Xəbərlər

Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi II Diplomatik Bal keçirib

“Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi (World Wide Diplomacy) tərəfindən diplomatik etiket ənənələrinə həsr olunmuş II Diplomatik Bal keçirilib. 

 

Balda mərkəzin üzvləri olan Bakı Avropa Liseyinin IV-VII sinif şagirdləri, onların valideynləri və müəllimləri iştirak ediblər.

 

II Diplomatik Balın iştirakçıları və qonaqlarını Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova salamlayıb. O, liseyin  bu yeni ənənəsinin kökləri barədə məlumat verib və tədbirin uşaqlar üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, onlar erkən yaşlarından balda iştirak üçün vacib olan yüksək davranış qaydaları və rəqs vərdişləri ilə tanışdırlar. 

 

Azərbaycan və rus dillərində hazırlanan bal Ziyafət ustası və Bal sahibəsi tərəfindən idarə olunub. 

 

Tədbirin proqramı klassik Vyana balının protokoluna ciddi şəkildə uyğunlaşdırılıb: “polonez”dən başlayaraq fiqurlu valsadək bal rəqslərinin vacib siyahısı və “dress code”a ciddi riayət. 

 

Kübar tədbirdə iştirak edən məktəblilər beynəlxalq ənənəyə uyğun olaraq, “debütant” statusunda və müvafiq olaraq bayramın əsas fiqurantı idilər.

 

Balın orijinal formatı tarixi geyimlərin və pavana, menuet və digər orta əsr rəqslərinin tamaşaçılar tərəfindən dəyərləndirilməsinə şərait yaradıb. 

 

Tədbirdə qonaq qismində liseyin şagirdləri, “Zima” uşaq estrada mahnı festivalının iştirakçıları Züleyxa Məmmədzadə və Aylin Zeynalova öz ifalarını səsləndiriblər.

 

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan I Diplomatik Bal keçən il ADA Universitetində keçirilib.