış süd verilməsi planlaşdırılıb.

 

Südə qarşı həssaslığı olan şagirdlərin layihədən kənar tutulması məqsədilə sorğu anketləri hazırlanıb və doldurulması məqsədilə valideynlərə təqdim edilib. Sorğu anketlərinin nəticələrinə əsasən valideynlər tərəfindən razılıq verilən şagirdlərə süd paylanılıb.