Xəbərlər

Məktəblilər Azərbaycan xanlıqlarına həsr olunan tədbir təşkil ediblər

Bakı, 1 mart, AZƏRTAC
 
Fevralın 28-də Bakı şəhəri Xətayi rayonun 86 saylı məktəbdə Azərbaycan xanlıqlarının yaranması tarixinə həsr olunan tədbir keçirilib. Yuxarı sinif şagirdləri tədbirin qonaqlarına Azərbaycanın tarixi keçmişinə rəngarəng ekskurs təqdim edib. Tamaşaçılara Azərbaycan ərazisində xanlıqların yaranması tarixi və onların baniləri barədə məlumat verilib.
 
Qarabağ, Şəki, Gəncə, Şamaxı, Quba, Bakı, Dərbənd, Lənkəran, Naxçıvan və Azərbaycanın digər xanlıqları ayrı-ayrı rəngarəng və maraqlı stendlə təqdim olunub.
 
Şagirdlər qonaqlara “Rusiya çarı I Aleksandrın Gəncə xanı Cavad xana məktubu” adlı səhnəcik nümayiş etdirib.
 
Qonaqlar milli rəqsləri ifa edən 8-ci sinif şagirdlərini fərəh hissi ilə qarşılayıb.
 
Tədbir Azərbaycan xalq musiqisini sazda ifa edən 6-cı sinif şagirdi Hüseyn Ağayevin çıxışı ilə başa çatıb.